Modern.az xəbər verir ki, bu gün Təhsil Nazirliyinin əməkdaşları və 50-dək kütləvi informasiya vasitəsinin nümayəndəsi Şəki şəhərinə səfər ediblər.
Tədbirdə Təhsil Nazirliyinin məktəbəqədər və ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov, nazirliyin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, təhsil eksperti Asif Cahangirov iştirak edirlər.
Qax, Zaqatala, Balakən, Qəbələ və Oğuz rayonlarının təhsil şöbə müdirləri, müəllimlər, metodiki kabinet rəhbərləri, valideynlər, Azərbaycan Müəllimlər İnstitutunun Şəki və Zaqatala filiallarının tələbələri, təhsil ekspertləri və təlimçilərin iştirak etdiyi müzakirələrdə ilk öncə A. Cahangirov “Təhsildə yeni yanaşmalar” mövzusunda geniş çıxış edib.
Daha sonra çıxış edən nazirliyin şöbə müdiri A. Əhmədov təhsildə həyata keçirilən islahatlar haqqında ətraflı məlumat verib. Şöbə müdiri bildirib ki, formativ qiymətləndirmə hər bir uşağın inkişafını izləməyə imkan verir: “Bu məsələ sinfin səviyyəsini müəyyən etmək üçün vacib amildir”.
Nazirliyin sektor müdiri C. Valehov Bakıda keçirilən Sınaq Qiymətləndirməsinin yaxın zamanlarda bölgələrdə də keçiriləcəyini bildirib. O, qeyd edib ki, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayacaq. Nazirlik rəsmisi həmçinin, kurrikulum barədə geniş məlumat verərək vurğulayıb ki, kurrikulum təhsildə bir istiqamətdir.
Hazırda nazirlik rəsmiləri tədbirdə iştirak edən müəllimlərin suallarını cavablandırırlar.
Xatırladaq ki, media nümayəndələri 100-dən artıq yaşı olan ümumtəhsil məktəblərinin tanıdılması kampaniyası çərçivəsində bölgənin ən qədim məktəbi olan, 1831-ci ildən fəaliyyət göstərən Şəki şəhər 5 nömrəli tam orta məktəblə tanış olacaqlar. Eyni zamanda həmin məktəbin yetirməsi, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovla bu təhsil müəssisəsində görüş keçiriləcək.
Rafiq Qənbərov