Bu gün AzərbaycanRespublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Moskva Subregional Bürosunun direktoru xanım Dmitrina Dimitrova ilə görüşüb. Bu barədə məlumatı Modern.az-a ASK-nın mətbuat xidmətinin rəhbəri Günel Yusifqızı verib.
Görüş zamanı Azərbaycanın sürətli inkişafından ətraflı söhbət açan M.Musayev bildirib ki, uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində ölkəmizdə sahibkarlıq fəaliyyətinin genişlənməsinə imkanlar yaranıb. Əlverişli biznes və investisiya mühitinin formalaşmasının real nəticəsi olaraq ölkəmiz artıq investisiya ixrac edən ölkəyə çevrilib. Ölkəmizdə gənclərin məşğulluğu istiqamətində görülən işlərdən də söhbət açan M.Musayev qonaqlarla birgə Üçtərəfli Sosial Şuranın yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.Dmitrina Dimitrova Azərbaycanın sürətli inkişafını və müxtəlif sahələrdə əldə etdiyi uğurları yüksək qiymətləndirib.
Gənclərlə bağlı layihələrin həyata keçirilməsinin vacibliyinə toxunan Dmitrina Dimitrova gələcəkdə bu sahədə birgə əməkdaşlıq üçün yaxşı imkanların mövcudluğunu dilə gətirib.
Gülşən RAUFQIZI