Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin nəzdindəki hərbi attaşelik aparatının təşkilatçılığı ilə Londonda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümünə həsr olunan rəsmi ziyafət təşkil edilib. Modern.az xəbər verir ki,Londonun “The Royal Horseguards” mehmanxanasında keçirilmiş mərasimdə Böyük Britaniyanın Beynəlxalq Təhlükəsizlik Strategiyası üzrə Dövlət Naziri Andryu Murrison, Baş Qərargah rəisinin müavini genral-polkovnik Jeyms Everard, Müdafiə Nazirliyinin generalları və rəsmiləri, Lordlar Palatası və Parlamentin nümayəndələri, Londonda akkreditə olunmuş bir sıra dövlətlərin səfirləri və hərbi attaşeləri, bu ölkədəki azərbaycanlı icmasının üzvləri və digər qonaqlar iştirak ediblər.
Səfir Fəxrəddin Qurbanov tədbir iştirakçılarını Azərbaycan hökumətinin milli ordu quruculuğuna yüksək diqqət və qayğısından bəhs edib. Səfir ölkəmizin müstəqilliyini bərpa etməsindən keçən müddət ərzində görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan milli ordusunun regionun ən güclü ordusuna çevrildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin Londondakı hərbi attaşesi polkovnik-leytenant Vüqar Əhmədov Silahlı Qüvvələrin yaranması tarixindən, müstəqilliyin bərpa olunmasından sonrakı ilk dövrlərdə çətin ordu quruculuğundan danışmış, hazırda isə ölkənin ərazi bütövlüyünü tam təmin etməyə qadir güclü ordunun mövcud olduğunu bildirib.
O, qeyd edib ki, Azərbaycan ərazisinin 20%-i Ermənistan tərəfindən işğal olunub və Azərbaycan Silahlı Qüvvələrinin 80%-i bu gün səngərlərdədir: “Bu gün işğal vəziyyəti nəinki regionumuzu, hətta bölgədən kənarda təhlükəsizliyi ciddi təhdid edir. Buna baxmayaraq, Azərbaycan ordusu beynəlxalq təhlükəsizliyə və Avro-Atlantik məkandakı sabitliyə öz töhfəsini vermiş və bu rolunu davam etdirməkdədir” Daha sonra hərbi attaşe Azərbaycan – Böyük Britaniya hərbi əlaqələrindən söhbət açaraq, bu əlaqələrin intensiv inkişafından ətraflı bəhs edib.
Tədbirdə çıxış edən Dövlət Naziri Andryu Murrison təmsil etdiyi hökumət adından Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar təbriklərini çatdırıb, Azərbaycan və Böyük Britaniya arasında müxtəlif sahələrdə getdikcə genişlənən dinamik inkişafdan məmnunluğunu bildirib.
200-ə yaxın çox qonağın iştirak etdiyi mərasimdə Azərbaycan bəstəkarlarının simfonik əsərləri səsləndirilmiş, Silahlı Qüvvələrimizə həsr olunmuş videoçarxlar nümayiş etdirilmiş və rəsmi hissədən sonra qonaqlara milli mətbəximizin nümunələri təqdim olunub.
Modern.az