Modern.az

Azərbaycanda vətəndaş cəmiyyəti: o nə qədər siyasi olmalıdır?

Azərbaycanda vətəndaş cəmiyyəti: o nə qədər siyasi olmalıdır?

24 İyun 2014, 12:56
      

Mütəllim Rəhimli 

Vətəndaş cəmiyyəti dedikdə Azərbaycanda siyasi proseslərdən kənarda yer alan və daha çox qeyri-hökumət təşkilatları, daha doğrusu, ictimai birliklər və bu tip qurumlarda təmsil olunan şəxslərin olduğu toplum başa düşülür. Belə çıxır ki, əgər fərd fəaldırsa və siyasi mövqeyə malik deyilsə, o, vətəndaş cəmiyyətinin yaradıcısıdır. Bəs əslində necə olmalıdır, əsl vətəndaş cəmiyyətini təşkil edənlər kimlərdir, siyasilər buraya nə qədər aiddir?

İlkin olaraq qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyətinin ən kiçik və sadə elementi fərdlərdir. Lakin bütün fərdlər vətəndaş cəmiyyətinin həqiqi üzvü ola bilmirlər. Vətəndaş yalnız öz istəyi ilə müəyyən mərhələlərdən keçərək sosiallaşmış şəxsiyyətə çevrilir və ancaq bundan sonra o, vətəndaş cəmiyyətinin sosial bazasına daxil olur. Sosiallaşma - insanın cəmiyyətə adaptasiyası, yəni cəmiyyətin fəal bir üzvünə çevrilməsi deməkdir. Başqa sözlə, sosiallaşma insanın fəal vətəndaş, bir şəxsiyyət kimi formalaşma prosesidir. Liderlik isə şəxsiyyət kimi formalaşmanın ən yuxarı pilləsidir. Z.Freyd bunu “super ego”adlandırırdı. Hazırda qeyri-hökumət təşkilatlarının rəhbərlərini, üzvlərini, təbii ki, fəal olanlarını bu kateqoriyaya aid etmək olar. Çünki şəxsiyyət kimi formalaşmada bioloji və psixoloji amillərlə yanaşı, sosial təsir amili də mövcuddur. Sosial amil dedikdə ictimai-siyasi fəaliyyət nəzərdə tutulur ki, nəticədə fəal vətəndaşı məhz bu yaradır.

Göründüyü kimi, sosial təsir amili ictimai-siyasi fəaliyyəti də nəzərədə tutur. Ona görə sosiallaşma ilə yanaşı siyasi sosiallaşma anlayışı da mövcuddur. Siyasi sosiallaşma - insanların siyasi münasibət və davranışlarında əks olunan bir prosesdir.Prosesin yüksək nöqtəsi də siyasətdə birbaşa iştirak və ya siyasi qərarlara təsiretmə gücüdür.

Siyasi sosiallaşma üçün vacib olan ilk amil siyasəti anlamaq, maraqlanmaq, fikir yürütmək və məsələlərə münasibət bildirməkdir. Cəmiyyətin siyasi həyatı da məhz insanlar arasındakı siyasi əlaqələrin ifadəsi və cəmidir.

Beləliklə, proses vətəndaşda siyasi fikri, cəmiyyətdə isə ictimai-siyasi rəyi formalaşdırır. Deməli, siyasi düşüncə daşıyıcıları da birmənalı olaraq vətəndaş cəmiyyəti institutlarına daxildirlər. Həm də onun ən yüksək pilləsində qərarlaşan, cəmiyyətin daha dərinliklərinə nüfuz edən, ona təsir imkanları yüksək olan hissəsidir. Bunu sosiallaşma ilə siyasi sosiallaşmanın müqayisəsindən də açıq-aydın görmək mümkündür. Belə ki, insan ilk növbədə sosiallaşma prosesini seçir. Artıq bu zaman vətəndaş cəmiyyətinin həqiqi üzvünə çevrilir. Növbəti mərhələdə siyasi sosiallaşma prosesinə qoşulur ki, bu da onun siyasi fəal vətəndaş olub-olmamasından, bunu istəyib-istəməməsindən asılıdır. Vətəndaş cəmiyyətinin qeyri-siyasi üzvünün siyasi sosiallaşma prosesinə qoşulması mütləq deyil. Bu, şəxsiyyətin dünyagörüşündən, xarakterindən asılıdır.Həm də nəzərə almaq lazımdır ki, hər bir cəmiyyət özünə uyğun sosiallaşmış vətəndaş yetişdirir.

