Modern.az

Qarabağla bağlı aparılan monitorinqin nəticələri açıqlandı

Qarabağla bağlı aparılan monitorinqin nəticələri açıqlandı

13 İyun 2014, 09:45

Milli Məclisin deputatı, Mətbuat Şurasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Cavanşir Feyziyevin rəhbərliyi  ilə mətbuatda Dağlıq Qarabağ münaqişəsi haqqında yer alan yazıların monitorinqi davam etdirilir.

Martın 1-dən start verilən layihə çərçivəsində may ayı ərzində ölkənin 17 qəzet və 21 onlayn media orqanı monitorinqə cəlb olunub.

Monitorinq çərçivəsində qəzetlərin və onlayn medianın Dağlıq Qarabağ münaqişəsinə necə yer ayırması öyrənilib. May ayının yekunlarına əsasən, monitorinq olunan mətbuat orqanlarında ümumilikdə Qarabağ problemi ilə bağlı 2891 məqalə dərc olunub.

Yazılardan 2255-i (78 faiz) online mediada, 636-i (22 faiz) isə yazılı mətbuatda dərc olunub.

Mart və aprel ayları ilə müqayisədə həm yazılı, həm də online mediada münaqişə ilə bağlı xəbərlərin sayının artdığı müşahidə edilib.

Belə ki, mart ayında mətbuat orqanlarında Dağlıq Qarabağ münaqişəsi haqqında 1048 məqalə dərc olunmuş, yazılardan 840-ı (80,2 faiz) online mediada, 208-i (19,8 faiz) isə yazılı mətbuatda yer almışdı.

Apreldə isə monitorinq olunan mətbuat orqanlarında Dağlıq Qarabağ münaqişəsi haqqında 2254 məqalə dərc olunmuşdu. Yazılardan 1643-ü (72,9 faiz) online mediada, 611-i (27,1) isə yazılı mətbuatda işıq üzü görmüşdü.

Mayda monitorinq olunan qəzetlərdən mövzu ilə bağlı ən çox məqalə dərc edən “Azadlıq”(62 məqalə), «Yeni Müsavat» (59 məqalə), “525-ci qəzet” (58 məqalə) olub.

Xatırladaq ki, aprel ayında ilk üçlükdə «Yeni Müsavat» (56 məqalə), “Yeni Azərbaycan” (56 məqalə) və “Üç nöqtə” (55 məqalə) qəzetləri qərarlaşmışdı.

Ən az məqalə isə rus dilində nəşr edilən “Exo” (8 məqalə) və “Bakinskiy raboçiy” (2 məqalə) qəzetlərində yerləşdirilib.

Online mediada isə ilk üçlükdə APA, Trend, AzərTAc liderlik edib.

Bu informasiya agentliklərində müvafiq olaraq 195, 193, 191 xəbər yer alıb.

Aprel ayındakı üçlük isə AzərTAc, (184 xəbər), Musavat.com (151 xəbər), və Trend.az (131 xəbər) saytları idi.

May ayı ərzində online mediada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən az xəbəri aznews.az, mediadforum.az və newstimes.az saytları yayıb.

Ötən ay isə sondan başlanan siyahını virtualaz.org, Turan İA və newstimes.az saytları qapayırdı.

Monitorinq çərçivəsində mətbuatın Dağlıq Qarabağ münaqişəsinə hansı aspektdən yanaşmasına da diqqət yetirilib.

Məlum olub ki, mətbuatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan məqalələrin 31 faizi atəşkəsin pozulması ilə bağlı olub.

İkinci diqqətdə olan mövzu Şuşanın işğalının ildönümü mövzusu olub.

Mətbuatdakı məqalələrin 18,0% -i bu mövzuya həsr edilib.

Laçının işğalının ildönümü mövzusu (16,0%), Minsk qrupu və digər beynəlxalq qurumların fəaliyyəti (11,0%), Xocalı soyqırımı (9.0%), ABŞ səfiri Riçard Morninqstarın atəşkəs rejiminin pozulmasına münasibəti (5,0%) də mətbuatın diqqət mərkəzində saxladığı mövzular olub.

Monitorinq zamanı yazıların janra görə da təsnifatı aparılıb. Bu zaman münaqişə barədə ən çox məqalə dərc edən 2 qəzetin – “Azadlıq” və “Yeni Müsavat”ın məqalələri əsas götürülüb.

Məlum olub ki, “Azadlıq” qəzetində yerləşdirilən məqalələrin 46 faizi xəbər olub.

Məqalələrin 33 faizi analitik-araşdırma, 11 faizi köşə, 10 faizi müsahibə janrında olub.

“Yeni Müsavat” qəzetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yer alan məqalələrin 52 faizi xəbər janrında olub.

Məqalələrin 35 faizi analitik-araşdırma, 7 faizi köşələr, 6 faizi müsahibələr olub.  

Monitorinq növbəti aylarda davam etdiriləcək və mətbuatın Qarabağ mövzusuna yanaşmasındakı dəyişikliklər diqqətdə saxlanılacaq.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu