Paytaxt mikrorayonlarından birində yerləşən Tennis Akademiyası 2010-cu ildən fəaliyyət göstərir. Modern.az-a bu akademiya haqda danışan direktor Salam Əlizadə deyir ki, 4 ildə qazanılan ən böyük uğur Avropada ən yaxşı tennis akademiyası adına (2011-ci il) layiq görülməsidir.
“Tennis elə bir idman növüdür ki, onu öyrənmək, bacara bilmək insanın illərini alır. Hazırda akademiyada 223 yeniyetmə dərs alır. Onları 5 yaşdan qəbul edirik və çalışırıq ki, qəbul həddi 14 yaşdan yuxarı olmasın. Yeganə idman növü tennisdir ki, burada dünya çempionatı olmur. Yalnız “Qran Pri” yarışları keçirilir. Beynəlxalq turnirlərdə iştirak etmək üçün əvvəlcədən tennis oyunlarında iştirak edib xal yığmaq lazımdır.
Tələbələrimiz isə artıq Estoniya və Türkiyədə keçirilən beynəlxalq turnirlərdə yer qazanıblar”, – deyə Akademiya direktoru qeyd edir.
S. Əlizadə deyir ki, hər il memorial turnirlər keçirilir. Heydər Əliyevin ildönümündə də tennis turnirləri təşkil edilir. Bununla yanaşı, “Pasha Bank” da tennis üzrə öz turnirlərini keçirir. “İyulun 22-də Bakı Tennis Akademiyasında qadınlararası “Baku Cup”beynəlxalq turniri keçiriləcək. Bu beynəlxalq yarış artıq 4 ildir keçirilir. Turnir dünyanın tanınmış tennisçilərinin iştirakı ilə baş tutacaq. Almaniya, İspaniya, Koreya, Rumıniya, Ukrayna, Avstriya və digər dünya ölkələrinin nümayəndələri turnirə qatılacaq. Yarışda Azərbaycanı Tennis Akademiyasından 2 xanım tennisçi – Nəzrin və Kamilə təmsil edəcəklər. Beynəlxalq turnirdə xal hesabı daha çox olan ölkə oyunun keçirilməsini sahiblənir. Hələlik buna qadir olmasaq da, müəyyən yerlərə sahib ola bilərik”.
Direktorun sözlərinə görə, Tennis Akademiyası daha çox xarici vətəndaşların diqqətini cəlb edir. “Onlar öz uşaqlarını akademiyaya gətirilər və bundan əlavə özləri də həvəskar qaydada tennislə məşğul olurlar”. Direktor deyir ki, həftədə 3 dəfə 1 ay boyunca tennislə məşğul olmağın qiyməti 50 manatdır. Asudə vaxtlarında tennis oynamağa gələnlər isə 1 saatına 20 manat ödəyirlər.
Qeyd edək ki, Tennis Akademiyası və Tennis Federasiyası əslində ayrı qurum olsalar da, demək olar ki, qarşılıqlı fəaliyyət göstərirlər. Onlar həm də inzibati binaları ilə qonşudurlar. Federasiyanın 5 tennis kortu və 7 açıq tennis kortu var. S. Əlizadə deyir ki, hətta nazirlər və deputatlar da tennisə maraq göstərir. “Federasiyanın rəhbəri Oqtay Əsədov daim Akademiyanın fəaliyyəti ilə maraqlanır və özü də burada tennislə məşğul olur”.
Foto: Rafiq Qənbərov