Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.
Modern.az-ın məlumatına görə, qeyd olunan rayonlarda imtahanların keçirilməsi üçün 56 imtahan mərkəzi ayrılıb. Saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri imtahan verəcəklər. Bu imtahanlarda ümumilikdə 38212 şagirdin imtahan verəcəyi gözlənilir. TQDK həmçinin həmin gün Bakı şəhərində Respublika Olimpiya İdman liseyinin 9 və 11-ci sinif şagirdləri üçün də buraxılış imtahanları keçirir. Bu imtahanda 84 nəfər 9-cu, 71 nəfər 11-ci sinif şagirdinin iştirakı gözlənilir. Həm 9-cu, həm də 11-ci siniflərin imtahanlarının idarə edilməsi üçün ümumilikdə 156 imtahan rəhbəri, 2036 nəzarətçi-müəllim ayrılıb.Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.
Qeyd edək ki, TQDK buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələrini və təqdim ediləcək yazı işlərinin mövzularını Komissiyanın internet saytında yerləşdirib.
Misranə Həsənzadə