Modern.az

Yusif Bağırzadə: “AMİP-çilər Firudin Cəlilovu heç vaxt yaddan çıxarmırlar”

Yusif Bağırzadə: “AMİP-çilər Firudin Cəlilovu heç vaxt yaddan çıxarmırlar”

3 İyul 2014, 13:06

Keçmiş təhsil naziri, türkoloq-alim, professor Firudin Cəlilovun səhhətində problemlər yaranıb. Modern.az Firudin Cəlilovun səhhətində yaranan problemlə bağlı onun vaxtilə üzv olduğu Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ilə əlaqə saxlayıb. AMİP-in sədri Yusif Bağırzadə  Modern.az-a açıqlamasında mütəmadi olaraq  Firudin Cəlilovu ziyarət etdiklərini dedi:  “Firudin Cəlilov bizim yaxın dostumuzdur. Ensiklopedik savada malik Azərbaycan xalqına, millətinə layiq bir ziyalıdır. Bu gün də hamımızın  Firudin müəllimin məsləhətlərinə ehtiyacımız var. Bir ay bundan öncə 9 cilddən olan “Doqquz bitik” kitabının hələlik 3 cildinin təqdimat mərasimi oldu.  Həmin mərasimdə mən də iştirak etdim. Həmin kitabda Azərbaycan tarixinə qayıdış var. İnşallah, Firudin müəllimin səhhəti normallaşsın, onunla birgə kitab təqdimatı keçirəcəyik. O, mənim böyük dostumdur. Bütün AMİP-çilər  Firudin müəllimə can sağlığı, uğurlar  diləyir. O, böyük şəxsiyyətdir”.

Yusif Bağırzadə  Firudin Cəlilovun səhhəti ilə bağlı yaranan problemdən də danışdı: “Bir müddət öncə, Türkiyədə əməliyyatın birinci hissəsi həyata keçirilib. Onun oğlu da həkimdir. Ona görə daim ailəsinin nəzarəti altındadır. Bildiyiniz kimi, o,  təhsil naziri olub. Həm təhsil naziri olduğu vaxtlarda, həm də ondan sonra gərgin iş rejimində işləyib. Son vaxtlar daha çox yüklənmişdi. Deyirdi ki, qədim Azərbaycan tarixini bitirməliyəm. Ola bilsin ki, bu da onun səhhətinə təsir edib”.

AMİP-in liderinin Firudin Cəlilovu ziyarət etməsinə gəlincə, Yusif  Bağırzadə dedi ki, Etibar Məmmədov da onun dostudur: “Məncə, Etibar Məmmədov da onunla görüşüb. Söhbət təkcə AMİP-dən getmir. Hər bir azərbaycanlı Firudin müəllimin dostudur. Firudin Cəlilov bütün türk dünyasının ziyalısıdır”.  

Qeyd edək ki, keçmiş təhsil naziri Firudin Cəlilovun son günlər ürək-damar sistemində problem yaranıb. Bu gün xəstəxanadan evə buraxılan keçmiş təhsil naziri bu yaxınlarda Türkiyədə əməliyyat olunacaq.

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu