Modern.az

“Neft-qaz yataqlarının işlənməsi sahəsində təcrübə artırılacaq”- Rektor

“Neft-qaz  yataqlarının işlənməsi sahəsində təcrübə artırılacaq”- Rektor

Təhsil

18 İyun 2014, 12:41

İyun ayının 17-də Bakı Ali Neft Məktəbində  “Yataqların işlənməsinin  quruda və dənizdə karbohidrogenlərin hasilatının müasir texnologiyaları” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb. BANM –dən Modern.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov seminarın mahiyyətindən danışıb:”Bu seminar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə Böyük Britaniyanın “Confidence Capital” şirkəti ilə birgə təşkil olunub və məqsəd Azərbaycanın neft-qaz yataqlarının işlənməsi, həmçinin dəniz və quruda karbohidrogen ehtiyatlarının hasilatı sahələrində əldə edilən təcrübənin xarici ölkələrin neft-qaz sektorunda çalışan mütəxəssislər arasında yayılmasıdır”.

Elmar Qasımov seminar iştirakçılarının sırasında bir sıra ölkələrdən gəlmiş mütəxəssislərin olduğunu da qeyd edib. O bildirib ki, 3 gün ərzində seminar iştirakçılarına Bakı Ali Neft Məktəbi, Schlumberger, Halliburton, Statoil və TIORCO şirkətlərinin mütəxəssisləri tərəfindən tədbirin mövzusuna aid çoxsaylı məruzələr təqdim olunacaq və iştirakçıların dəniz neft mədənlərinə səfərləri təşkil ediləcək.

Azərbaycanın zəngin neft-qaz hasilatı tarixindən danışan  ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə tədbirin Bakı Ali Neft Məktəbində təşkil edilməsinin təqdirəlayiq olduğunu, ARDNŞ-nin bu cür tədbirlərə həmişə dəstək verəcəyini bildirib, belə tədbirlərin ölkələr və mütəxəssislər arasında təcrübə mübadiləsində əhəmiyyətli rol oynadığını vurğulayıb.

İyunun 17-19-da  seminar iştirakçılarına neft-qaz yataqlarının parametrlərinin ümumi xarakteristikaları, yataqların işlənməsinin tənzimlənməsi, neftvermənin artırılması üsulları, hasilat texnologiyaları və s. mövzularda mühazirələr təqdim ediləcək.

İyun ayının 20-də seminar iştirakçıları üçün “Neft daşları” neftqazçıxarma idarəsinin mədənlərinə səfərlər təşkil olunacaq.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu