Modern.az

Azərbaycanda eynicinslilərin nikahına qarşı bəyanat verildi

Azərbaycanda eynicinslilərin nikahına qarşı bəyanat verildi

13 İyun 2014, 15:29


Bəlli olduğu kimi, Böyük Britaniya və Şimalı İrlandiya krallığı bir neçə dövlətlərdə olan səfirliklərinə, o cümlədən,  Azərbaycandakı səfirliyinə 03.06.2014 ildən etibarən  eyni cinsdən olan adamların nigahının rəsmiləşdirilməsinə  təlimat verib.  Əfsuslar olsun ki, bu “şərəfə” nail olan ölkələr arasında  Azərbaycan yeganə müsəlman dövlətdir.

“Acınacaqlı  faktdır ki, bu kimi təlimatlar  Azərbaycanda rəsmilərin icazəsi olmadan baş verə bilməzdi”. Bunu “Vətən” Siyasi bloku öz bəyanatında bildirib.

Bəyanatda qeyd edilib ki, imperialist-müstəmləkəçi qüvvələrin önəmli üzvü olan, müxtəlif məmləkətləri əsirlər boyu  talayıb cökdürmək üzrə “ixtisaslanmış”, İslama qarşı müntəzəm olaraq “səlib yürüşlərdə” aktiv iştirak edən Böyük Britaniyanın  məhz Azərbaycanda öz səfirliyinə  “Yaradan tərəfindən lənətlənmiş əməllərə”  təlimat verməsi təsadüfi  deyil.  

“Belə ki, Vətənimizin təbii sərvətlərini mənimsəməkdən, ərazi bütövlüyümüzü  BMT-də  səsvermə zamanı rəsmən tanımayıb torpaqlarımızı təcavüzkar Ermənistanın xeyirinə rəsmiləşdirməyə cəhddən sonra, artıq hədəfdə  dinimiz və adət-ənənələrimizdir. Təsadüfi deyil ki, Böyük Britaniyanın keçmiş xarici işlər naziri, Britaniya parlamentinin  üzvü Kris Brayant bu təlimata dəstək verərək bəyan edib ki, “Britaniya Xarici İşlər Nazirliyinin  fəaliyyətinin bir qismi Britaniya dəyərlərinin eksportunu təşkil etməkdir””.   

“Vətən” Siyasi Bloku bəyan edir ki, Böyük Britaniya dövlətinin bu qərarı digər dövlətlərin, o cümlədən Azərbaycanın mənəvi həyatına təcavüzdür və min illərlə formalaşan milli-mənəvi dəyərlərin məhv edilməsinə yönəlib. İslam dini dəyərlərini, o cümlədən ailə dəyərlərini müqəddəs hesab edən ölkələrdə, o cümlədən  Azərbaycanda eynicinslilərin nigahının rəsmiləşdirilməsinə dəstək verməklə Böyük Britaniya həmin ölkələrin sosial dayanıqlılığını və cəmiyyətin tamlığını aradan qaldırmağa cəhd edir və gerçək münasibətini ortaya qoyur. 
        
“Vətən” Siyasi Bloku bildirib ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, regional təhlükəsizliyinin,  davamlı iqtisadi inkişafının  təhlükədə olduğu bir zamanda Azərbaycan cəmiyyətinə vətənpərvər, cəsarətli, imanlı və savadlı gənclərin  olması vacibdir. Belə gənclər yalnız ailə dəyərlərinin qorunduğu cəmiyyətlərdə yetişə bilər. Eynicinslərin həyat və davranışlarının təbliğı, nigahlarının qeydiyyatı Azərbaycanda  ailə institutu anlayışına ziddir və qəbul olunmazdır.

“Vətən” Siyasi Bloku  xatırlatmağı lazım bilir ki, hər hansı bir xarici ölkənin səfirliyi  yerləşdiyi ölkənin mənəvi qaydalarına hörmət etmək məcburiyətindədir! 

“Əfsuslar  olsun ki, nə dövlət rəsmiləri, nə “Qərb dəyərlərini” təşviq edən siyasi partiyalar, nə  də Qafqaz Musəlman  İdarəsi Böyük Britaniyanın  bu məkrli  siyasətinə öz etirazını bildirməyib. “ Vətən” Siyasi Bloku bütün siyasi qüvvələri  Böyük Britaniyanın bu çirkin qərarına qarşı çıxmağa və Böyuk Britaniyanı bu qərarını geri almağa çağırır”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu