Modern.az

“İŞİD-in tərkibində 100-dən çox azərbaycanlı vuruşur” - AÇIQLAMA

“İŞİD-in tərkibində 100-dən çox azərbaycanlı vuruşur” - AÇIQLAMA

12 İyun 2014, 15:01

“İraq Şam İslam Dövləti çox təhlükəli radikal dini qruplaşmadır. Yəqin ki, həmin təşkilat müəyyən dövlətlərdən maliyyə dəstəyi alır. Suriyada fəallaşan bu qruplaşmanın fəaliyyətini əsasən İraqın kürdlər yaşayan bölgəsinə keçirməsi göstərir ki, həmin təşkilat kifayət qədər güclüdür və bölgədə geosiyasi vəziyyəti dəyişməyə ciddi surətdə qadirdir”.

Bunu Modern.az saytına politoloq Qabil Hüseynli İraq Şam İslam Dövləti (İŞİD) adlı terrorçu qruplaşmanın təhlükələrindən danışarkən deyib.

“Mosuldakı Türkiyə konsulluğunun əməkdaşlarının qaçırılması siyasi böhran yaradıb”

Qabil Hüseynlinin sözlərinə görə İŞİD-in Mosuldakı Türkiyə konsulluğunun əməkdaşlarını  qaçırması siyasi böhran yaradıb. Ekspert hesab edir ki, NATO-nun bu məqsədlə toplantı keçirməsi prinsipial əhəmiyyətə malikdir. Politoloq bildirib ki, NATO-ya üzv ölkələr Suriyada və İraqdakı özbaşınalıqları görür.

“Suriyada problemlərin həll edilməmiş qalması, İraqdan ABŞ qoşunlarının tələm-tələsik çıxarılması burada islam fundamentalizmi, eləcə də digər islam təriqətlərinin yayılmasına və onların silahlı münaqişələr törətməsinə səbəb olur. ABŞ başda olmaqla Qərbin yaratdığı boşluqları islamçı yaraqlılar doldururlar. Bunların idarə edilməsi demək olar ki, mümkünsüz görünür”.

Analitik deyir ki, İraqda və Suriyada baş verən hadisələrə qarşı müəyyən güclərin kollektiv hərəkəti gündəmə gələ bilər. Q. Hüseynli güman edir ki, ən azından NATO Türkiyə ilə birlikdə bölgədə sabitlik yaratmaq məqsədilə girovda olan diplomatları azad edəcək.

“Azərbaycandan oraya gedənlərin sayı azalmır”

Q. Hüseynli İŞİD-in uzantılarının Azərbaycana da gəlib çıxacağına dair ehtimallar səsləndirib. “İŞİD-in tərkibində 100-dən çox azərbaycanlı vuruşur. Onların yazışmaları, telefon danışıqları mətbuata sızdırılmışdı. Onlar dindarları “kafirlərə qarşı” vuruşmaq adı ilə həm Suriyaya, həm də İraqa dəvət edirlər. Bu təhlükəli tendensiyadır. Azərbaycandakı bəzi radikal dindar qüvvələrlə onların ciddi əlaqələri var. Azərbaycandan oraya gedənlərin sayı azalmır. Bu, ciddi həyəcan yaradan amillərdəndir. Bu təhlükə ilə əlaqədar olaraq formalaşdırılacaq beynəlxalq koalisiyanın yaradılmasına ehtiyac var. Çox güman ki, Azərbaycandan da məhdud sayda kontingent həmin koalisiyaya daxil edilə bilər”.

Qeyd edək ki, İŞİD yaraqlıları Türkiyənin Mosuldakı baş konsulu da daxil olmaqla diplomatları girov götürüblər.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu