İyunun 28-dən Bakıda ATƏT Parlament Assambleyasının (PA) 23-cü illik sessiyası keçiriləcək. Modern.az xəbər verir ki, ATƏT PA-nın ən böyük tədbiri hesab edilən illik sessiyaya Azərbaycan ilk dəfə olaraq ev sahibliyi edəcək. Qeyd edək ki, ATƏT PA-da iştirakçı ölkələr 323 deputatla təmsil olunur. İyulun 2-dək davam edəcək sessiyada ümumilikdə təqribən 500 nümayəndənin sessiyaya qatılacağı gözlənilir. Sessiya media nümayəndələri üçün tam açıq keçiriləcək. Sessiyada ATƏT PA-nın rəhbər orqanlarına seçkilər keçiriləcək. Bundan əlavə, ATƏT PA-nın hər üç komitəsinin: Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin, İqtisadiyyat, Elm, Texnologiya və Ətraf Mühit üzrə Komitənin və Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin məruzəçiləri tərəfindən hazırlanmış qətnamə layihələri və hesabatlar da sessiyada dinləniləcəkdir. Sessiyanın yekununda isə həm plenar iclasda, həm də hər üç komitədə qəbul edilən qətnamələr vahid Bakı Bəyannaməsi adı altında təsdiq olunacaq.
Modern.az