Modern.az

Deputat və ekspert “2” alan şagirdlərlə bağlı nazirin qərarını dəstəkləyir

Deputat və ekspert “2” alan şagirdlərlə bağlı nazirin qərarını dəstəkləyir

17 İyun 2014, 16:20



Əvvəlki illərdə buraxılış imtahanından “2” alanlar orta məktəbi bitirməmiş sayılırdılar. Onlar ali məktəbə sənəd vermək üçün növbəti il yenidən “qeyri-kafi” qiymət aldıqları fəndən imtahan verməli olurdular. Lakin ötən il qəbul olunmuş qərara görə, buraxılış imtahanından “2” qiymət alan şagirdlər də artıq ali və orta ixtisas müəssisələrinə sənəd verə bilirlər. Müvafiq qərar bu il də sənəd qəbulu zamanı tətbiq olunur.

Modern.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Kamilə Əliyeva  sözügedən qərarı düzgün addım kimi dəyərləndirir: “Mən bu qərarı müsbət qarşılayır, gözəl addım kimi qiymətləndirirəm. Çünki “2” qiyməti almağın müxtəlif səbəbləri var. Tutaq ki, ailədə problem olub və yaxud şagird özünü pis hiss edib. Bu o demək deyil ki, şagird oxumayıb və onu ali məktəbə sənəd verməkdən məhrum etmək lazımdır. Onsuz da ali məktəbə qəbul imtahanı verəndə mütləq şəkildə ana dilindən də test suallarını cavablandırmalıdırlar. Ona görə də mən düşünürəm ki, Təhsil Nazirliyi tərəfindən onlara belə bir şansın verilməsi çox gözəl bir addımdır. Həmin şagirdlər ikinci dəfə öz şansından istifadə edərək cavablarını yazıb ali məktəbə daxil ola bilərlər”. 

Təhsil eksperti Şahlar Əsgərov da şagirdlərə belə şansın verilməsini alqışlayır:

“Azərbaycan gəncinin attestat imtahanından “2”, “5” qiyməti almasından asılı olmayaraq, ali məktəbdə oxumasının nə ziyanı var? Əgər dövlət istənilən gəncə şans verirsə ki, o təhsil səviyyəsini qaldırsın, bunu alqışlayın, buna afərin deyin. Çünki indi ali məktəbi qurtaran insanlara təyinat verilmir. İnsan özü-özünü işlə təmin edir. Sovet dövlətində ona görə “2” alanları qəbul etmirdilər ki, onu işlə təmin etmək çətin olacaqdı. Amma indi bu çətinlik yoxdur. Bu səbəbdən nazirlik istənilən kəsə (“2” alıbsa da), ona ali məktəbə sənəd vermək hüququ tanıyırsa, mən bunu alqışlayıram. Fərz edək ki, şagird riyaziyyatdan “2” alıb. Əlbəttə ki, bu biabırçılıqdır, amma bəlkə o yaxşı jurnalist olacaq. Heç riyaziyyatdan imtahan ona lazım olmayacaq. Və yaxud da şagird tarixdən iki alıb, bəlkə bu gözəl riyaziyyatçı olacaq. Ona görə bu yeniliyi məhəbbətlə qarşılayın. Qoy, gənc 5-6 il ali məktəbə gəlib getsin. O küçədə qalsa, tamamilə korlanıb gedə bilər. İndi təhsil modeli küçədə qalmaq şansı olan adamı ali məktəbə gətirir”.  

Misranə Həsənzadə
     

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu