Millət vəkili Məlahət İbrahimqızı Modern.az-a müsahibə verib.
- Məlahət xanım, bu yaxınlarda Azərbaycanda NATO Parlament Assambleyasının (PA) “Cənubi Qafqaz, Çağırışlar və imkanlar” mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarı başa çatdı. Bu seminarı ölkəmiz üçün necə xarakterizə edirsiniz?
- Azərbaycan NATO-nun üzvü deyil. assosiativ üzv kimi təmsil olunur. NATO Parlament Assambleyası Rouz-Rout seminarlarını sıradan ölkədə keçirmir. Azərbaycanda isə 3 dəfə NATO Parlament Assambleyasının Rouz-Rout seminarları keçirilib.
Təmsilçilik hər dəfə ən yüksək səviyyədə olub. Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin üzvü olduğuma görə, uzun illərdir şahidi olmuşam ki, bu təşkilatın Rouz-Rout seminarında heç də NATO rəhbəri iştirak etmir. Amma Azərbaycanda keçirilən seminarlarda NATO Parlament Assambleyası rəhbərliklə təmsil olunub. Deyərdim ki, bu Rouz-Rout seminarı əvvəlki seminarlardan da yüksək səviyyədə keçdi. Dünyanın tanınmış təşkilatlarının təmsilçilərinin ekspert qismində təqdimatları vardı. Vaxtilə beynəlxalq tədbirdə Azərbaycanın haqq işini, Qarabağın işğalını təsdiq edən qətnamə qəbul olunmuşdu. Heç vaxt bu haqda danışılmırdı. Qarabağ məsələsinin adı çəkilsəydi belə, həmin beynəlxalq təşkilatlar Azərbaycanın torpaqlarının hansı dövlətin işğal etdiyi deyilmirdi. Ermənilərin işğalçı olduğu vurğulanmırdı.
- NATO Parlament Assambleyasının nümayəndə heyətinin üzvü kimi bir çox beynəlxalq təşkilatlarda iştirak etmisiz. Bu günə kimi Qarabağ məsələsində beynəlxalq təşkilatlatlar ikili yanaşma sərgiləyirlər. Bu seminardan sonra ikili standatlar buzu əriyə bilərmi?
- NATO-nun budəfəki Rouz-Rout seminarı bir çox məsələləri ortaya qoydu. Dediyiniz kimi, bir məsələni xatırlatmaq istərdim. Bir neçə il bundan qabaq bir çox təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi ilə bağlı bizi danışmağa qoymurdular. Sözümüzü kəsirdilər və yaxud da özləri bundan yan keçirdilər ki, belə mövzular gündəmdə olmasın. Açıq-aşkar işğalçı dövlətin nümayəndələrinə daha çox dəstək verirdilər. Amma bu dəfə vəziyyət tamam fərqli ab-havanı ortaya qoydu. Beynəlxalq təşkilatların, NATO Parlament Assambleyasının təmsilçiləri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işağl olunduğunu dəfələrlə səsləndirdilər. Ermənilərin qeyd-şərtsiz torpaqlarımızdan çıxmasını istədilər. Beynəlxalq təşkilatların təmsilçiləri görürlər ki, Azərbaycan mürtəce bəşəriyyətin yanındadır, işğalçı dövlətin yox. Azərbaycanın son illər BMT Təhlükəsizlik Şurasına rəhbərlik etdi. Bundan başqa ölkəmiz mühüm beynəlxalq tədbirlərə böyük səviyyədə ev sahibliyi edir. Avropa idman oyunlarına böyük hazırlıqlar gedir. Krımın işğalı ilə bağlı məsələdə BMT Təhlükəsizlik Şurasında qətiyyətli mövqe ortaya qoyduq. Bütün bunlar Azərbaycanın həqiqətən də Atlantik strukturlara inteqrasiya etməsinin, mütərəqqi bəşəriyyətin, dünya birliyinin yanında olmasının sübutudur. Amma Ermənistanın da Zimbabve, Venesuela, Şimali Koreya kimi ölkələrin yanında olduğu göründü. Bunlar, qətiyyətli, açıq-aşkar mövqe idi.
- Bakıda keçirilən seminarda erməni deputatların mövqeyini necə qiymətləndirirsiniz?
- Azərbaycana münasibətlər dəyişib.İndi Azərbaycan bütün dünyada çox etibarlı tərəfdaş kimi qəbul edilir. Ermənilər bunu bildiklərindən şantaj mövqe tutmuşdular. Hər şantaj və provakativ çıxışların qarşısı alınırdı və onlar ifşa olunurdu. Hətta beynəlxalq təşkilatların təmsilçiləri də onlara qarşı idi. Ermənistan nümayəndə heyətinin üzvünün biri dedi ki, Azəbaycan torpaqlarının 20% işğal edilməsini deməklə məsələni şişirdir. 20% işğal olunmayıb. Biz istisna olmaqla, beynəlxalq təşkilatların təmsilçiləri bir çox hallarda özləri cavab verirdilər ki, fərqi nədir, lap 1, 10 %-də olsa işğalçısınız.
Biz artıq ayrı-ayrı ölkələrin nümayəndələrindən belə cavablar eşidirik. Ona görə də dövlətimizin başçısının apardığı qətiyyətli, uzaqgörən siyasətinə baxanda qürur duyuruq. Bunlar güclü diplomatiyanın nəticələridir.
- Hüquq müdafiəçisi Leyla Yunus da NATO Parlament Assambleyasının Rouz-Rout seminarına dəvət olunmuşdu. Seminarda Leyla Yunusun çıxışı haqqında nə deyə bilərsiniz?
- Bu tədbirdə bizə təsir edən bir məqamı xüsusi qeyd etmək istəyirəm. Azərbaycan ictimaiyyəti bunu bilməlidir. Ermənistandan gələn nümayəndə heyətinin tərkibinə bir müxalifət, bir iqtidardan olan millət vəkili, bir də müstəqil ekspert daxil idi. Hər iki millət vəkilinin mövqeyi üst-üstə düşürdü. Təbii ki, bizim qrupumuz arasında da kordinasiyalı çıxışlar olurdu, biri-birimizi tamamlamaqla birimizin deyə bilmədiyini o birimiz deyirdik. İnanın ki, Ermənistan müxalifətindən olan millət vəkili bir dəfə də olsun öz hökumətinin totalitar rejimi ilə bağlı bir kəlmə də demirdi. Ermənistan dövlətinin müdafiəsində birgə çıxış edirdilər. Çıxışlarında şantaj olsa da ümumilikdə mövqeləri Ermənistan hökumətini müdafiə etmək idi.
Amma Leyla Yunus? Baxmayaraq ki, o, özünü azərbaycanlı hesab edir, amma mən bunu heç cür dilimə gətirə bilmirəm. Çünki damarında Azərbaycan qanı axan insan heç vaxt o mövqedə ola bilməz. İnanın ki, onun çıxışları Ermənistanın deputatlarının düşmən mövqeindən də kəskin idi. Bir məsələ də çox ciddi məsələdir. Leyla Yunus kimi Azərbaycan vətəndaşı bu dövlətin çörəyini yesin, suyunu içsin və Azərbaycana qarşı düşmən mövqe sərgiləsin. Burda prinsipial mövqe vardı. Mövzu Cənubi Qafqazda təhlükəsizlik, Qarabağ probleminin həlli idi. Belə bir milli maraqların müdafiəsi fonunda Leyla Yunusun Azərbaycanda kiçik, primitiv 5-ci dərəcəli məsələləri qaldırması və ermənilərlə eyni cəbhədə oturub vəhdət təşkil etməsini Azərbaycan ictimaiyyəti bilməlidir. Azərbaycanda Leyla Yunus kimi vətəndaşlara qarşı mübarizə aprılmalıdır.
Mənim demək istədiyim odur ki, Leyla Yunus kimi adamlara bu cəmiyyətdə yer olmamalıdır. Azərbaycan vətəndaşı adını daşıyanlara qarşı mətbuat, ictimaiyyət birgə mübarizə aparmalıdır. Azərbaycanın içində Azərbaycanı bu cür təhqir etmək olmaz. Ermənilərlə bir mövqedə çıxış etmək Azərbaycan vətəndaşlığı adına ləkədir. Belə insanlarla mübarizə aparmalıyıq. Bu tipli insanlar casus kimi fəaliyyət göstərirlər. Leyla Yunus Azərbaycanın inkişafını istəməyən qüvvələr üçün mükəmməl instrumentdir. O, öz vicdanı qarşısında hesabat verməlidir, əgər vicdanı varsa.
Namidə BİNGÖL