Modern.az

Azərbaycanda şəkərli diabet xəstələrinin problemi yaranıb - pulsuz qlükometrlər qəhətə çıxıb

Azərbaycanda şəkərli diabet xəstələrinin problemi yaranıb - pulsuz qlükometrlər qəhətə çıxıb

14 İyun 2014, 10:40

Azərbaycanda insanların ən çox əziyyət çəkdiyi xəstəliklərdən bir də şəkərli diabetdir. Dünyada 371 milyon insan bu xəstəliyə yoluxub. Dünya əhalisinin 50 faizinin isə xəstəliyi haqqında məlumatsız olduğu güman edilir.  Hər 10-15 ildən bir xəstəliyə tutulanların sayı 2 dəfə artır. Bundan əlavə, pasientlərin 30-35 faizində bu proses gizli getdiyindən gec aşkar olunur.

Azərbaycanda şəkər xəstəliyindən əziyyət çəkən insanlar arasında ölüm göstəricisi hər 100 min nəfərə 7,5-dir. Ölkədə qeydiyyata götürülən şəkərli diabet xəstələrinin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artıb.

“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanununun tətbiq edilməsi barədə prezident fərmanına uyğun olaraq, Nazirlər Kabinetinin 2005-ci il  iyunun 7-dəki 101 nömrəli qərarı ilə “2005-2009-cu illər üzrə “Şəkərli diabet üzrə dövlət proqramı” təsdiq edilib. 
Növbəti illər üzrə Nazirlər Kabinetinin 2010-ci il  noyabrın 26-dakı 222 nömrəli qərarı ilə “2011-2015-ci illər üçün şəkərli diabet üzrə tədbirlər proqramı” təsdiq edilib. Bu proqram çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri - qlükometrlər və test sistemləri pulsuz paylanır.

Lakin hazırda bu sahədə problem yaşanmaqdadır. Bir neçə şəkərli diabet  xəstəsinin Modern.az-a verdiyi məlumata görə, onlar tibb müəssisələrində, dövlət xəstəxanalarında şəkəri ölçmək üçün dövlət tərəfindən pulsuz verilməsi nəzərdə tutulan şəkər ölçən aparatları əldə edə bilmirlər. Tibb müəssisələrində səbəb kimi bu sahəyə kifayət qədər vəsait ayrılmadığını əsas gətirirlər.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az-a problemin haradan qaynaqlandığını açıqlayıb: “Şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş qanun qəbul olunanda Azərbaycanda 30 min xəstə vardı. Qanuna əsasən, o vaxtdan indiyədək bu sahəyə vəsaitin ayrılması, iynə-dərmanların pulsuz verilməsi həyata keçirilir. İnsanlar qanuna qədər qeydiyyata düşmürdülər. Müalicənin pulsuz olduğunu anlayandan sonra şəkər xəstələri qeydiyyata düşməyə başladı. Bu gün Azərbaycanda 207 min şəkərli diabet xəstəsi var. Biz istər müalicə, istərsə də şəkər aparatları üçün planlaşdırma aparırıq. Pulsuz olduğuna görə qeydiyyata düşənlərin sayı durmadan artır. Ona görə də belə problemlər qarşıya çıxır”.

Komitə sədri bildirir ki, qeydiyyata düşməyənləri də nəzərə alsaq, təxminən yarım milyon şəkərli diabet xəstəsi var: “Xəstələrin sayı planlaşdırılanlardan çox çıxır. Yarım milyonun hamısı qlükometrlərə ehtiyacı olanlar deyil. Heç kim öz xəstəliyi üçün pul xərcləmək istəmir. Problemin həlli üçün növbəti planlaşdırılma zamanı bunlar nəzərə alınacaq”.

Qeyd etmək lazımdır ki, şəkərli diabet xəstəliyini təhlükəli və problemli edən onun müxtəlif yaş həddini əhatə etməsi, əhali arasında geniş yayılması, ağır fəsadların meydana gəlməsi, böyük maddi vəsait tələb etməsidir. Xəstəliyin xoş gedişatı üçün, yəni onun həyat tərzinə çevrilməsi üçün düzgün tibbi xidmətə, sosial-iqtisadi qayğıya, normal psixoloji duruma və bütün bunları tənzimləyə biləcək hüquqi bazaya ehtiyac var.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu