Modern.az

Bahar Muradova Şəhid Səməndər Kərimovun yas mərasimində iştirak edib

Bahar Muradova Şəhid Səməndər Kərimovun yas mərasimində iştirak edib

23 İyun 2014, 16:36


İyunun 22-də Milli Məclisin sədr müavini Bahar Muradova bir həftə öncə Tərtər rayonu ərazisindəki cəbhə xəttində düşmən gülləsindən həlak olmuş Səməndər Kərimovun yas mərasimində iştirak etmək üçün Füzuli rayonuna səfər edib.

Modern.az xəbər verir ki, şəhidin doğulub boya-başa çatdığı Aşağı Yağlıvənd kəndində təşkil olunmuş mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları, din xadimləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayonun demək olar ki, bütün yaşayış məntəqələrindən və respublikanın müxtəlif bölgələrindən Kərimovlar ailəsinin dərdini bölüşmək və onlara təsəlli vermək üçün yüzlərlə insan bu izdihama qoşulub.

Yas mərasimində çıxış edən Hacı Mais Kərimov qardaşı oğlu Səməndərin  həlak olmasından sarsıldıqlarını, lakin onun vətən uğrunda şəhid olmasından şərəf duyduqlarını bildirib, bu kədərli və üzüntülü günlərdə onlara verdikləri böyük mənəvi dəstəyə görə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliklərinə, onların yerli qurumlarına, habelə şəhid ailəsinin problemlərinə yüksək diqqət nümunəsi göstərən Rayon İcra Hakimiyyətinə təşəkkür ediblər.

O, xüsusi olaraq ölkə rəhbərliyinin, cənab Prezident İlham Əliyevin şəhid ailələrinə, Qarabağ əlillərinə və müharibə veteranlarına, habelə cəbhə bölgəsində yaşayan insanlara göstərdiyi yüksək diqqət və qayğıya görə Füzuli sakinləri adından səmimi minnətdarlığını ifadə edib.

Mərasim zamanı Səməndəri xoş sözlərlə xatırlayan yaxınları və kənd sakinləri onun yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik intizamlı və vətənpərvər bir gənc olduğunu söyləyiblər, vətənpərvərlik mövzusunda qələmə aldığı şeirlərindən nümunələr səsləndirdilər.

Qeyd edək ki, çavuş Səməndər Kərimov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Şəhidin valideynləri Fazil və Məlahət Kərimovlar və onların qohumları ilə yaxından görüşən Bahar Muradova hərbi xidmətdən tərxis olunmasına bir neçə gün qalmış Səməndərin həlak olması ilə bağlı bu ailənin dərdinə şərik olduğunu bildirib və onlara dərin hüznlə başsağlığı verib.

Bununla yanaşı vitse-spiker Milli Məclisin rəhbərliyi adından 20 yaşlı bu gəncin vətən uğrunda, torpaq uğrunda canından keçdiyinə və müqəddəs şəhidlik zirvəsini fəth etdiyi üçün qısa ömrünə ən şərəfli bir səhifə yazdırdığına görə bu bölgəni parlamentdə təmsil edən millət vəkili və bir həmyerli kimi fərəh hissi duyduğunu ifadə edib. O, söyləyib ki, müqddəs və ali ideyalar uğrunda həyatını qurban vermiş hər kəs əbədi olaraq xalqın, millətin qəlbində yaşamaq hüququnu qazanır.

Mübariz İbrahimov, Fərid Əhmədov kimi qəhrəmanlıq nümunələri göstərmiş hərbiçiərimiz Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunda tərbiyəsinə çox böyük təsir göstərir və onları Böyük Qələbəyə ruhlandırır. Bu sırada Səməndərin də özünəməxsus yeri var.

Millət vəkili bildirib ki, şəhid ailələrinin maddi və mənəvi problemləri ölkə rəhbərliyinin, şəxsən cənab İlham Əliyevin həmişə diqqət mərkəzində olub.

Elə 2 gün bundan öncə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncam da ona dəlalət edfir ki, bu siyasət bundan sonra da yüksələn xətlə davam edəcək, şəhid adına olan ehtiram Azərbaycan xalqının ən yüksək mənəvi dəyərlərindən biri kimi qorunub saxlanacaq.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu