Modern.az

QHT mediada məsuliyyət mövzusunu müzakirəyə çıxardı

QHT mediada məsuliyyət mövzusunu müzakirəyə çıxardı

2 İyul 2014, 17:27


Bir qrup media orqanına ödül təqdim olundu   

Bu gün Gənclər Evində “Ortaq Dəyərlər” İctimai Birliyi “Media azadlığı və ictimai məsuliyyət” mövzusunda tədbir keçirib. Birliyin sədri Aqil Camal bildirib ki, rəhbəri olduğu qurum Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə bu ilin aprel, may və iyun aylarında “Kütləvi informasiya vasitələrində milli-mənəvi dəyərlərin və etik normaların qorunması sahəsində maarifləndirmə işi” adlı layihə həyata keçirib. Layihə çərçivəsində müxtəlif media orqanlarında bu mövzuda məqalə və müsahibələr dərc olunub.
Eyni zamanda, layihə müddətində ölkədə gündəlik çıxan 10 qəzet, 10 xəbər portalı və 7 yerli televiziya kanalında monitorinq aparılıb. A.Camal deyib ki, monitorinqin nəticələrinə görə hazırda Azərbaycan mediasında özünü göstərən bir sıra tendensiyalar, medianın cəmiyyət qarşısındakı mənəvi məsuliyyətini,  milli-mənəvi dəyərlərin və etik normaların qorunması sahəsində vəzifələrini kölgədə qoyur: “Bəzi media qurumları, jurnalistlər cəmiyyət qarşısında ictimai məsuliyyətini, maarifçi missiyasını unudaraq, fəaliyyətlərini yalnız “oxunaqlı xəbər” siyasəti üzərində qururlar. Bunun da mənfi fəsadları cəmiyyət həyatında müxtəlif formalarda büruzə verir.

Tədbirdə "Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi"nin direktoru Elşad Abdullayev mərkəz haqqında ətraflı məlumat verib və iştirakçıları əməkdaşlığa dəvət edib.

CASCFEN sədri Azər Həsrət
çıxışında qeyd edib ki, Azərbaycan mediasında problemlər təkcə, mənəviyyat, etika ilə bağlı deyil. Onun sözlərinə görə bəzi hallarda Ermənistan mediasından götürülmüş təxribatçı xəbərlər Azərbaycan mediasında tirajlanır: “Bu isə dolayı yolla ermənilərin informasiya müharibəsinin iştirakçısı olmaqdır”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə
oxucu zövqünün korlanmasında media orqanlarını qınayıb.

Modern.az saytının rəhbəri Elşad Eyvazlı
isə qeyd edib ki, insanlar üçün geniş seçim imkanı var: “Bizim mediamızda profilləşmə getməlidir. Bu olsa, hər kəs onu təmin edən informasiya resurslarının izləyicisinə çevriləcək”.

Türk Hərəkatı İctimai Birliyinin sədri Həbib Ələkbərsoy oxucu, dinləyici zövqünün formalaşdırılmasında medianın birbaşa məsuliyyət daşıdığını vurğulayıb. Və bununla bağlı bir sıra örnəklər göstərib.
Birliyin sədr müavini Nigar İsfəndiyarqızı
ümid etdiyini bildirib ki,  layihə çərçivəsində həyata keçirilən tədbirlər Azərbaycan KİV-də qabarıq şəkildə müşahidə olunan milli-mənəvi dəyərlərin və etik normaların pozulması hallarının nisbətən aradan qaldırılmasına şərait yaradacaq. 

“The World Community” jurnalının rəhbəri
Ramilə Eminli son illər Azərbaycanda bir çox sahələr kimi kütləvi informasiya vasitələri də inkişaf və modernləşmə dövrünü yaşadığını bildirib: “Bununla belə m ətbuatın maddi-texniki bazasının gücləndirilməsi, onun müstəqilliyinin möhkəmlənməsi üçün dövlət büdcəsindən hər il yazılı və elektron mediaya xeyli miqdarda vəsait verilir".

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı
qloballaşma şəraitində, həmçinin informasiya-kommunikasiya texnologiyalarının ildən ilə inkişaf etdiyi bir dövrdə milli-mənəvi məsələlərin mediada tənzimlənməsinin çətin olduğunu söyləyib.

Bu fikri davam etdirən “Millətçilik” qəzetinin baş redaktoru Pərviz Elay hesab edir ki, media orqanları bütövlükdə olmasa da, müəyyən kəsim media qurumları cəmiyyətin maariflənməsi missiyasını davam etdirməlidir.

“Xalq Qəzeti”nin əməkdaşı Rəsmiyyə Qarayeva
isə mediada yer alan yalan informasiyalardan, başlığı ilə içərisi uyğun gəlməyən, bəzən də ziddiyyət təşkil edən xəbərlərdən şikayətlənib.

Sonra, layihə çərçivəsində aparılmış media monitorinqin nəticələrinə uyğun olaraq bir neçə media orqanı mükafatlandırılıb.

“Fəaliyyətində milli-mənəvi dəyərləri, etik normaları daim qoruyan televiziya” nominasiyası üzrə İctimai Televiziya, “fəaliyyətində milli-mənəvi dəyərləri, etik normaları daim qoruyan xəbər portalı” olaraq Modern.az saytına, “fəaliyyətində milli-mənəvi dəyərləri, etik normaları daim qoruyan qəzet – nominasiyası üzrə isə “Kaspi” və “Olaylar” qəzetlərinə ödül təqdim edilib.


   

Ulduz İBRAHİMOVA
Rafiq QƏNBƏROV 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu