Abid Tahirli,
filologiya elmləri doktoru
Rəssamın fırçası yazıçının qələminə bənzəyir, yaxud əksinə. Əsər yaradılır, sənətsevərin ixtiyarına, mühakiməsinə buraxılır. Bədii əsərin mətnini hamı eynən – olduğu kimi oxuyur, tabloya da hər kəs eyni gözlə, nəzərlə tamaşa edir. Hər ikisində müəllif arxa planda, oxucu, tamaşaçı axtarışda, öz dünyasındadır. Müasir İncəsənət Muzeyinin nəşrə hazırladığı «Məryəm Ələkbərli» adlı kataloqda (Bakı, «Şərq-Qərb», 2014, 95 səh.) istedadlı və tanınmış rəssam Məryəm Ələkbərli tamaşaçılarına belə fürsəti yaratmışdır: 63 kompozisiyanı, natürmortu, portreti birləşdirən kataloq zəngin və bənzərsiz kitab-muzeyi xatırladır. Maraqlı və diqqətçəkicidir ki, rəsmlərin adları şərtidir və onlar muzey bələdçisi kimi tamaşaçını istiqamətləndirmir, çərçivəyə salmır, eksponatı şərh, izah etmir, tabloya, onun rənglərinə müxtəlif prizmalardan baxmağa, dəyərləndirməyə şərait yaradır: qoy tamaşaçı özü rənglərin «dilini” tapsın, onların təmas anını, ayrılıq məqamını müəyyənləşdirsin, rənglərin bulandığı, yaxud durulduğu nöqtəni təyin etsin, rənglərin qarışığından yaranan səhnənin «təzadmı, harmoniyamı?» olduğunu üzə çıxarsın, fikirlərə, xəyallara, düşüncələrə dalsın. Doğrudur, bütün hallarda rəssam qəlbinin çırpıntıları duyulur, onun həyəcanı, istək, arzusu hiss olunur. Doğma dildən başqa rus, ingilis, fransız dillərini də bilən Məryəm Ələkbərli daha bir dillə də ünsiyyət yaratmağı danışmağı bacarır. Bu, sənətin dili, rənglərin dilidir. O, tamaşaçıya hökm etmir, lakin məhz rənglərin dili ilə onu öz iç dünyasına cəlb edir, onun ruhunu oxşayır.
Körpəlikdən rəsm çəkməyə başlayan gənc rəssamın baş qəhrəmanı insandır. O, özünüifadənin ən yaxşı üsulunu bəşər övladının müxtəlif məqamlarında, fərqli məkanlarda, dəyişik emosional-ruhi situasiyalarda rənglərlə «dondurmaqda» görür. İlk baxışda elə təəssürat yaranır ki, onun qəhrəmanları şəkil çəkdirmək üçün fotoqrafın qarşısında duran lal-dinməzlərdir. Lakin bu zahiri və keçici görüntü bir anın içərisində alt-üst olur. Al-əlvan rənglər çöhrələrə min-bir məna, gözlərə işıq, saçlara yaraşıq verir, rəssamın qəhrəmanının baxışı səni duyğulandırır, təsirləndirir, xəyala daldırır, düşündürür, ovsunlayır, doğmalaşdırır… Məryəm Ələkbərli gülləri də insanları sevdiyi qədər sevir. Təsadüfi deyil ki, güllər rəssamın sevimli mövzulardandır. Onun «Çiçəkləyən vadi»sinin əsrarəngizliyi və ətri səni bihuş edir, al-əlvan, bir-birindən gözəl gülləri (Sarı qızılgüllər, Qızılgüllər, qızılgüllər, qızılgüllər, Ağ qızılgüllər, Yaşıl fonda buket, Sarı buket, Kalla və s.) ruhunu oxşayır, uşaq-yaxın xatirələri yada salır. Fikrimcə, dəniz (Dəniz. Buludlar, Dəniz. Sakitlik, «Rozmari» çimərliyi) Məryəm Ələkbərlidə bir obrazdır, simvolikadır, təmizliyin, paklığın, ümidlərin, xəyalların, intəhasızlığın inikasıdır.
Milli rəssamlığımızda xüsusi yeri olan natürmort janrına Məryəm Ələkbərli tez-tez müraciət edir. Onun natürmortlarındakı (Mavi fonda natürmort, Natürmort, Meyvə və ağ bardaq ilə natürmort, Buketlə natürmort) növbənöv meyvələr budaqdan ayrılsa, rəngbərəng çiçəklər, güllər gövdədən qoparılsa da, qəlbləri fəth etmiş, orada məskən salmışlar. Məryəmin rəsmləri rənglər kimi sədd-sərhəd tanımır, şəhərbəşəhər, ölkəbəölkə sərgilənir. İlk sərgisi 2010-cu ildə Bakıda təşkil olunmuş, sonralar İstanbulda, Ankarada, Berlində, Parisdə, Romada, Moskvada Məryəmin fərdi sərgiləri keçirilmiş, böyük maraqla qarşılanmış, əks-səda doğurmuşdur. İstedadlı rəssamın rus, ingilis, fransız, alman, yapon dillərində albomları buraxılmışdır.
Məryəm Ələkbərlinin kətan üzərində akrillə işlənmiş yuxarıda adını çəkdiyimiz «Dəniz. Sakitlik» və «Dəniz. Buludlar» əsərləri mövzu və kompozisiya baxımından bir-birinə bənzəsə də, rəng, məzmun, ideya baxımından tamamilə fərqlidir. «Dəniz. Sakitlik» tablosunda intəhasızlığa uzanan, səpələnmiş rənglər elə seçilmişdir ki, istər dəniz , istər dənizdən səmaya da sirayət etmiş səssiz-səmirsizlik bir anda insanın ruhuna hakim kəsilir, o da bu aoranın təsirinə düşür, elə bil ki, dənizin kənarında xoş xəyallara dalır, dəniz ona həzin nəğmə söyləyir. «Dəniz. Buludlar»da dəniz sözlü adama bənzəyir, bir kəlməyə bənd kimi «dolub- durmuş», bir qədər də «bozarmışdır». Bilinmir şimşək çaxacaq, yağış yağacaq, yoxsa parçalı buludlar dənizin üstündən uçub gedəcəkdir. Ayrılıq havası hakimdir. Böyük Nazim Hikmət yada düşür:
Budur, gəldik, gedirik,
xoşca qal, qardaşım dəniz,
bir az qumundan götürdük,
bir az da sonsuzluğundan,
bir azacıq da işığından,
bir azacıq da kədərindən,
nələr anlatmadın bizə
dəniz olmağın
qəzavü - qədərindən.
Bir az da ümidliyik,
bir az daha adam olduq,
budur, gəldik, gedirik,
xoşca qal, qardaşım dəniz.
Tabloya hərəkətlilik, dinamizm çaları gətirən rənglər canlı obraz təsiri bağışlayır, romantik hisslər, duyğular oyadır. Kataloqdakı çoxsaylı portretlər bir fırçadan çıxsalar da, qalereyaya, cəm olan bir sərgi salonuna təşrif gətirən müxtəlif xarakterli, müxtəlif təbiətli insanları xatırladır. Kresloda əllərini çarpazlayıb, ayaqlarını üst-üstə atıb çəpəki əyləşmiş Valeri heç şübhəsiz ki, kimdənsə küsmüşdür, simasına çökmüş hüzn, kədər bəlkə peşmançılığın, bəlkə də şıltaqlığın ifadəsidir (Valerinin portreti).
Qara, uzun saçları, sığallı yanaqları olan Fidan zil qara gözlərini uzaqlara zilləmişdir, kimisə gözləyir (Fidanın portreti). Xalçanın fonunda dayanan İradə qayğılı və düşüncəlidir. Görünür, rəssam bu fonu təsadüfi seçməyib, burada xalça portretin daha dolğun məna kəsb etməsinə, daha məzmunlu olmasına xidmət edir (İradənin xalça fonunda portreti).
Ayşən zərif olduğu qədər də zəifdir, sanki kimdənsə kömək umur (Ayşənin portreti), Lük tərs və qətiyyətli adam təsiri bağışlayır (Lükun portreti), Lalə ciddi, qürurlu, iradəli və ağıllıdır (Lalənin portreti). Təbii sual yaranır. Məryəm Ələkbərli bir neçə rəngin qarışığından bu qədər fərqli və bir-birinə qətiyyən bənzəməyən obrazları necə yaratmışdır? Cavab sadədir. Hər rəngin dilini, yerini bilən rəssam kiçik bir ştrixlə istəyinə nail olmaq qüdrətindədir. Rəssamlıq sənətinin bütün formalarında (quaş, pastel, akril, kömür…) özünü sınayan Məryəm Ələkbərli qəhrəmanının daha qabarıq, daha xarakterik, özünəməxsus cizgisini üzə çıxarmaq, müşahidə etmək və onu kətana, yaxud kağız üzərinə həkk etməyin mahir ustasıdır. Fikrimizcə, avtoportreti yaratmaq ətrafda olan insanları izləmək, onların portretini işləməkdən qat-qat çətindir. Lakin Məryəm Ələkbərli bu işin öhdəsindən də uğurla gəlmişdir. Onun bir neçə avtoportreti söylədiklərimizə ciddi əsasdır. O, libaslarda və hallarda çəkdiyi bir neçə avtoportreti ilə öz ruh dünyasını, zəngin mənəvi aləmini, xoş niyyətini, arzularını və ümidlərini, tükənməz enerji ilə dolu həyat eşqini, parlaq sənət nümunələri yaratmaq yolunda daim fədakarlığa hazır olduğunu nümayiş etdirmişdir. Məryəm Ələkbərlinin avtoportretlərdə əksini tapan məziyyətləri rəssam təxəyyülünün məhsulu yox, gənc və istedadlı bir rəssamın artıq geniş tamaşaçı auditoriyası və görkəmli mədəniyyət, incəsənət xadimləri, o cümlədən professional rəssamlar tərəfindən təsdiqini tapmış səciyyəvi keyfiyyətləridir.
Xalq yazıçısı Elçinin təbirincə desək, «Məryəm Ələkbərlinin rəsm əsərlərində sanki həyatın mənası, hisslərin məğzi barədə suallara cavab axtarılır. Onun işləri həm peşəkar rəssamların, həm də incəsənət pərəstişkarlarının böyük marağına səbəb olur. Moskvanın Multimedia Art Muzeyinin direktoru Olqa Sviblova: «Məryəmin əsərlərindən ətrafa hərarət yayılır. Mən bu əsərlərin sehrinə düşmüşdüm».
Professor Nərgiz Paşayeva: «Məryəm sözün əsl mənasında, hadisədir… elə mövzular var ki, onları bütün rəssamlar, dünyanın böyük rəssamları işləyib. Bu mövzular qadın surətidir, natürmortdur, mənzərədir. Amma elə mövzular var ki, onları tək-tək insanlar işləyib. Bunlar «Novruz», «Səməni» mövzularıdır. Məryəm də bu mövzularda işləyib, özü də bənzərsiz işləyib».
Prof. Timuçin Əfəndiyev Məryəm Ələkbərli yaradıcılığını ən müxtəlif aspektlərdən – mövzu, janr, sənətkarlıq baxımından dərindən təhlil edir, dəyərləndirir və bu qənaətə gəlir ki, «Məryəmin rəsmlərinə bir uşaq səmimiyyəti hakimdir» (Timuçin Əfəndiyev. Duyğulardan qanadlanan rənglər. 525-ci qəzet, 5 dekabr 2013).
Sərrat Balaxan adlı müəllif «Məryəmin dünyası» adlı yazısında (Azxeber.com, 19 may 2014) rəssamın rənglərdən yaratdığı dünyanı ziyarət etdiyini məmnunluqla qeyd edir və yazır: «Məryəm (rəssam Məryəm Ələkbərli) həm genetik kod, həm də mədəniyyət baxımından yeni bir dünyadır. Bu dünyanı anlamaq üçün ya evdəki balacalarımız üçün rabitəli nitqə hələ sahib olmayan uşaq, ya müdrik, ya da sadəcə Məryəm olmalısan».
«YARAT» Müasir İncəsənət Mərkəzinin rəhbəri, istedadlı gənc rəssam Aida Mahmudova: «Məryəmin əsərlərində çox güclü müsbət energetika vardır. Çoxsaylı elementləri özündə cəmləşdirən bu işlər güclü emosiyalar doğurur… Onun əsərləri insana ruh verir».
Xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov: «Məryəmin əsərləri onun təbiəti duyması və fəlsəfəsidir».
Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev: «Onun əsərləri azad insanın azad hisslərinin ifadəsidir».
Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi Ədalət: «Məryəmin sənətinin üstünlüyü ondadır ki, onun rəngkarlığı heç bir qəlibə, bölgüyə, metoda və qanunlara sığmır».
Almaniya sənətşünası İngi Şmidt: «Məryəmin əsərləri insanın ən dərin hisslərinə toxunur».
Xalq artisti, kinorejissor Eldar Quliyev: «Onun əsərlərinə tamaşa edəndə insan daxilən rahatlıq tapır».
Tanınmış rusiyalı rəssam İnna Kostina: «Rəngkarlıq… Günəş, dəniz, musiqi və məhəbbət kimi o da Məryəmin həyatına üzvi şəkildə daxil olub».
Xalq artisti Polad Bülbüloğlu: «Onun əsərləri güclü daxili ekspressiya, rəng duyumu ilə təəccübləndirir, insanı heyran edir».
Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli: «O, nadir istedaddır. Bir çox rəssamlar bütün ömrü boyu sadə xətlərlə obraz yaratmağa çalışırlar, Məryəm isə artıq bunu bacarır».
Tanınmış rusiyalı rəssam və fotoqraf Vladimir Mişutin: «Mən Məryəmin istedadına valeh olmuşam, hesab edirəm ki, o, müasir təsviri sənətdə əsl hadisədir».
...Bu yazı ilə şöhrətli rəssamlar –İbrahim Əhrari, Davud və Əyyub İmdadian qardaşları, Əkbər Behkəlam, Mikayıl Abdullayev, Bəhram Əmioğlu barədə qələmə aldığım məqalələrin cərgəsinə biri də qoşulur. Və düşünürəm: bu rəssamlar yaradıcılıq yolları ilə, mənsub olduqları məktəblə, cərəyanlarla, üslub, sənətkarlıq göstəriciləri, toxunduqları mövzu və problemlərlə bir-birindən nə qədər fərqlənsələr də, bir çox cəhətləri, ən əsası, sənətə aşiqlikləri, bağlılıqları ilə bənzərdirlər, oxşardırlar.