“Güman etmirəm ki, nəvələrim növbəti tədris ilini dövlət məktəblərində oxuyacaqlar”. Bunu Modern.az-a Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Çağ öyrətim” məktəblərinin bağlanmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın orta məktəblərində özəl məktəblərdə kimi mükəmməl təhsil sistemi yoxdur: “Çağ öyrətim”də fərqli tədris proqramı, təhsil sistemi, dərsliklərdə fərqli yanaşma var idi. Amma bütövlükdə Azərbaycanın orta məktəblərində belə sistemə rast gəlmək mümkün deyil. Bakıda bir neçə dövlət himayəsində olan məktəb var, orada nizam-intizam qaydaları, təhsil sistemi yüksək səviyyədə qurulub. Lakin həmin dövlət məktəblərinin də müəyyən limiti var. Bu problemi aradan qaldırmaq üçün Təhsil Nazirliyi əlavə binalar tikməlidir. Təhsil Nazirliyinin bunu edib-etməyəcəyini deyə bilmərəm, əslində buna inanmıram. Bildiyimə görə, onların imkanları çox məhduddur”.
Fəzail Ağamalı “Çağ öyrətim” məktəbləri bağlanandan sonra nəvələrinin növbəti tədris ilində harda təhsillərini davam etdirəcəklərini hələ ki müəyyənləşdirə bilmədiklərini deyib: “Nəvələrimin təhsil alması üçün özəl orta məktəb axtarırıq. Çalışırıq elə orta məktəb olsun ki, uşaqlar fundamental bilik əldə edə bilsinlər. Çox güman ki, 10 günə uşaqların hansı özəl orta məktəbdə oxuyacağını biləcəyik”.
Qeyd edək ki, “Çağ öyrətim” məktəblərinin fəaliyyəti dayandırıldıqdan sonra bir çox valideynlər buna etiraz edib. Deputat Fəzail Ağamalı isə “Çağ öyrətim”də təhsil alan nəvələrinin dövlət yox, özəl məktəblərdən birinə yerləşdirəcəyini deyib.
Namidə BİNGÖL