“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı, Beynəlxalq Avrasiya Mətbuat Fondu və “Aşıq Şəmşir Ocağı” İB-nin dəstəyi ilə Milli Qurtuluş Günü münasibəti ilə keçirilən “Azərbaycandan Anadoluya könül körpüsü” adlı tədbir və gecədə millət vəkilləri, xalq şair və yazıçıları, qardaş Türkiyədən, İraqdan və Türk dünyasının bəzi bölgələrindən gəlmiş 20-ə yaxın şair, yazar, sənətçi və jurnalistlər ədəbiyyatşünaslar, diplomatlar, QHT və KİV təmsilçiləri, gənclər şeir-sənət dostları iştirak edirdi. Gecənin aparıcısı, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı Milli Qurtuluş Günü münasibəti ilə düzənlənən tədbirin önəmindən danışıb. Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva tədbirin məqsəd-məramı, ümumən respublikamıza qonaq gələn, fərqli ədəbi nəsillərə mənsub şair və yazıçıların bu səfəri ilə bağlı ətraflı bilgi verərək, belə səfərlərin qarşılıqlı maraq doğuran ədəbiyyat, ümumən ictimai və mədəni məsələlərin müzakirəsi, daha geniş əməkdaşlıq üçün bir fürsət olduğunu qeyd etdi. Millət vəkili Q. Paşayeva müxtəlif mövzuların ictimai müzakirəsi, fikir alış-verişi, ədəbiyyatçılarımızın bir-birini daha yaxından tanımağı baxımından böyük önəm daşıyan belə tədbirlərin zəngin proqram əsasında, Bakı, Sumqayıt, Gəncə, Tovuz və başqa şəhərlərimizdə, rayonlarımızda, ayrı-ayrı auditoriyalarda davam etdirilməsi ilə daha çox insana müraciət imkanın əldə ediləcəyini bildirdi. “Azərbaycandan Türk Dünyasına könül körpüsü”adlı tədbir və gecənin Milli Qurtuluş Günü münasibəti ilə tərtib edildiyini xüsusi vurğulayan Qənirə Paşayeva ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının bu tədbirin şüarı olduğunu qeyd edərək, onun ədəbiyyatın yaxın dostu olmasından, türk birliyi üçün gördüyü böyük işlərdən söz açdı. Sözünə davam edən millət vəkili qonaqların əslində öz evlərinə gəldiklərini, Azərbaycanda qonaq sayılmadıqlarını bildirərək, onların Azərbaycan səfərindən məmnunluq duyacaqlarına inandığını bildirdi. O, yazarların, bu səfər ərzində Azərbaycan həqiqətləri ilə, o cümlədən torpaqlarımızın işğalı faktının ölkəmizə, xalqımıza, mədəni abidələrimizə vurduğu ağır zərbələrlə yaxından tanış olduqlarını da bildirdi. Qənirə Paşayeva, qardaş Türkiyənin ədəbi-ictimai sektorunda nüfuz sahibi olan dəyərli insanların, o cümlədən çox nüfuzlu şair olan Cemal Safinin bu heyətdə yer almasını Azərbaycana, ədəbiyyatımıza bəslənən münasibət, sevgi və sayğı kimi xarakterizə etdi. O, bu gözəl layihənin gerçəkləşməsində böyük əməyi olan hər bir quruma, Türkiyəli xanım yazar Ayişə Paslanmaza və bütün digər şair-yazıçılara bir daha xoş gəldiniz deyib, öz təşəkkürlərini bildirdi. Millət vəkili Qənirə Paşayeva "inşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək", - deyib.
Sonra qardaş ölkədən gəlmiş nümayəndə heyətinin rəhbəri, Nevşəhirdəki ÜRGÜP FM-in sahibi A.Paslanmaz, Azərbaycana həsr etdiyi şeirini oxudu, şeirin-sənətin, şair və yazıçıların xalqlar, ölkələrarası münasibətlərdə yeri və rolu haqqında danışdı. Xanım Paslanmaz ilk öncə rəhbərlik etdiyi Türkiyə heyəti adından və Kapadokya Şeir Şölənlərinin təşkilati qurumu adından bir neçə yazara və dəstəkçi qurum başçılarına, şeirə-sənətə könül verən nüfuzlu şəxslərə mükafatlar və “ONUR PLAKETİ” veriləcəyini elan etdi. İlk olaraq, səhnətə Xalq Yazıçısı ANAR dəvət edildi. Xalq yazıçısı mükafat və ümumən belə bir zəngin layihə üçün bütün əməyi keçənlərə təşəkkür edərək, Ədəbiyyatın Türk Xalqlarının həyatında yeri və rolu barədə fikirlərini bölüşdü. Sonra A.Paslanmaz Kapadokiya Şeir Şölənlərində son illər formalaşmış gələnəyə uyğun olaraq, bu ildə şeir tacı veriləcəyini bildirdi. O, millət vəkili Q.Paşayevanı səhnəyə dəvət edərək, tac sahibini elan etdi: Xalq şairi Zəlimxan Yaqub. Şeir Tacını almaq üçün səhnəyə dəvət olunan Xalq şairi Zəlimxan Yaqub türkçülük, turançılıq ruhunda yazıdığı şeirlərindən örnəklər oxudu. O, taca layiq görülməsi münasibəti ilə bütün təşkilatçılara təşəkkürlərini çatdırdı. Sonra Kapadokya Şeir Şölənlərinin təşkilati qurumu adından Ayşə Paslanmaz Qənirə Paşayevanı da ədəbiyyata xidmətlərindən dolayı “ONUR PLAKETİ”nə, xüsusi mükafata, taca layiq gördüklərini söylədi. Millət vəkili, AYB üzvü Qənirə Paşayeva onu belə makafata layiq görənlərə ürəkdən təşəkkür edərək, özündə bir tacı almağa mənəvi haqq görmədiyini, bu haqqa onlarla nəğməsi dillər əzbəri olmuş, ömrününün ixtiyar çağını yaşayan Zivər xanım Ağayevanın layiq olduğunu bildirdi və xanım şairəni səhnəyə dəvət etdi. Millət vəkilinin bu nəcib addımı tamaşaçılar tərəfindən rəğbət dolu alqışlarla qarşılandı. Duyğulu və həyəcanlı anlar yaşadığını dilə gətirən Zivər Ağayeva, təşkilatçılara ürək dolusu təşəkkürlərini ifadə edərək, Şeir, Ədəbiyyat və Türk Dünyası üzərinə fikirlərini bölüşdü, şeirlərini oxudu. Sonra Türkiyənin və Türk Dünyasının böyük şairi Camal Safi çıxış edərək özünə vətən bildiyi Azərbaycana ilk dəfə gəldiyini söyləyərək təşkilatçılara və onu dəvət edən Qənirə xanıma təşəkkürünü bildirdikdən sonra bir sirri də açıqladı və bildirdi ki, onun ailəsinin yarısı Azərbaycan kökənlidir və Azərbaycanı belə inkişaf etmiş, sənətə belə dəyər verən görmək ona böyük duyğular yaşadıb. Sonra ustad şair sevilən şeirlərini oxuyub.Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, professor Qəzənfər Paşayev, AYB-in katibi Rəşad Məcid, yazar-yurnalisrt Flora Xəlillzadə, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Sadəddin Topukçu layiq görüldükləri mükafatı almaq üçün səhnəyə dəvət edildilər və bu cür tədbir və görüşlərin əhəmiyyəti və ədəbi əlaqələrin daha da genişlənməsinin vacibliyindən danışdılar. Türkiyədən gəlmiş şairlər Yusuf Dursun, Dr.Mustafa Ziya, Nedim Uçar, Muhsin Durucan, Harika Ufuk, Yunus Kara, Bolat Ünsal, Mehmet Metin Baş, İbrahim Şaşma Azərbaycana gəlməkdən çox xoşbəxt olduqlarını, buranı da özlərinə vətən bildiklərini dedilər və çıxışlardan sonta şeirlərini oxudular. Şeirlərin arasında Azərbaycana, Qarabağa həsr olunmuş şeirlər tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılandı. Onlara təşkilatçılar tərəfindən mükafat və plaketlər təqdim olundu.
Tədbirdə İraq türkmanlarından şair-yazar Şemsettin Kuzeci ona verilən mükafatı aldıqdan sonra çıxışında İraqda yaşanan son hadisələrdən danışdı və bütün Türk dünyasını İraq türkmanlarına daha böyük dəstək göstərməyə çağırdı və Kərkük Kültür Dərnəyi və Kərkük Qarabağ Dayanışma Platforması olaraq bu cür tədbirlərin daha çox keçirilməsini arzuladı və tədbirin təşkilatçıları olan millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayevaya, Nevşəhirdəki ÜRGÜP FM-in sahibi A.Paslanmaza və Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslana "Türk Dünyasına və İraq türkmanlarına xidmət" ödülünü təqdim etdi.
Gecədə Xalq artisti Ağadadaş Ağayev, Əməkdar artistlər Aybəniz Haşımova, Nuriyyə Hüseynova, tanınmış müğənnilər AZƏRİN və Elza Seyidcahan, Türkiyəli opera sənətçi Oya Ergün, əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı, İlham Əsgəroğlu və başqaları səhnə alaraq, ö gözəl ifaları ilə gecəyə rəng qatdılar. Onlara da təşkilatçılar adından mükafat və plaketlər təqdim olundu.
Qeyd edək ki, qardaş ölkə yazarlarının respublikamıza səfəri 3 gün çəkəcək.
Modern.az