Modern.az

Fövqəladə Hallar Nazirliyi: “Altı ayda 10 nəfər suda boğulub, 49 nəfər xilas edilib”

Fövqəladə Hallar Nazirliyi: “Altı ayda 10 nəfər suda boğulub, 49 nəfər xilas edilib”

2 İyul 2014, 15:33

“2014-cü ilin ötən 6 ayı ərzində Azərbaycanın ümumi su hövzələrində boğulma ilə üzləşən 49 nəfər xilas edilib. “Onların 26 nəfəri qadağan olunmuş, 23 nəfər isə çimərlik ərazilərində xilas edilib”.

Bunu Modern.az-a Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Mənsur Piriyev deyib.

Onun sözlərinə görə, bu il çimərlik mövsümünün başlanması da daxil olmaqla 10 nəfər qadağan olunmuş ərazilərdə boğulub. Onların cəsədləri sudan çıxarılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.

Sektor müdiri deyib ki, respublika ərazisində xilasetmə ilə yanaşı, maarifləndirmə işi də sürətləndirilib: “Bəzən bədbəxt, kriminal  hadisələr baş verir. Belə hallar nəzərə alınaraq ilin sonunda statistika dəyişə bilir”.

M.Piriyev deyib ki, hazırda Dövlət Sulardan Xilasetmə xidmətinin 42 struktur bölməsi çimərlik ərazisində səhər saat 09:00-dan axşam saat 21:00-a kimi fəaliyyət göstərirlər: “Eyni zamanda, hər məntəqədə də müəyyən sayda əməkdaşlar gecə növbəsində çalışır. Bakıda və Abşeron yarımadasında yerləşən çimərliklərdə həm təcili tibbi yardımın əməkdaşları, həm də ərazilər üzrə dislokasiya olunmuş polis nəfərləri fəaliyyət göstərirlər. Bütün işçilərimiz gücləndirilmiş iş rejimində vətəndaşlara xidmət edir”.

Sonda nazirlik rəsmisi Modern.az vasitəsilə vətəndaşlara müraciət ünvanlayıb:

“Son günlər küləkli hava şəraiti ilə əlaqədar olaraq su hövzələrində təhlükəsiz davaranış qaydalarına əməl etsinlər. Ən əsası isə belə havalarda azyaşlıları dəniz sahilində nəzarətsiz buraxmasınlar”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu