Modern.az

"İlham Əliyev: tərcümeyi-hal davam edir" - FOTOLAR

"İlham Əliyev: tərcümeyi-hal davam edir" - FOTOLAR

19 İyun 2014, 15:15

Modern.az saytı xəbər verir ki, iyunun 19-da  Azərbaycan Dillər Universitetində (ADU) tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun ərəb dilinə tərcümə edilmiş  "İlham Əliyev: tərcümeyi-hal davam edir" kitabının təqdimatı keçirildi. Təqdimat mərasimində ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov,  Milli Məclisin  Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin Sosial siyasət komitəsinin sədri, professor Hadı Rəcəbli, Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərəm A. Rəhim, Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hassan Hami, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Səlim Xəlifə Məhəmməd əl-Ğafli, Sudan Respublikasının Azərbaycandakı səfirinin müavini Abul Qasim, Liviya Xalq Sosialist Ərəb Cəmahiriyyəsinin Azərbaycandakı səfirliyinin birinci katibi Muhammed  S.  M. Nvara, Misir Mədəniyyət Mərkəzinin direktor əvəzi Hüseyn Cabally, İraqın Azərbaycandakı səfirliyinin II katibi Əhməd Qassim Əlattar, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edirdi.

Təqdimat mərasimində ADU-nun rektoru, Milli Məclisin deputatı , professor Səməd Seyidov  çıxış edərək  millət vəkillərini və səfirləri universitetdə görməkdən məmnun olduğunu bildirdi.  Rektor Səməd Seyidov tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun ərəb dilinə tərcümə edilmiş  "İlham Əliyev: tərcümeyi-hal davam edir" kitabında  Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin fəaliyyətindən bəhs edildiyini  diqqətə çatdırdı. Rektor Səməd Seyidov  "İlham Əliyev: tərcümeyi-hal davam edir" kitabının  dünyanın bir sıra dillərinə tərcümə olunduğunu söylədi.

Ərəb dilinə tərcümə olunmuş kitabın  rəhbərlik etdiyi universitetdə təqdimatının təsadüfən keçirilmədiyini deyən rektor Səməd Seyidov bildirdi ki, ADU-da bir sıra əcnəbi dillər təsdris olunur.  O? Universitetdə 20-dən yuxarı əcnəbi dilin tədris olunduğunu və mərkəzlərin fəaliyyət göstərdiyini dedi.  2011-ci ildən ADU-da  ərəb dilinin də tədris olunduğunu qeyd ed’n Səməd Seyidov ərəb ölkələri ilə əlaqələrin artan xətt üzrə inkişaf etdiyinə diqqət çəkdi: “Fələstin,  Birləşmiş Ərəb Əmirlikləri, Sudan, Mərakeş, Misir, Küveyt və digər  ərəb ölkələri ilə əlaqələrimiz inkişaf edir. Bu gün universitetimizdə tələbələr ərəb dilini öyrənməklə ölkəmizi ərəb dünyasına yaxınlaşdırırlar. Fəlsəfəmiz birdir, mədəniyyətimiz bir-birinə yaxındır”.

Tədbirdə  kitabın  Küveytdə  keçirilən təqdimatından bəhs edən videoslayd nümayiş olundu. Videoslaydda  qeyd olundu ki, kitabın ərəb dilinə tərcüməsi və nəşri Azərbaycan Respublikasının Küveytdəki səfirliyinin  təşəbbüsü və dəstəyi ilə baş tutub.

Milli Məclisin  Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov  çıxış edərək kitab haqqında fikirlərini bölüşdü.  Bildirdi ki, kitab  Prezident İlham Əliyevin  bütün dünyada parlaq siyasi gələcəyi olan siyasətçi kimi tanınan istedadlı dövlət xadimi olduğunu  sübut edir.  Komitə sədri  kitabın təqdimatının Azərbaycan Dillər Universitetində keçirilməsinin təqdirəlayiq olduğunu qeyd etdi. E. İbrahimov çıxışında Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi sayəsində ölkənin iqtisadiyyatının gücləndiyi, insanların rifah halının yüksəldiyini, xarici siyasətdə uğurların əldə olunduğunu dedi.  Komitə sədri  Azərbaycanda aparılan  təhsil siyasəti nəticəsində Dillər Universitetinin inkişaf etdiyini və bu gün ölkədə aparıcı ali təhsil ocaqlarından biri olduğunu bildirdi.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, professor Hadı Rəcəbli isə çıxışında kitabın ərəb dilinə tərcümə olunmasının və Dillər Universitetində təqdimatının keçirilməsinin tarixi bir hadisə olduğunu qeyd etdi. H. Rəcəbli yüksək səviyyədə təqdimat mərasiminin təşkilinə görə ADU-nun rektoru, professor  Səməd Seyidova minnətdarlığını bildirdi.  Çıxışında  H. Mirələmovun fəaliyyətindən danışan H. Rəcəbli  tanınmış ziyalının 5 film, 10 tamaşa və 70-dən çox kitabın müəllifi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Qeyd etdi ki, onun əsərləri dünyanın 32 dilinə tərcümə olunub.

Mərakeş Krallığının  Azərbaycandakı səfiri Hassan Hami ərəb ölkələrinin səfirləri adından çıxış edərək   öz əhatəliliyi, faktların səhihliyi və zənginliyinə görə  kitabın etibarlı mənbə  olduğunu vurğuladı.  Səfir tədbirin yüksək səviyyədə təşkil olunduğuna görə rektor Səməd Seyidova minnətdarlığını bildirdi.  H. Hami Dillər Universiteti ilə təmsil etdiyi ölkə arasında yaxşı münasibətlərin qurulduğunu və bu əlaqələrin daha da inkişaf etdirilməsində qarşılıqlı fəaliyyət göstərəcəklərinə əminliyini ifadə etdi.  Kitab müəllifinə minnətdarlığını bildirən  diplomat əsərin  ərəb regionu üçün faydalı bir mənbə olduğundan söz açdı.

Sonda  tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmov çıxış edərək  təqdimatın yüksək səviyyədə təşklinə görə  ADU-nun rektoru Səməd Seyidova minnətdarlığını bildirdi.  H. Mirələmov  ona verilən dəyər və qiymətə görə tədbir iştirakçılarına da təşəkkürünü ifadə etdi.

Qeyd edək ki,  H. Mirələmovun "Görkəmli adamların həyatı" seriyasından "Heydər Əliyev", "Zərifə Əliyeva" və "İlham Əliyev: tərcümeyi-hal davam edir" əsərləri var.

Xatırladaq ki, "İlham Əliyev: tərcümeyi-hal davam edir"  kitabı 2007–ci ildə Moskvada məşhur “Molodaya Qvardiya “ nəşriyyatının “Görkəmli Adamların Həyatı" seriyasından olan “Tərcümeyi-hal davam edir” adlı yeni layihəsi əsasında ilk dəfə rus dilində işıq üzü görüb.

 Kitabda Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyevin uşaqlıq, gənclik və tələbəlik illəri ardıcıl olaraq göstərilir.

Azərbaycanın dövlət başçısına olan oxucu marağı nəzərə alınaraq kitab gürcü, türk və Ukrayna dillərinə də  tərcümə edilib.






Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu