Modern.az

Şirin-şəkər kökəm, səni yeyərəm

Şirin-şəkər kökəm, səni yeyərəm

27 İyun 2014, 11:30

Flaviya Laserdanın ilk fotosunu görəndə də mən kök qadınlara münasibətdə necə dəyişdiyimi bir daha anladım.

O, indi dünyanın tanınmış manken-modellərindən biridir. Dəb jurnallarının üz qabığında tez-tez görünür, üstəlik, kinoda da özünü rejissor kimi sınayıb.

34 yaşında, boy – 1.72, ölçülər – 109-88-121. Yəni standartdan kənar, yəni kök, amma... gözəldir!

Düzü, kök qadın görəndə yadıma düşən ilk şey Gi de Mopassanın “Gombul” novellası olur:

“Necə deyərlər, “yüngül əxlaqlı”lardan olan qadın yaşından böyük köklüyü ilə dillərə düşərək “Gombul” ləqəbiylə tanınırdı. Bəstəboy, bütünlüklə yupyumru, üzündən yağ daman, toppuş barmaqlı, damarları hörmə şəklində dartılmış, şümal və parlaq dərili, donunun altından qabarıb üzə çıxan meydan sinəsi ilə həm də ağlı başdan aldığından arxasınca çox adam sürünürdü, çünki heç keçməli şey deyildi...”

Hə, məhz “Gombul”! Amma bu heç də o demək deyil ki, bütün kök qadınlara “Gombul”a xas olan “məziyyətlər”i şamil edirəm.

Çoxları kimi, mənim də kök adamlara baxışım əvvəllər “sağlam deyildi”. Mən də köklərə “xəstə adamlar” kimi baxırdım. Amma görünür, yaş zövqü dəyişir. Köklərin şirinliyini indi mən də seçirəm. Allaha şükür...

Arıq-ələngə qızları bəyənən kişilərin əksəri 90-60-90 standartına üstünlük verir. Əlbəttə, bu, ilk növbədə, zövq məsələsidir. İkincisi, köklüyün məişətdə və işdən savayı, intim münasibətlərdə yaratdığı diskomfortu da nəzərə alıram.


Qarınqulu adamları, təbii ki, heç kim sevmir. Amma köklük təkcə mədəyə ifrat “xidmət”lə bağlı deyil. Adam var “növü” belədir: gün boyu pəhriz saxlasın – arıqlayan deyil. Adam da var partlayana qədər yeyir – bir sümük, bir dəridir.

Bu arada yadıma Ziqmund Froydun bir sözü düşdü: “Kişilər analarına oxşar qadınlarla evlənir”. Əksəriyyət deyir ki, məhz belədir. Amma bəyəndiyimiz tökməbədən qadınların hamısı mütləq analarımızın oxşarıdırmı?

Adətən, söylənir: “Kök qadını heç bir kişi bəyənməz!” Hardasa haqlı iddiadır. Amma çoxunun rəğbətini qazanan, podiumlarda, ya da elə küçədə-bacada şahanə yerişləri ilə ürəkləri donduran, ya da ağız sulandıran arıq-ələngələrdən onların nəyi əskidir?

Hikkəli, ərköyün, qısqanc mina gərdənli, zülfü siyah, sarışın, əsmər gözəllərə nisbətən kök qadınlar həlim, üzüyola xasiyyətlidir. Zahirən tam əksi duyulsa da...

Başqa üstünlükləri də sadalamaq yerinə düşər: heç biri əzablı pəhrizlərə qatlanmır, rejimi gözləmə məcburiyyətində qalmır, telindən bircə tükün əskik gəlməsi, yaxud üzündə çıxmış sızanaqdan əsəb böhranı keçirməli olmurlar. Başqa yandan, sənə hər zaman göz dağı verməyə hazır olan rəqib-rəfiqələr də yoxdur. Bəyənilməmək, gözdən düşmək, başlıcası qocalmaq, yəni sonda şöhrəti yelə vermək kompleksi olmadan yaşamanın zövqü bir başqadır, inanın.

Çətin ki kimsə mənimlə həmrəy ola!.. Çətin ki kimsə deyə: “Şirin-şəkər kökəm, səni yeyərəm!..

Yenə yadıma Mopassanın “Gombul”u düşdü:

“Heç kim ona baxmırdı, heç onu düşünmürdü. Hiss eləyirdi ki, əvvəlcə onu qurban verən, sonra çirkli, gərəksiz əski kimi tolazlayıb kənara atan bu təpədən-dırnağa əclafların içindəki nifrətin dənizində boğulub-batır... yetərindən artıq dartılmış və qəfil qırılmış tel kimi qəzəbi qəfildən sakitləşdi və o, hiss elədi ki, hönkürüb ağlamağa hazırdır. Gombul ciddi-cəhdlərlə özünü toxtatmağa çalışdı, uşaq kimi göz yaşlarını ağzına alıb uddu; kirpiklərindəki damlalar parıldayırdı və tezliklə iki böyük göz yaşı damlası yanaqlarından süzüldü. Sonra daha bir neçəsi, əvvəlkilərdən də iri və becid; onlar lap şəlalə kimi həmahəng şəkildə axaraq şişman sinəsini, döşlərini isladırdı. Gombul donuq, solğun siması ilə dübbədüz oturmuş, gözləri bir nöqtəyə yönəlmişdi, güman edirdi ki, heç kim ona fikir verməyəcək...”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?