Modern.az

İlham Əliyevin yerində olmaq...

İlham Əliyevin yerində olmaq...

19 İyun 2014, 16:15

İstər yerli medianı, istər dünya mediasını vərəqlə- dinamikasını qoruyan  mövzu eynidir:  dünyanı bürüyən zəncirvari qovğalar. Hər gün bir aparıcı dövlət görəvlisinin, yaxud, stajlı siyasi personanın ayrı-ayrı ölkənin taleyinə aid bəd xəbərlər səsləndirməsi, ciddi səbəblərə dayanan proqnozlar verməsi yerli medianı çeşidli ekspert rəylərinə cəlb edir və maraqlıdır ki, çox  az müstəqil politoloqlar, yaxud, siyasi mənsubiyyət daşıyan təhlilçilər Azərbaycanın qlobal siyasi proseslərdə  çıxış yolunu hazırkı hakim elitanın iradəsinə bağlamır. Yerdə qalan qisim isə ölkənin regiondakı uğurlu taleyinin həllini alternativ bir komandanın cəsarətli, həmçinin,   möcüzəli qərarları  altında  axtarmaq  xəttini tutur.  Halbuki Gürcüstanda və Ukraynada neçə hakimiyyət dəyişdi, lakin nə inteqrasiyanın səmtinə tam dəqiqlik gəlir,  nə millətin fədakarlıqları həmin ölkələrin qapısını taybatay Avropaya açır, nə də dəyişən hakimiyyətlər xilaskar obrazında axıra kimi qala bilir.

Məlum oldu ki, qaynar qazana girmək  heç də asan deyilmiş  və  belə  bir  təlatüm işərisində öz maraqlarını axtaranların hakimiyyət səfası yox, hakimiyyət cəfası söz predmeti ola bilər.  Qarmaqarışıq bir dövrdə dövləti idarə etməyi asan təqdim edən həmin ekspert  təhlilləri   fonunda düşünürsən ki, doğrudanmı,  Azərbaycan üçün yaranmış  bu  qədər ağır bir yükün altına girməyə hazır olanlar var və geostrateji seçimimizin Qərb olmasına çəkinmədən qərar verəcək liderlər papaq altında yatırlar?       

Axı on il bundan öncə Azərbaycanı bir dövlət olaraq idarə etmək asan idi və  hakimiyyət uğrundakı  çarpışmanı,  hardasa anlamaq olardı: 1994-cü ildə imzalanmış neft kontraktları 2003-cü ildən etibarən heyrətamiz  gəlir gətirməyə başlayır, ölkə fantastik dərəcədə böyümək, müasirləşmək imkanı qazanır,  Azərbaycanın dünyaya inteqrasiyası qarşısıalınmaz bir sürətlə gedir və bütün bu uğurlara imzası düşən dövlətin istənilən birinci şəxsinə qısqanclıq da  mümkün idi, yaxşı mənada həsəd də, üstəlik paxıllq da.

Çünki on il bundan qabaq  dünya xeyli dərəcədə siyasi sabit idi. Geosiyasi savaşın qabarıq  simptomları yox idi. Vardısa da, o qədər zəifliyinin nəticəsində  Bakı-Tbilisi-Ceyhan kimi strateji layihənin qarşısını kəsəcək cürət üzə çıxmadı.  Azərbaycan çox rahatca  investisiya yatırılan ölkədən, investisiya qoyan, çeşidli xarici məhsullar idxal olunan  ölkədən, müxtəlif növlü mal ixracatçısına çevrildi. Bir göz qırpımında  qlobal iqtisadi proyektlərin başlıca səhmdarı statusuna çatdı. İlham Əliyevin yerində çox adam olmaq istəyərdi, deyilmi? Azərbaycanın qapılarını dünyaya  o, açardı, mötəbər kürsülərdə ölkəni o,  təmsil edərdi, xalqın varidatını hansı istiqamətlər üzrə xərcləmək qərarını o,  verərdi və  s.   

Bəs indi necə- İlham Əliyevin yerində olmaq asandırmı?      

Radikal islamçıların vəd etdiyi bəlalar  bir tərəfdən, təzə  adda terror qruplarının Azərbaycan xəritəsi üzərində yeni mahiyyətdə  dövlət qurma planları bir tərəfdən, ümumiyyətlə, dünyada başlayan ciddi geosiyasi savaşın bir parçasıyıq, bu da bir tərəfdən.  Bu savaş ölkəni elə bir mürəkkəb  labirint içərisinə salıb ki, istənilən istiqamətə qəti üz tutmaq arzuolunmaz  təhlükələr  vəd edir. Başa düşülməsi vacib bu qətiyyətsizlik dilemmanın ömrünü uzadır. Dilemma uzandıqca isə ,  bir tərəfdə Qərb kəskin siyasi bəyanatlarını intensiv xarakterə keçirəcək, ola bilsin, hazırda kimisə öz siyasətinin alətinə çevirmək üçün şirnikləndirici  ssenarilər yazmaqla məşğul olur. Digər tərəfdən, hər gün  Dağlıq Qarabağın de-yure itirilməsi ehtimalı güclənir.  Rusiyanın təhriki ilə ermənilərin Tərtər rayonundan başlayaraq,  yeni ərazilərə hücum  məlumatları yayılır. Təkcə yayılmır da, konkret Naxşıvan istiqamətində  hərbi vəziyyətin sabitlikdən çıxması xəbərlərini  eşidirik. Cəbhə xəttində atəşkəs əvvəlkindən daha tez-tez pozulur. Üstəlik, Avropanın enerji təhlükəsizliyinə töhfə,  Azərbaycanın iqtisadi gələcəyinin  qarantı olan yeni-yeni qaz layihələrinin-TANAP-ın, TAP-ın,  əfsanəvi Transxəzərin  həyata keçməsi də risk altına düşür.

Kənardan baxana bu dilemmanın səbəbi inandırıcı gəlməyə, hakimiyyətin öz iqtidarını mühafizə etmək baxımından manevr siyasətini seçməsi,   Rusiyaya meyllənməsi kimi  görünə  bilər. Ona görə ki, böyük məsələlərə qıraqdan nəzər salmaq, müxtəlif təkliflər səsləndirib, prosesləri bəsit təqdim etmək asandır,  həm də belə bir dəst-xətt özünü daxilə və xaricə reklam səciyyəsi daşıyır. İşin içərisinə gəldikdə,  hakimiyyət sükanını kimin əlinə verirsən-ver, Azərbaycanı Qərblə Rusiyanın qarşıdurmasından xilas düsturunu  tapıb ortaya qoymağa qadir deyil.

Azərbaycanın son müstəqillik tarixində ən ağır siyasi yükü bu günlərə təsadüf edir. Bu yük dövləti, xalqı salamat şəkildə gələcəyə daşımaq məsuliyyətini hazırkı rəhbərliyin çiyinlərinə salır və etiraf edək ki, indi İlham Əliyevə birinci şəxs olduğu üçün nə qibtə etmək lazımdır, nə həsəd, nə paxıllıq.  İndi onun yerində olmaq çox ağırdır. Hər şey yalnız palitoloji rəylərdəki kimi asan görünə bilər, vəziyyəti səhih qiymətləndirəndə isə,  hakimiyyət sükanına iddialılar, nə onun yerində olmaq istəyər, nə də onun atdığı addımlardan fərqli bir addım ata bilərlər.   

Odur ki, siyasi ekspert rəylərində  gəlişigözəl  qəhrəmanlıq, qlobal hadisələrdən törəyən problemlərin  çözmə instruksiyasını beş  barmağın arasındaymış kimi təbliğ  etmək nəyə yarar?

Unutmayaq ki,  Qərbin Ukraynanın   Avropa Birliyinə üzvlüyünü naməlum gələcəyə saxlamaq istəyi onun qaranlıq siyasətindən, inteqrasiya  mücadiləsi verən dövlətləri necə  aldatmasından  xəbər verir və bizım   hiylənin qurbanı olmaqdan qorunmağımız  əsla alternativ komandanın xarici siyasət doktrinasından keçmir.  

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu