Bakıdakı Dövlət Bayrağı Meydanında yerləşən Azərbaycanın ən böyük bayrağı ötən gecədən əsən güclü külək nəticəsində cırılıb. Modern.az saytının xəbərinə görə, cırılmış bayrağımızın şəkilləri sosial şəbəkələrdə yerləşdirlib və baş vermiş hadisəyə görə Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi qınaq obyektinə çevrilib. Çünki Bakıda güclü küləyin əsəcəyi əvvəlcədən xəbər verilmişdi və belə havada önləyici tədbir kimi bayraq ya endirilməli, ya da yığışdırılmalıydı.
Xatırladaq ki, Azərbaycan Dövlət Bayrağı Meydanında yerləşən Bayraq dirəyinin hündürlüyü 162 metrdir. Burada dalğalanan bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. 2010-cu ilin mayında bu bayraq Ginnesin Rekordlar kitabına düşüb.
Meydanın yeri dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.
A.Qorxmaz