Modern.az

Prezident ana və uşaqların sağlamlığına dair Dövlət Proqramını təsdiqləyib

Prezident ana və uşaqların sağlamlığına dair Dövlət Proqramını təsdiqləyib

13 İyun 2014, 20:37


Prezident İlham Əliyev "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Səhiyyə Nazirliyinə həvalə edilir.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Dövlət Proqramında qeyd olunur ki, ana və uşaqların sağlamlığının qorunması məsələsi dövlətin daim diqqət mərkəzindədir.

Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardan ibarətdir:

- ana və uşaqların sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və kadr hazırlığının gücləndirilməsi;

- regionallaşdırma prinsipi əsasında perinatal yardım islahatlarının davam etdirilməsi;

- doğuşayardım tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi;

- uşaqlara, o cümlədən yenidoğulmuşlara, körpələrə göstərilən tibbi xidmətin keyfiyyət və səmərəliliyinin yaxşılaşdırılması;

- respublikada diridoğulmanın beynəlxalq meyarlarının tətbiq edilməsi;

- əhali, xüsusilə hamiləliyəqədərki dövrdə olan qadınlar və gənc ailələr arasında reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında səhiyyə maarifi işinin daha geniş surətdə aparılması və qadınların sağlamlığının mühafizəsi sahəsində tibbi xidmətin keyfiyyət və səmərəliliyinin yüksəldilməsi.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu