Bu gün Bakıda yapon filmləri festivalına start verilir. Bu mədəniyyət tədbir Yaponiyanın Azərbaycandakı səfirliyinin və “28 Cinema” kinoteatrının birgə təşkilati dəstəyi və “JTİ” şirkətinin sponsorluğu ilə keçirilir.
Festivalla bağlı keçirilən mətbuat konfransında “28 Cinema"nın direktoru Elnarə Rəhimova festivalın 4 gün davam edəcəyini bildirib. Onun sözlərinə görə, iyunun 20-dən 23-dək keçiriləcək festival çərçivəsində təqdim olunacaq bədii filmləri “28 Cinema” kinoteatrında pulsuz izləmək mümkün olacaq.
Yapon dilində nümayiş olunacaq filmlər rus dilində alt yazı ilə təqdim ediləcək.
Festivalın davam edəcəyi dörd gün ərzində saat 13:00-da və 19:30-da “Hankyu qatarı”, “Xəttat qızlar”, “16 yaşlılar üçün Buşido”, “Məndən sənə”, “Xoşbəxt uçuş” ekran əsərləri nümayiş olunacaq.
Yaponiyanın Azərbaycandakı səfirliyinin mədəniyyət şöbəsinin müdiri, 3-cü katib Fukuda Yusuke bundan öncə də ölkəmizdə yapon filmləri festivalının keçirildiyi xatırlatdı. Azərbaycan dilində danışan katib bildirdi ki, budəfəki festival əvvəlkilərə nisbətən proqramının zənginliyi ilə seçilir:
"Azərbaycanda Yaponiya pop musiqisinə maraq var, bizim pop ifaçılarının mahnıları dinlənilir. Amma filmlərimiz burada o qədər də tanınmır. Buna görə də qərara aldıq ki, yapon filmləri festivalını bu il də keçirək. İnanırıq ki, bu festivaldan sonra Azərbaycan tamaşaçıları yapon mədəniyyəti və adət-ənənələri barədə daha çox bilgiyə malik olacaq". Səfirlik rəsmisi festivalda göstəriləcək ekran əsərlərinin 2008-2012-ci illəri əhatə etdiyini söylədi.
Qeyd edək ki, Azərbaycan və Yaponiya arasında mədəni əlaqələr bundan sonra da davam etdiriləcək. Bu barədə “JTİ” şirkətinin Korporativ Məsələlər və Əlaqələr üzrə meneceri Əli Verdiyev məlumat verdi: "Hazırda bununla bağlı müzakirələr aparırıq. Yəni təkcə kino yox, başqa mədəni layihələrlə də görüşünüzə gələcəyik".
Mətbuat konfransından sonra media nümayəndələri yapon mətbəxi, xüsusən də, suşinin bir neçə çeşidi ilə tanış oldular. Daha sonra isə festivalın rəsmi açılış mərasimi keçirildi. KİV nümayəndələrinə rejissor Şinobu Yaguçinin "Xoşbəxt ucuş" filmi göstərildi.
Beləliklə, bu gündən etibarən “28 Cinema”da hər bir kəs bilet almadan yapon filmlərini izləyə bilər. Filmlər hər gün axşam saatlarında nümayiş etdiriləcək. Seanslar və filmlər haqqında məlumatı kinoteatrın saytından əldə etmək olar.
F.Əliyeva