Ramazan ayı başlayıb. Oruc tutanların ibadət və duaları qəbul olunsun! Modern.az saytı media təmsilçiləri arasında Ramazanın vacib əməlinə qatılanlarla maraqlanıb.
“Gündəlik Teleqraf”ın əməkdaşı Nərmin Muradova bildirib ki, redaksiyada 5 nəfər oruc tutur. “Havalar mülayim keçdiyindən elə bir çətinlik və ya narahatlıq hiss etmirlər”. N.Muradova Ramazan günlərində evdə qalmağı arzu edir. “İstər-istəməz jurnalistikanın gərgin iş rejimi, kompüterdə dayanmadan işləmək insanı müəyyən qədər yorur. Çalışacağam ki, məzuniyyətimi də elə bu aya salım. Çox sevinirəm ki, oturduğum otaqda məndən əlavə 2 nəfər də oruc tutur. Allah hər kəsin orucunu qəbul etsin!”.
APA TV-nin xəbər müdiri Gülşən Hacıyeva bildirib ki, onların redaksiyasında böyük əksəriyyət oruc tutur.
“Mövqe.az”ın əməkdaşı Zülfiyyə Quliyeva redaksiyalarında 4 nəfər oruc tutan jurnalistin olduğunu qeyd edib. Z. Quliyeva hesab edir ki, Ramazan bərabərlik ayıdır, bu ayda hər kəs imkan daxilində oruc tutmalıdır ki, ac insanların halını, durumunu anlayıb onlara hər zaman rəhm, xeyirxahlıq etsinlər.
“Qafaqazinfo.az”dan verilən məlumata görə, redaksiyada cəmi 1 nəfər oruc tutur.
“Yeni Müsavat”ın yazarı Aygün Muradxanlı redaksiyalarında Rauf Arifoğlu, Azər Rəşidoğlu, Kənan Rövşənoğlu, Zahid Səfəroğli, Vaqif Hüseyninin oruclu olduqlarını deyib.
“1937.az”ın yazarı Leyla Əliyava yalnız özünün oruclu olduğunu qeyd edir.
“Ulus” internet televizyasında isə 2 nəfər oruc tutur. Məlumatı verən redaksiyanın əməkdaşı Nərgiz Liftiyevanın sözlərinə görə, özü də orucludur.
“Kanal 13” internet televizyasin əmakdaşı Şəfiqə Dadaşova bildirib ki, redaksiyaları o qədər də böyük deyil və 2 nəfər oruc tutur.
Modern.az-da isə hazırda 4 nəfər orucludur. Qeyd edək ki, onların oruclu olduqları hiss olunmur. Belə ki, həmişə olduğu kimi, operativ fəaliyyət göstərirlər.
Məltəm Talıbzadə