Modern.az

«Azərbaycan» haqqında bilmədiklərimiz - V yazı

«Azərbaycan» haqqında bilmədiklərimiz - V yazı

12 İyun 2014, 11:25

AMEA Fəlsəfə, Sosiologiya  Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru 

Azərbaycan anlayışının tamamilə açılmasında Qafqaz, Xəzər, Kaspi, Qazax və s. istilahlar mühüm yer tutur. Uzun müddət özünün əsil mənasından uzaq salınan Qafqaz anlayışını Azərbaycan anlayışı ilə bağlayan qaz hissəsidir. Yunan tarixçisi Herodot «Tarix» əsərində Qafqaz adını çəkmiş, Eratosfen isə Qafqaz adını Kaspios kimi işlətmişdir. Azərbaycan sözündəki az hissəsi ilə də bağlı olan Qafqaz anlayışına nəzər yetirəndə görürük ki, burada çox yaxınlıq var. Əgər Qafqaz məfhumunda Qaz tayfasının adı sözün ikinci hissəsi kimi verilərək, qazların yurdu, vətəni, dağı (kapı) deməkdirsə, Azərbaycan anlayışınında az sözün əvvəlində gələrək, (q)azların, az ərlərin varlı ölkəsi mənasını verir. Türk soyları arasında isə Az(s) xalqının olması isə artıq heç kəsdə şübhə doğurmur.

«Azərbaycan» sözündəki «az»la bağlı anlayışlarından biri də Kaspidir. Bu toponim özündə Qafqaz Albaniyasında yaşamış ən qədim, bəlkə də birinci olan kaspi tayfasının, daha doğrusu kaz/kasların adını əks etdirir. Bu baxımdan Xəzər, Kaspi və Azərbaycan sözləri birköklü, birmənalıdır və etnonim kimi «türk» anlayışı ilə bağıldır. Belə ki, «Xəzər», «Kaspi» və «Azər» anlayışlarının kökündə «az//qaz» tayfasının adı öz əksini tapmışdır.

Ərəb, fars və başqa Şərq mənbə­lə­rin­də erkən orta əsrlədən başlayaraq qazların, az ərlərin və xəz ərlərin də sahilində yerləşdiyi dəniz Xəzər, ölkə isə Xə­zər­lər və yaxud Azərbaycan adlandırılmağa başlanmışdır. De­məli, Xəzər adı «Azərbaycan»a aid bir istilah olmuş və onun ilkin, qədim formasıdır. Bu mənada «Azərbaycan» sözünün ilk, ən qədim forması «At­ro­patena» yox «Xəzər», «Xəzran», indiki anlamda «Xəzə­ris­tan» olmuşdur.

Fikrimizcə, «Aran»//«Arran», «Araz//Aras//Əras» sözü də «Xəzər»//«Xəzr­an», eyni zamanda «Azər», «Azərbay­can»la bağlıdır. Belə ki, birmənalı şəkildə türk sözü olan «Aran» türk tayfalarından birinin adıdır və «ərlər», «ərlər ölkəsi» mənasını verir. Yəni «Xəzran» xəzərlər-xəzərlər ölkəsi, «Aran» isə ərlər-ərlər ölkəsi deməkdir. Şübhəsiz, «Aran»dakı «ar//ər» məhz «azər» və «xəzər»dəki «ər» hissəsi ilə bağlıdır.

Xəzərdən sonra yaranmış ölkənin adı da Albaniya yox, Aran olmuş, ərəb mənbələri də daha dəqiq göstərərək Şimali Azərbaycanı «Arran», «Ərran» kimi yad etmişlər. Maraqlıdır ki, ərəblər Albaniyanın-Aranın varlığına tamamilə son qoyduqdan dərhal sonra (705-ci il) Şimali Azərbaycanı «Arran» adlan­dırmış, hətta «Arran» əmirliyi də yaratmışdır. Deməli, Şimali Azərbaycanı yalnız yunan-romalılar Albaniya adlan­dırıblar, ərəb mənbələri isə bu ərazini Ran (ər-Ran) və Arran kimi tanıyıblar.

Deməli, Azərbaycan xalqının qə­dim dövr tarixi yenidən araşdırılmalı, özəlliklə Atropatena və Albaniya adı ilə öyrəndiyimiz dövlətlərin həm adları, həm əhalisi, dili və s. məsələlər ciddi şəkildə tədqiqat ob­yektinə çevrilməlidir. Çünki, indiyə qədər bizə Atro­pa­te­na (Strabon və ondan sonrakı müəlliflərin mülahizələri əsa­sında) adı ilə öyrədilən dövlət Xə­zər//Xəzəristan// Xəzran//Kaspiana olmuş və bu dövlətin əsas, aparıcı əhalisi isə türk soylu etnoslar – az­lar//kas­lar//xəzərlər olmuşdur. Eləcə də yunan və roma mütə­fək­kirləri tərəfindən «Alban//Albaniya» kimi qeyd olunan dövlətin ilk, doğma və yerli adı Aran olmuş və bu günə qədər Şimali Azərbaycan həm «Azərbaycan», həm «Xəzər», həm də «Aran» adı ilə anılmışdır.

Ola bilsin ki, «Aran» sözü hansısa formada – «ərlər», «cəsurlar» və s. «Alban» anlayışına yaxın olmuş və bu mə­na­da avropalılar «Aran»ı «Alban» kimi qeyd ediblər. Bütün hallarda «alban» ölkə və millət adı kimi qəti şəkildə formalaşa bilməmiş, ona görə də yunan-roma­lılardan fərqli olaraq başqa qaynaqlar (suriya, ərəb, fars və b.) buranı ilk, yerli adı ilə Aran//Arran, Aranda ya­şa­yan əhalinin dilini isə Aran//Arran dili kimi yad etmişlər. Bir sözlə, Aran dövləti və Aran dili birinci Xəzər dövlətinin süqutundan sonra meydana çıxmış, ikinci Xəzər dövlətinin yaranması ilə (VII əsr) yenidən öz yerini və mövqeyini onlara təhvil verməli olmuşdur. Çox güman ki, «Albaniya» və «alban xalqı» adlanan Aran dövlətinin süqutunda hakimiyyətdə olan türk sülalələrinin (aranlar, massagetlər və b.) sonralar qeyri-türk sülalələrlə (mehranilər və b.) əvəz olunması da mühüm rol oynamışdır. Ümumilikdə, Arran və Xəzər dövlətləri ara­sın­da soykök, mədəniyyət, dil, din və dövlətçilik bağlarının ol­masına inanırıq.


«Azərbaycan» anlayışındakı «bay» hisəssi isə birmənalı şəkildə bu günə qədər də əksər türk tayfalarının işlətdiyi bəy/bay sözü ilə bağlıdır. «Bay» varlılıq, bolluq, eləcə də alilik, yüksəkliyi bildirməklə yanaşı, hətta tanrının adların­dan biridir. «Azər­baycan» sözünün sonuncu hissəsi olan «can//qan//an» isə yer, ölkə deməkdir, yaxud da cəm şəkilçini bildirir. Deməli, «Azərbaycan» as ərlərin, ağ türk­lərin, oğuz bəylərin, xəzər bəylərin yaşadığı bəylər ölkəsi mənasını verir.

«Azərbaycan» anlayışının nə hərfi, nə də et­nik mənada Atropatena ilə heç bir bağlılığı yoxdur. «Azər­baycan» sözü «Atropatena»nın nə fonetik, nə semantik, nə də başqa bir dəyişikliyi ola bilməz. Bütün mənalarda «Azər­baycan» anlayışı Atropatena deyil, Qafqaz, Xəzər, Oğuz və b. bütövlükdə «türk» anlayışı, türk etnoslarının adı ilə bağlıdır. Yunan-romalılar Atropatla bağlı, bu ərazini Atropatena adlandırıbsa, farslar da həmin adın farsdilli yozumu baxımından buranı «odun sahibi» mənasında, «odlar yurdu», yaxud da «Atropatın ölkəsi» kimi qələmə veriblərsə, bu heç də indi Azərbaycan adlanan dövlətin türk ölkəsi olmaması demək deyildir.

