İyulun 2-də “ADA” Universitetində “Həyat” Beynəlxalq Humanitar Təşkilatı ilə Təhlükəsiz və Davamlı Nəqliyyat naminə Şərq Alyansı (EASST) tərəfindən icra olunan “Təhlükəsiz kəndlər” layihəsi çərçivəsində seminar keçirilib.Modern.az saytı xəbər verir ki, seminarda yol təhlükəsizliyi standartlarının yaxşılaşdırılması istiqamətində görülən işlər diqqət mərkəzində olub.
“Həyat” Beynəlxalq Humanitar Təşkilatının prezidenti Vüsal Rəcəbli çıxış edərək, 1994-cü ildən fəaliyyət göstərən qurumun əsas məqsədlərindən danışıb. O, “Həyat” təşkilatının EASST-ın Azərbaycandakı tərəfdaşı olduğunu diqqətə çatdıraraq deyib ki, qurum sosial layihələrin həyata keçirilməsi sahəsində geniş təcrübə toplayıb, ictimai məlumatlandırma kampaniyalarını uğurla inkişaf etdirib. Hazırda “Həyat” yol təhlükəsizliyi ilə bağlı müxtəlif layihələr üzərində çalışır. Bunlardan biri də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə dəstəyi ilə icra olunan “Təhlükəsiz kəndlər” layihəsidir. Bu sahədə təşkilatın əsas məqsədi ictimai məlumatlandırmanı artırmaqla yol qəzalarını sayının azaldılmasıdır.
“Ölkəmizdə müasir, göz oxşayan yollar çəkilir. Ancaq yol-nəqliyyat qəzalarının qarşısının alınması da diqqətdən kənarda qalmamalıdır. Yol-nəqliyyat qəzası zamanı baş verən xəsarətlərin əksəriyyəti isə təhlükəsizlik kəmərlərindən istifadə edilməməsi ilə əlaqədardır. Bu istiqamətdə aparılan maarifləndirmə işləri nəticəsində təhlükəsizlik kəmərlərindən istifadə halları 24 faizdən 71 faizə çatmışdır”, - deyə təşkilat rəhbəri vurğulayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə yol-nəqliyyat kompleksində aparılan islahatlardan, görülən işlərdən, həmçinin həyata keçirilən iri regional layihələrdən danışan Nəqliyyat Nazirliyinin aparat rəhbəri Cavid Nəcəfov dövlət büdcəsi ilə yanaşı, beynəlxalq maliyyə qurumlarının, o cümlədən AYİB-in vəsaiti hesabına da bir çox layihələrin həyata keçirildiyini xatırladıb.
Təhlükəsizlik tədbirlərinin önəmini qeyd edən C.Nəcəfov yolun keyfiyyətli inşasının, zəruri yol nişanları ilə təmin edilməsinin və insanların maarifləndirilməsinin bu sahədə mühüm tədbirlərdən olduğunu qeyd edib.
Milli Məclisin sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli Prezident İlham Əliyevin rəhbərliyi ilə yol-nəqliyyat kompleksində aparılan islahatlardan danışıb. Yol qəzaları nəticəsində hər il təxminən 1200 insanın həyatını itirdiyini, 3 min nəfərin xəsarət aldığını deyən H.Rəcəbli qeyd edib ki, bütün bunlar sosial problemlərə gətirib çıxarır.
“Bu rəqəmlər bizi düşünməyə vadar edir. Biz sürücü, sərnişin, piyada mədəniyyətini yüksəltməli, yol infrastrukturunu daha da təkmilləşdirməliyik. Dövlət bu məsələdə lazımi köməyi göstərəcəkdir”, - deyə H.Rəcəbli diqqətə çatdırıb.
Yol təhlükəsizliyinin təmin edilməsində “Həyat” Beynəlxalq Humanitar Təşkilatının timsalında QHT-lərin rolundan danışan Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev diqqəti azyaşlı uşaqların iştirakı ilə baş verən yol-nəqliyyat qəzalarına yönəldib. O bildirib ki, həyata keçirilən maarifləndirmə tədbirləri nəticəsində azyaşlı uşaqların iştirakı ilə baş verən qəzaların sayı azalıb. Ancaq bununla kifayətlənmək olmaz.
AYİB-in Bakı ofisinin nümayəndəsi Aytən Rüstəmova layihənin önəmini vurğulayıb, yol qəzalarının azaldılmasına kömək məqsədi daşıyan mühüm kampaniyanı maliyyələşdirməkdən məmnunluqlarını bildirib.
Mərkəzi ofisi Böyük Britaniyada yerləşən EASST-ın sədri Alfred Dubs, Beynəlxalq Avtomobil Federasiyasının regional direktoru Jakob Bangsgaard, EASST-ın inkişaf və maarifləndirmə şöbəsinin direktoru Dmitri Sambuk yol-nəqliyyat qəzalarının qarşısının alınması üçün görülməsi vacib olan işlərdən danışıblar. Bildirilib ki, yol hərəkətinin təhlükəsizliyi sahəsində görülən bütün tədbirlərin başlıca məqsədi yol-nəqliyyat hadisələrinin sayının azaldılmasıdır.
“Təhlükəsiz kəndlər” layihəsi çərçivəsində uşaq və valideynlərə təlimlər keçirib, yerli əhali gecə görünən nişanlar və geyim ilə təmin edilib.
Modern.az