Bu gün Azərbaycan polisi peşə bayramını qeyd edir. Tarixi 1918-ci ilə dayanan Daxili İşlər Nazirliyi əməkdaşları o gündən bu günə ölkədə asayişin qorunmasında, təhlükəsizliyin mühafizəsində, sabitliyin və əmin-amanlığın qorunmasında, cinayətkarlığa qarşı mübarizədə fədakarlıqlar göstəriblər.
DİN nümayəndələrinin əsas şücaəti isə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra bir daha üzə çıxıb. Belə ki, Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti yaxından iştirak edir.
Modern.az xəbər verir ki, məhz bu döyüşlərdə Daxili İşlər Nazirliyi 932 şəhid verib, 681 əməkdaş isə əlil olub. Odlu-alovlu döyüşün içindən sağ-salamat çıxanlar isə təbii ki, mükafatlandırıldılar. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri fədakarlıqlara, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiklərinə, xidməti vəzifələrini yerinə yetirərkən cəsarət göstərdiklərinə görə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə daxili işlər orqanlarının 66 əməkdaşına “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” fəxri adı verilib, 86 əməkdaş “Azərbaycan Bayrağı” ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif olunublar. Mərhum prezident Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı Fərmana əsasən, hər il iyulun 2-si daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
Gültəkin ƏLƏSGƏR