Sovet dövründə bəzi yerli və əcnəbi tarixçilər tərəfindən «türk» və «Azərbaycan» sözlərilə, bu anlayışlarla az və ya çox dərəcədə əlaqəli olan «az», «qafqaz», «aran-al­ban», «xəzər», «azəri» və s. kimi məfhumlarla bağlı elə do­la­şıqlıqlar, düyünlər salınıb ki, bu məsələlər indiyə qədər də həllini tapmamış kimi görünür. Əslində bu dolaşıqlıqların, ziddiyyətlərin yaranmasında vaxtilə, xüsusilə SSRİ döv­rün­də marağı olan xarici və bəzi daxili qüvvələr mövcud olmuş və indi də mövcuddur. Onlar bu gün də Azərbaycan Res­publikasında çoxluq təşkil edən türk millətini danmaq yolu tutublar. Bunun da nəticəsində bu gün yetişməkdə olan türk gəncliyi (fikrimizcə, bu gün azsaylı etnik qruplar etnik mənşələrini dərk etməkdə Azər­baycan türkləri qədər əziyyət çəkmirlər) müəyyən mənada millətinin «türk», «azərbay­can­lı», «azəri», «alban», «qafqazlı», hətta «müsəlman» olub-ol­ma­ması ilə bağlı dəqiq bir fikrə gələ bilmirlər. Daha doğrusu, böyüdüyü ailədən, yetişdiyi və düşdüyü mühitdən, təhsil aldığı müəllimlərindən və başqa təsirlərdən asılı olaraq, bu məsələni sanki həll edirlər: bəziləri özünü türk, yaxud «müsəlman», digərləri «azərbaycanlı» və yaxud «azəri» və s. hesab edirlər. Beləliklə, bu problem həll edilməmiş qalır.

Özəlliklə «türk», «Azərbaycan» anlayışları milli mənəvi dəyər kimi yalnız tarixi baxımdan yeni yetişən nəsilə quru faktlarla çatdırılmamalıdır, həmçinin bu anlayışların elmi, fəlsəfi, siyasi, etnik və ideoloji mənaları izah olunmalıdır. Burada məqsəd hansısa şəxsi, qrup, partiya və hakimiyyət maraqlarına görə, yeri gələndə türk, azərbaycanlı, azəri, alban və yaxud da müsəlman olmaq deyil, Azərbaycan adlı məmləkətdə yaşayan əsas millətin soykökü, dili, mədə­niyyəti, tarixi və s. məsələsini birdəfəlik həll edib, onu yalnız öz adı ilə adlandırmaq olmalıdır. Fikrimizcə, bu gün dili­mizin – Azərbaycan dili, türkdilli azərbaycan dili, türk dili, Azərbaycan (türk) dili, türk (Azərbaycan) dili, azəri dili, Azərbaycan türkcəsi, eləcə də millətimizin – türk, azər­bay­can­lı, azəri, müsəlman, qafqazdilli alban, Azər­baycan türkü, Azər­baycan milləti, farsdilli midiyalı (guya indi türk dillərindən birində danışan azərbaycanlı), türkdilli azərbay­canlı (bu zaman məlum olmur ki, ümumiyyətlə etnik baxım­dan hansı millət – türkdilli türklərmi?!, qafqaz­dilli alban­larmı, farsdilli midiyalılar-farslarmı və b. nəzərdə tutulur?) və s. müxtəlif adlarla öz əksini tapması insanların şüurunda qarmaqarşıqlıq, xaos yaradır.

Fikrimizcə, hər bir Azərbaycan vətəndaşı öz milli mənşəyini, danış­dı­ğı dilin adını dəqiq bilməli və məxsus olduğu millətin keçmi­şi­nə aid olan nə varsa ona sahib çıxmalı, gələcəyə inamla bax­ma­lıdır. Hər bir Azərbaycan vətəndaşı, ailəsi, dəqiq və kon­kret şəkildə bilməlidir ki, onun ailəsində böyüyən uşaqlara han­sı milli ruh, mədəniyyət, tarix, adət-ənənələr və s. öyrədilməlidir.

Bu gün, milli mənsubiyyət məsələsində Konstitusiyaya əsasən əsas vurğu «Azər­bay­can» üzərində qoyulur: Azərbay­can milləti, Azərbaycan xalqı, Azərbaycan dili, Dün­ya Azər­bycanlıları və s. Konstitusiya baxımından bu məsələ qəti şə­kil­də həll edil­miş kimi göstərilir və bu sahədə yeni-yeni ki­tab­lar işıq üzü görür, kütləvi elektron və informasiya va­si­tə­lə­rin­də yüzlərlə fikirlər səslənir, məqalələr yazılır. Ancaq ma­raq­lı­dır ki, «Azərbaycan xalqı», «Azərbaycanlı», «Azərbaycan dili» və s. bu kimi anlayışları təbliğ edənlər bir çox məsə­lələ­rin həllində çətinlik çəkərkən «türk» amilinə üz tutur və bun­dan da istifadə edirlər. Əlbəttə, azərbaycanlı olaraq da türk olmaq mümkündür. Lakin ölkə daxilində eyni kökə, dilə, mədəniyyətə malik olan və çoxluq təşkil edən millət iki, üç və daha çox adla adlandırılırsa (azərbaycanlı, azəri, türk və b.), ən azı bunun, yalnız siyasi və tarixi mənada deyil, həm də elmi, fəlsəfi və ideoloji izahları olmalıdır. Azərbay­canın tarixini öyrənən yeni nəsil mövcud akademik nəşrlərdə Azər­bay­can milləti, Azərbaycan dili, Azərbaycan dövləti və s. kimi anlayışları görmürsə, yalnız vaxtilə və indi Azərbaycan adlanan ərazilərdə türk tayfaların­dan, türk dövlət­lər­in­dən, eləcə də Mannadan, Albaniyadan, Atropatenadan və digərlə­rin­­dən söhbət gedirsə, bu qarışıq və dolaşıq tarixin içindən necə baş çıxara bilər? Azərbaycan tarixi­nə, fəlsəfəsinə, ədə­biy­yatına, mədəniyyətinə və s. dair yazılmış kitabların müəl­lif­ləri «türk», «Azərbaycan», «Alba­niya», «Atropatena» və b. məfhumların izahın­da va­hid konsepsiyadan çıxış edə bilmirsə, yeni nəsil hansı formada öz keçmişinə sahib çı­­xıb, hansı ideya və ya ideyalar əsasında bu gününü və gələ­cə­yini müəyyənləşdirə bilər?

Milli ideologiya elə milli mənəvi dəyərlərə, ideyalara və obyektiv, dəqiq prinsiplərə əsaslanmalıdır ki, onu heç bir za­man dəyişdirmək mümkün olmasın. Milli ideologiya bü­tün hakimiyyətlərdən, şəxsiyyətlərdən, partiyalardan və b. maraqlardan üstün tutulmalıdır. Yalnız bu halda milli ideo­logiya sağlam şəkildə formalaşdırıla bilər. Bir sözlə, SSRİ dövründə «türk», «Azərbaycan» və b. anlayışlara verilən sax­ta elmi izahlardan biryolluq əl çəkib, XX əsrin əvvəl­lə­rin­də, xüsusilə 1918-1920-ci ildə təməli qoyulub, 1920-ci il ap­rel işğalından başlamış 1937-ci illərədək bu və ya digər for­­ma­da yaşadılan milli ideyalara üz tutmalıyıq. Əgər hə­min dövr­də yaradılmış, hətta SSRİ işğalının ilk illərində belə öz mənasını qoruyub saxlamış milli ideyaları dərindən mənim­səsək, görərik ki, bu gün yeni hər hansı bir ideologiya ya­rat­mağa ehtiyac yoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu