Modern.az

Bakıda 300 min köçkün yaşayır

Bakıda 300 min köçkün yaşayır

17 İyun 2014, 23:21

İyunun 17-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Binəqədi Rayon İcra hakimiyyətində bu rayonda, eyni zamanda digər rayonlarda məskunlaşan məcburi köçkünlərin nümayəndələri ilə görüşüb. Modern.az xəbər verir ki, görüşdə məcburi köçkünlərin müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb, problemlərinin həlli üçün tapşırıqlar verilib. 

Binəqədi rayonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşən 54 minə yaxın qaçqın və məcburi köçkün yaşayır. Onlar, əsasən rayon ərazisindəki ictimai binalarda, yataqxanalarda və uşaq bağçalarında məskunlaşıblar. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkün soydaşlarımızla növbəti görüşünü bu rayonda keçirdi. Binəqədi Rayon İcra hakimiyyətində keçirilən görüşdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünləri salamlayaraq, dövlətin onların problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərdən danışdı. Bildirdi ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşən soydaşlarımızın problemlərini ölkənin bir nömrəli problemi elan edib və bu istiqamətdə ardıcıl olaraq tədbirlər həyata keçirilir. İndiyədək qaçqın və məcburi köçkünlər üçün Bakıda və ölkəmizin ayrı-ayrı bölgələrində bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə, məhəllə salınıb, 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Lakin hələ də çətin şəraitdə yaşayan məcburi köçkünlər çoxdur, təkcə Bakıda 300 min məcburi köçkün yaşayır və onların da mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, bu problem mərhələli şəkildə həll olunur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan Əli Həsənov “Son 10 ildə Az-nı dünyanın birincisinə çevirən Prezident İlham Əliyev mütləq bu problemin də həllinə nail olacaq, bir az səbrli olun” dedi. Qəbuldaqaçqın və məcburi köçkünlərin problemləri diqqətlə dinlənildi, bir sıra problemlər operativ şəkildə yerindəcə həllini tapdı, bəzi müraciətlər baxılması, araşdırılması və müvafiq tədbirlər görülməsi üçün qeydiyyata alındı.    

Qəbulda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, eyni zamanda ərazisi işğal altında olan rayonların İcra Hakimiyyətləri Başçılarının müavinləri də iştirak edirdilər.      

Qəbulda, ümumilikdə 500 nəfərdən çox məcburi köçkün vətəndaşın müraciəti dinlənildi. Səhər saat 9-dan başlayan görüş axşam saat 17-dək davam etdi. Görüşün sonunda Baş nazirin müavini, hətta qəbula yazılmayan məcburi köçkünləri də qəbul etdi, onların da ərizələri baxılmaq və tədbir görülmək üçün qeydiyyata alındı. Əli Həsənov onu da bildirdi ki, Bakının digər rayonlarında məskunlaşan məcburi köçkünlərlə də davamlı olaraq ayrı-ayrılıqda görüşlər keçirəcək.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu