Modern.az

Vəhhabilərin məqsədləri Azərbaycanın maraqlarına uyğun gəlmir...

Vəhhabilərin məqsədləri Azərbaycanın maraqlarına uyğun gəlmir...

19 İyun 2014, 16:28

Çağdaş dövrümüzdə dini meyllərin güclənərək siyasi müstəvidə qərarlaşması bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib.

Xüsusilə, Yaxın Şərq ölkələrində İslam dini adı altında məzhəb ayrı-seçkiliyi zəminində cərəyan edən proseslərin miqyası, durmadan genişlənir. Bir dövlət daxilində sünni-şiə ədavəti qanlı toqquşmalarla müşayiət olunur.

Sünni- şiə qruplaşmalarının “bir çətir altında” biri-birinə qarşı “təmizləmə” siyasətini həyata keçirməsi regionətrafı dövlətlər üçün də təhlükə mənbəyidir. 

Maraqlıdır ki, 20 il bundan qabaq İslam dini daxilində müxtəlif təriqətlərarası münasibətlər bugünkü kimi “azğınlaşmış” formada sərgilənmirdi.

İnsanların inancı hansısa terror təşkilatının, əlində bir növ “oyuncağa” çevrilməmişdi. Bəs, bu gün nə baş verir və niyə baş verir?

Doğrudanmı, din pərdəsinə sığınan “humanistlər” Qərbin İslam dini daxilində nifaq  yaratmasına dəstək verir? Hər halda, müsəlman məscidlərində yüzlərlə din qardaşlarının qanını axıdan radikal qruplaşmaların hədəfi Cənubi Qafqaz üçün də təhlükəli faktorur.  

Hazırda Azərbaycanda da məzhəb ayrı-seçkiliyinin qurbanları az deyil. Suriyada cihad uğrunda mübarizəyə qoşulan azərbaycanlıların orada “şəhid” olması cəmiyyət tərəfindən narahatlıq doğurur.

Xüsusilə, vəhhabilərin, İranmeylli qüvvələrin çoxalması, Azərbaycan cəmiyyətində məzhəb ayrı-seçkiliyinin olduğunu istisna etmir. Maraqlıdır, bəs 20 il bundan qabaq Azərbaycanda vəziyyət necə idi?

Dini ekspert, fəlsəfə elmləri doktoru, professor Əli Abbasovun sözlərinə görə, müstəqillikdən sonra Azərbaycanda vəhhabilər o qədər də aktiv olmayıblar:

“Sovet dövründə Azərbaycan digər dövlətlər kimi ateist ölkəsi olub. Lakin müstəqillik qazanandan sonra bütün qapılar açıldı və nəinki dini, hətta siyasi, iqtisadi məqsədlərlə Azərbaycana gələn güclər burada özləri üçün yer tapmağa çalışdılar.
1990-cı illərdə Azərbaycana gələn böyük qüvvələr, əsasən Türkiyə və İrandan gələn cərəyanlar idi.
Vəhhabilər demək olar ki, o vaxtlar aktiv olmayıblar. Əsasən fəallığı başqa ölkələrdə, Rusiyanın hansısa şəhərlərində göstəriblər. Əslində, digər ölkələrdə də belədir. Baxmayaraq ki, Rusiyada əsas din xristianlıqdır. Qısa müddət ərzində, 1991-ci ildən sonra 1000-ə qədər məscid vəhhabilər tərəfindən açılıb. Təbii ki, bunu sələfilər belə deyir. Məqsəd bura yeni insanları cəlb etmək və onların xətti ilə öz siyasətlərini aparmaqdır”.

Vəhhabilərin təhlükəli olmasına gəlincə, “vəhhabilərin bütün dini təşkilatlara, qruplara hansı meyllə gəldiklərini soruşmalıyıq. Kim nə deyir desin, vəhhabilər ciddi məsələ ilə məşğuldurlar, amma, xətalı deyillər. Təbii ki, istisnalar da var. Azərbaycanda din və siyasət biri-birindən ayrıdır. Əgər bunlarda siyasi motivlər varsa, hansısa siyasi meyllərin xətrinə nəsə edirlərsə və bu siyasi motivlər güclüdürsə, deməli, onlardan ehtiyat etmək lazımdır. Həmçinin, vəhhabilik və yaxud da sələfilik siyasi tərəfdən ən fəal dini cərəyanlardır. Bu dini cərəyanın nümayəndələri çalışırlar ki, hər yerdə aktiv mövqe tutsunlar, nəyləsə məşğul olsunlar. Hətta adlarının müxtəlif dövlət və ictimai strukturlarda olmasına səy göstərirlər. Bu, çox təhlükəlidir. Bunu mütləq nəzarətdə saxlamaq lazımdır” - deyə Əli Abbasov vurğuladı.

Əli Abbasov vəhhabi təriqətinin siyasi məsələlərlə bağlı olub-olmamasına da diqqət çəkib.

“Bir vaxtlar Türkiyə və İran dini qurumları tərəfindən Azərbaycana qarşı nəyisə diqtə etmək kimi iddialar vardı. İndi isə bunları onların qarşısından götürmüşük. Qanuna görə bütün dini qurumlar, hətta xristianlar və yəhudilər xaricdə olan mərkəzlərə tabe ola bilərlər. Bircə qanunda dəyişiklik olub ki, Azərbaycanın müsəlman qurumları xaricdə olan mərkəzlərə tabe ola bilməzlər. Onlar ancaq və ancaq Azərbaycanda olan qurumlara tabe ola bilərlər. Bu artıq qanundur. Bu qanuna görə əgər hansısa bir qurum xarici mərkəzlərlə sıx əlaqələr saxlayırsa bu, qanunidir. Yox, əgər bu əlaqələr siyasi xarakter daşıyırsa, deməli, biz bunun qarşısını almalıyıq. Vəhhabilərin məqsədləri heç də Azərbaycan dövlətçilik maraqları ilə uyğun gəlmir. Onların ideyası İslam dövləti yaratmaqla milli dəyərləri heç nəyə çevirməkdir. Əsas dəyərlər ondan ibaətdir ki, “biz hamımız qardaşıq, bir-birindən fərqlənməyən müsəlman dövləti yaratmalıyq”.
Amma, həmin vəhhabi, sələfi təriqətinin nümayəndələri buna baxmayaraq, başqa ölkələrdə yaşayan sünnilərə, şiələrə fərq qoymaqla, günahsız insanları ölümə məhkum edirlər. Demək olar ki, onlar ancaq özlərini müsəlman sayırlar. Ona görə də onların siyasi qurumlarda iştirak etməsinə qanun  icazə vermir”. 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu