Cəmil Çiçək: “Son günlər baş verən hadisələrdən dərin narahatlıq duyuruq və yaranmış problemlərin sülh yolu ilə çözülməsini, türk diplomatları və türk vətəndaşlarının qeyd-şərtsiz azadlığa buraxılmasını istəyirik”.
Modern.az xəbər verir ki, bunu TürkPA-nın Bakıda keçiriləcək ikinci plenar iclası çərçivəsində reallaşan TÜRK PA dövlətləri parlament sədrlərinin Assambleya Şurasının toplantısında sözügedən quruma sədrlik edən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək dilə gətirib.
Daha sonra C.Çiçək İraqın Mosul şəhərində “İraq Şam İslam Dövləti” (İŞİD) yaraqlıları tərəfindən Türkiyə baş konsulluğunun binasının ələ keçirilməsi və bu zaman baş konsul başda olmaqla 49 Türkiyə vətəndaşının həbsi ilə bağlı məlum olayları qınayan kəskin bəyanatla çıxış edib. Onun sözlərinə görə, İŞİD yaraqlıları Mosul elektrik stansiyasında işləyən daha 31 türk vətəndaşını həbs edərək naməlum səmtə aparmaqla böyük qanunsuzluğa yol veriblər.
C.Çiçək deyib ki, Türkiyə dövləti İraqın Mosul şəhəri və digər bölgələrində son günlər baş verən hadisələrdən dərin narahatlığını bildirir və yaranmış problemlərin sülh yolu ilə çözülməsini , türk diplomatları və türk vətəndaşlarının qeyd-şərtsiz azadlığa buraxılmasını istəyir.
TBMM sədri İraqda baş verən hadisələrlə əlaqədar dünya birliyini terrora qarşı birlikdə mübarizə çağırıb. Lakin terrora qarşı mübarizə məsələsində dünya birliyinin gözlənilən reaksiya vermədiyini və narahatlıq doğuran hadisələrə etinasız qaldığını ifadə edib.
Gültəkin ƏLƏSGƏR