Vətəndaş cəmiyyətinin siyasi sosiallaşma prosesini keçən üzvləri öz funksiyalarını ya fərdi qaydada, ya ictimai birliklər, ya da siyasi partiyalarda birləşərək yerinə yetirirlər. Hazırda çox yanlış olaraq belə bir düşüncə formalaşmaqdadır ki, siyasi fəaliyyət yalnız partiyalarda həyata keçirilə bilər. Halbuki araşdırmalar da göstərir ki, bir çox ictimai birliklərdə siyasi proseslərin analizi və proqnozlaşdırılması ilə məşğul olurlar. Onların siyasi partiyalardan fərqi var və ən qabarıq görünənidə hakimiyyət uğrunda mübarizə aparmamalarıdır.

Vətəndaş cəmiyyəti quruculuğunda siyasi plüralizmin, çoxpartiyalı sistemin daha da inkişafı xüsusi rol oynayır. Azərbaycanın müstəqil inkişaf tarixi siyasi plüralizmin getdikcə daha geniş təşəkkül tapması, yeni-yeni siyasi partiyaların formalaşdırılması və ölkəmizin ictimai-siyasi həyatında daha fəal rol oynamağa səy göstərməsi ilə səciyyələnir. Hazırda Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış 50-dən artıq siyasi partiya fəaliyyət göstərir. Siyasi partiyaların mövcudluğu ölkə daxilində vətəndaş cəmiyyətinin varlığının yüksək mərhələsindən xəbər verir. Çünki formal şəkildə olsa da, totalitar rejimlərdə ictimai birliklər fəaliyyət göstərirlər. Lakin siyasi partiyaların fəaliyyəti təhlükəli sayıldığından hakimiyyətlər tərəfindən onlara qarşı qadağalar tətbiq edilir. Totalitar və avtoritar cəmiyyətlərdə siyasi sosiallaşmadan da söz gedə bilməz. Çünki bunlarda şəxsiyyətin azadlığı məhdudlaşdırılır.

Demokratik quruluşun, vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri söz və vicdan azadlığının təmin olunmasından ibarətdir. Təbii ki, bunlar olmadan ictimai birliklərin və siyasi partiyaların varlığı formal xarakter daşıyardı. Deməli, vətəndaşın sosiallaşması üçün azadlıqlar tələb olunursa, siyasi sosiallaşması üçün daha artıq azadlıqlar təmin edilməlidir.

Daha bir mühüm məqam. Siyasi yönümlü vətəndaş cəmiyyətinin formalaşması sivil mübarizə metodlarına üstünlük verir, nəinki inqilablara. Həm də nəzərə almaq lazımdır ki, bu zaman cəmiyyətin daxilində ümumi inkişafa təkan verən fikir müxtəlifliyi mühiti formalaşsa da, barışmaz qütblər yaranmır. Siyasiləşən qruplar ümumi mənafelər naminə anlaşmaya nail ola bilirlər, qarşılıqlı qisasçılıq hissi yaşanmır.

Vətəndaş cəmiyyəti institutlarında siyasi yönümlü ictimai birliklərin olması hakimiyyət uğrunda mübarizə aparan partiyaların yaratdığı gərgin atmosfer şəraitində də olduqca vacibdir. Siyasi partiyalar bir çox hallarda həqiqətin etirafını inkar etdiyi məqamda ictimai birliklər bunun qarşısını ala bilirlər. Onlar bir növ cəmiyyətdə bir-birinə əks olan fikirlər burulğanında obyektivliyin harada və kimdə olduğunun tapılmasına yardımçı olurlar. Cəmiyyətdə düzgün və adekvat fikirlər yaratmağa çalışırlar. 

Demokratik dəyərlərin kifayət qədər inkişaf etdiyi ABŞ və Qərb ölkələrində həm iqtidarın, həm də hakimiyyətə can atan partiyaların siyasi proseslərin nəbzini tutmaq üçün istinad etdiyi etibarlı mənbələr arasında istimai birliklərin hesabatları, proqnozları, təhlilləri mühüm yer tutur. Biz belə təşkilatlara istinadları hətta beynəlxalq siyasətdə də müşahidə edirik.

Bütün bunlar respublikamızda da siyasi istiqamətli ictimai birliklərin fəaliyyətinə normal yanaşılmasını və onların formalaşma prosesinə dəstək verilməsini diqtə edir. Çünki bu, milli mənafelərimizin və milli maraqlarımızın qorunmasına dəstək və qayğı olardı. 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu