Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı araşdırmalara yenidən başlanılacaq. Mərhumun həyat yoldaşı jurnalist Anar Niftəliyevin Modern.az-a verdiyi məlumata görə, cərrahiyyə əməliyyatında iştirak edən həkim personalı prokurorluqda yenidən dindiriləcək.
“Bakı Prokurorluğundan müstəntiq Vaqif Süleymanov araşdırmanın yenidən başladığını deyir. Yeni ifadələr alınır və Nəsimi Prokurorluğunun buraxdığı yanlışlıqların aradan qaldırılması istiqamətində iş gedir”, – deyə A.Niftəliyev bildirib. O, əlavə edib ki, Nəsimi Prokurorluğu “Medi Sina” klinikası ilə bağlı heç bir araşdırma aparmadığından, indi klinika rəhbərliyi də istintaqa cəlb edilib.
“İstintaq materiallarına əlavə edilən, ancaq əsaslandırılmayan (mən onlara saxta deyərdim) sənədlərin yoxlanılması aparılır. Bütün bunlar məndə o təəssüratı yaradır ki, Nəsimi Prokurorluğu, ehtimal etdiyim kimi, qarşı tərəfdən təmənna umub və ona görə də işi bu vəziyyətdə aparıb. Bunu qarşı tərəfin vəkili hətta bizə bildirmişdi ki, həkimlər pulunu verib, məsuliyyətdən yaxa qurtarıblar, ortada bir anestezioloq qalıb, o məsuliyyətə cəlb olunacaq. Bu barədə mediaya açıqlamamda və cənab Baş prokurora müraciətimdə də yazmışdım. Şübhələndiyim kimi də oldu, Nəsimi Prokurorluğunun müstəntiqi Ələkbər Rzayev digər həkimlərin vəkili rolunda çıxış etməyə və qərarlar verməyə başladı, yalnız anestezioloqu məsuliyyətə cəlb etməklə bağlı qərar verdi. Düşünürəm ki, prokurorluq orqanlarında olan və insan qanı üstündə alver edən belə müstəntiqlər var və işin nəticəsindən asılı olaraq, onun barəsində tədbir görülməsi üçün də müraciət edəcəyəm.
Bir sözlə, Vaqif Süleymanova inanmaq istərdim. Hələlik apardığı araşdırma ilə bağlı yalnız ümumi məlumat verib, gözləyirik ki, hansısa bir məqama gəlsin və ondan sonra müzakirələr aparacağıq”, – deyə Anar Niftəliyev bildirib.
Xatırladaq ki, Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Bakıdakı «MediSina» Tibb Mərkəzində cərrahiyyə əməliyyatına hazırlıq zamanı keçinib. Tənqidçinin ölümü ilə bağlı cinayət işi başlanıb. Nəsimi Rayon Prokurorluğu işi Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə araşdırır.
Gültəkin ƏLƏSGƏR