Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) baş nazir Rəcəb Tayib Ərdoğanın avqustun 10-na nəzərdə tutulan seçkilərdə iştirak etməsi üçün prezidentliyə namizədliyini rəsmi olaraq irəli sürdü. Ərdoğanın prezidentliyə namizdəliyi ilə bağlı deputat Məlahət İbrahimqızı Modern.az-a geniş açıqlama verib:
“Bilirsiniz ki, bir müddət öncə Türkiyədə bələdiyyə seçkiləri keçirildi. Dünya ictimaiyyəti bələdiyyə seçkilərini diqqətlə izləyirdi. Hətta Türkiyənin daxilində baş verən prosesləri nəzərə alaraq, Ərdoğanın simasında AKP-nin məğlubiyyətə uğrayacağı proqnozlaşdırılırdı. Bələdiyyə seçkilərində səs çoxluğu ilə qələbə çalan AKP-nin namizədləri bir daha sübut etdilər ki, Ərdoğanın Türkiyədə çox böyük dayağı var və o xalqın çoxluğunun dəstəklədiyi və dəyişməz elektorata malikdir. Bu günlərdə prezident seçkilərində iştirak etmək üçün müxalifət öz namizədinin adını açıqlamışdı. Qeyd etmək istərdim ki, 2002-ci ildə Ərdoğan hakimiyyətə gələndən sonra Türkiyədə bir qrup müxalifət partiyası o qədər zəiflədi ki, artıq onlar siyasi paroseslərdən kənarda qalıblar. Bəziləri isə siyasi arenadan çəkiliblər. AKP hakimiyyətə gələndən sonra Türkiyədə əsas ana müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) kəskin olaraq öz elektoratını itirdi və getdikcə siyasi gündəmdə siyasi çəkisi azalmağa başladı. Hesab edirəm ki, CHP və MHP-nin kəskin zəifləməsi Türkiyə tarixində ilk dəfə olaraq siyasi iflas kimi qəbul olunurdu. Yəni ən azı türk dünyasının böyük oğlu Atatürkün qurmuş olduğu bir partiyanın qurucusuna layiq olmayan vəziyyətə düşməsi, məncə müsbət dəyərləndirilməməlidir”.
M.İbrahimqızının sözlərinə görə, bundan əlavə, CHP və MHP-nin bir-birinə yaxınlaşması da bir başqa ziddiyyətdir:
“Hətta Barış və Demokrat Partiyasının (BDP) da bu cütlüyə qoşulacağı gözlənilir. AKP-ni məğlubiyyətə uğratmaq üçün bu partiyalar bələdiyyə seçkilərində onsuz da qeyri-rəsmi siyasi ittifaq yaratmışdı. İndi isə prezident seçkisi ilə əlaqədar açıq-aşkar rəsmi ittifaq yaradıldı. Bələdiyyə seçkilərində olduğu kimi Ərdoğan indi də xalqın böyük əksəriyyətinin dəstəklədiyi liderdir. Dünyada da güclü xarizmatik bir lider kimi tanınır. Ərdoğanın məğlubiyyətə uğraması üçün CHP və MHP hətta, lazım gələrsə BDP ilə də birləşməyə hazırdır. Bunu son proseslər də göstərir. Avropa və Amerika kimi ölkələrdə belə vəziyyət olsaydı, daha doğrusu, bir-birinə zidd prinsipləri olan partiyalar ittifaq yaratsaydı, bu partiyaların liderlərini onların üzvləri istefaya məcbur edərdi”.
Deputat əmindir ki, xalq yenə də öz seçimini edəcək: “Türkiyədə seçicilər xalqın içərisindən olan və xalqa xidmət edən bir liderə səs verəcək. Uzun müddət İslam Əməkdaşlıq Təşkilatına (İƏM) uzun müddət rəhbərlik edən, professor Ekmələddin İhsanoğlu xaricdə doğulub, həyatının uzun illərini xaricdə yaşayıb və çağdaş seçicinin tələbi və ehtiyacı olan xalqla yaxınlığı olmayan bir namizəddir. Bu mənada mən AKP-nin namizədinin seçilməsinin daha real olduğunu düşünürəm. AKP bu gün həm də xalqın çoxluğunun partiyasına çevrilib və onlar da Ərdoğana inanır.”
Deputat Ərdoğanın prezident seçiləcəyi təqdirdə yerinə baş nazir gələcək şəxsdən də danışıb: “Onun yerinə baş nazir postuna gələcək adamın Ərdoğan kimi olacağına şübhə edirəm. Təbii, yeni baş nazirin Ərdoğan kimi olmaması o demək deyil ki, bu uğursuzluqdur. Ərdoğanın partiyası güclü komandaya malikdir. Bu partiyanın tərkibində güclü siyasətçilər var. Hesab etmirəm ki, baş nazir olacaq şəxs AKP-nin və Türkiyənin uğursuzluğuna təsir edə biləcək qüvvə olacaq. Ad çəkmək istəmirəm. Amma bu gün bu partiyada həqiqətən də güclü siyasətçilər də yetişib. Bildiyiniz kimi, Türkiyə parlamentli ölkə olduğuna görə dövləti baş nazir və parlament idarə edir. Türkiyə mətbuatından və Türkiyə Böyük Millət Məclisində danışılan məsələlərdən belə məlum olur ki, Türkiyə prezidentli ölkə idarəetməsinə keçmək istəyir”
Namidə BİNGÖL