Modern.az

“Bələdiyyələr “ölü can” olsa belə, onlar “dəfn edilməyəcək” – Deputat

“Bələdiyyələr “ölü can” olsa belə, onlar “dəfn edilməyəcək” – Deputat

24 İyun 2014, 10:22


Təxminən ilk seçkisindən on beş il vaxt keçsə də, Azərbaycanda mövcud olan bələdiyyə sistemi tam özünü doğrultmayıb. Bələdiyyə institutun insanların güvənə biləcəyi yerli özünüidarəetmə orqanına çevrilməsi təəssüflər olsun ki, hələ də tam mümkünləşməyib. Vətəndaşlar hələ də bu sistemdən yararlana bilmədiklərini düşünürlər. Hətta bələdiyyə sistemini “adı var, özü yox” kimi də xarakterizə edirlər. Cəmiyyətdə bələdiyyələrin ləğvi vaxtının çatdığını düşünənlər də az deyil.

Bələdiyyələrin gördüyü işlərin təbliğatının zəif olduğunu deyən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev Modern.az-a bildirib ki, bu sistemin ləğvi mümkünsüzdür. “Bələdiyyələr son illər 20 mindən çox layihə həyata keçiriblər. Bunların içərisində bağçaların tikilməsi, məktəbin təmiri, kənd yollarının düzəldilməsi, torpaqların yararlaşdırılması, kəndlərə içməli suyun çəkilməsi kimi tədbirlər var. Hətta məəttəl qalırsan ki bu qədər işləri onlar niyə təbliğ etmirlər. Bu səbəbdən də bələdiyyələrin fəaliyyəti gözə görünmür”.

Ümumiyyətlə bələdiyyə institutlarının ləğvinin mümkün olmadığını deyən deputat əsrlərlə yaşı olan bir çox xarici ölkə bələdiyyələrində bu günün özündə təkmilləşmə prosesinin baş verməsi zamanın gedişindən, dövrün tələbindən irəli gələn bir hal olduğunu qeyd etdi. O, bu gün Azərbaycan bələdiyyələrinin qarşısında ölkənin sosial-iqtisadi həyatında köklü dəyişikliklər etmək vəzifəsini qoymaq və onlara ciddi problemləri həll etmək səlahiyyətləri vermək məqsədəuyğun olmadığını söyləyib. “Vətəndaş cəmiyyəti nə qədər öz yerində saysa ölkə inkişaf edə bilməz. Vətəndaşın hər biri ölkənin inkişafında iştirak etməlidir. O da yerli özünüidarəetmə ilə mümkündür. Bu gün bir tədbir keçirildi ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də bu orqanın insanlara daha yaxın olduğunu vurğuladı. O, yerlərdə nöqsanları görə, operativ qaydada aradan qaldırmağa qadir olan orqandır. Odur ki, bələdiyyələrin nüfuzu, iştirakçılığı artırılmalı, kadr potensialı yaxşılaşdırılmalıdır”.

T. Rzayev onu da qeyd etdi ki, idarəetmə fəaliyyətinin və ölkənin sosial-iqtisadi inkişaf ilə əlaqədar müəyyən problemlərin həllinin ağırlıq mərkəzinin yerlərə keçməsi, əhalinin yerlərdə qalıb möhkəmlənməsi və əməli fəaliyyətə yaxından cəlb olunması vəzifəsi yerli hakimiyyət orqanlarının, eləcə də bələdiyyələrin rolunun artırılmasını zərurətə çevirir. “Bu gün Bələdiyyə Assosiasiyaları yaradılır. Bələdiyyələrin inkişaf etdirilməsi istiqamətində günü-gündən iş gedir. Onların ləğvindən söhbət gedə bilməz. Dünyanın bir çox ölkələrində əsrlərlə tarixi olan bələdiyyə institutları hələ də inkişaf prosesini keçir, təkmilləşir. Odur ki, Azərbaycanda bələdiyyələrin təkmilləşməsi gedir, nəinki onun ləğvi”.

 

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu