AXCP sədri Əli Kərimli İraqın Mosul şəhərində Türkiyə baş konsulluğunun əməkdaşları da daxil olmaqla türk vətəndaşlarının terrorçu qruplar tərəfindən girov götürülməsinə münasibət bildirib. Modern.az xəbər verir ki, AXCP lideri bununla bağlı özünün facebook səhifəsində bunları yazıb:
“Bu gecə Türkiyə yatmayacaq. 14 nəfəri diplomat olmaqla 80 nəfərdən artıq Türkiyə vətəndaşı girov götürülüb. İraq türkmənlərinin Mosul şəhəri işğal olunub. Suriyada vuruşan silahlı dəstələrdən biri -İŞİD İraq ərazisinə daxil olub. İraq ordusu ölkənin şimal bölgələrini müdafiə edə bilməyib. İraqın bir çox bölgələri, o cümlədən Mosul şəhəri silahlılar tərəfindən ələ keçirilib. Mosuldakı Türkiyə konsulu, digər diplomatlar, sadə görəvlilər, cəmi 80 nəfərdən artıq adam da Mosulun ələ keçirilməsindən sonra saxlanılıb. Şəhəri 100 minlərlə insan tərk edir. Türkiyənin dövlət rəhbərliyi prezidentin yanında toplanıb, Türkiyənin istəyi ilə NATO-nun fövqəladə toplantısı keçiriləcək.Türkiyə yenidən sınağa çəkilir. Türkiyənin bu böhrandan güclənərək çıxacağına ümüd edirəm. Dualarımız girov götürülmüş Türkiyə vətəndaşları və İraq Türkmənləri ilədir”.
Modern.az