Modern.az

“ Mən fəxr edirəm ki, azərbaycanlıyam ”

 “ Mən fəxr edirəm ki, azərbaycanlıyam ”

Təhsil

8 İyul 2014, 17:47

Xəritədə heç bir insanın Vətəni yoxdur. Vətən onu sevən insanların ürəklərindədir. Tarixən azad olmaq, hürriyətə qovuşmaq bu xalqın ən böyük arzusu olmuş, Babəkin də dediyi kimi, bir gün azad yaşamağı 40 ilin köləliyindən üstün tutmuşdur. Yığıncaqlar, mitinqlər... Uzun illərin Sovet imperiyası boyunduruğundan azad olmaq istəyi... İnsanlarda sanki bir inam yaranmışdı... Cəmi 23 ay davam edən Azərbaycan Demokratik Cumhuriyyətinin süqutu ilə 70 illik müstəmləkə həyatı belə bu xalqın azadlıq yanğısnı söndürə bilmədi. Müstəqil oldu Azərbaycan, lakin yaşaya bilmədi. Səmadan odlu güllələrin yağdığı bir dövrdə artıq Azərbaycan adlı  dövlətin nə qədər mövcud olacağı sual altında qalmışdı. Belə çətin anda xalq həmişə ona dayaq olan, “ qoy ədalət həmişə zəfər çalsın ” – deyən Heydər Əliyevi hakimiyyət sükanının arxasına gətirdi. Mavi dalğalar qoynunda qasırğalarla çarpışan AZƏRBAYCAN adlı gəminin yelkənləri bir daha enməmək üzərə qalxdı. Özünün də dediyi kimi “ Azərbaycan dünyaya Günəş kimi doğdu ”. 1993 – cü ildə xalqın təkidi ilə Naxçıvandan Bakıya qayıdan Heydər Əliyev Azərbaycan Parlamentinin sədri seçildi. O, xalqa müraciətində deyirdi:         “ Mən burada,  Milli Məclisin iclasında bu tribunadan üzümü tuturam bizim qardaşlarımıza, bacılarımıza, övladlarımıza və müraciət edirəm. Bildirirəm ki, bizim respublika indi ağır vəziyyətdədir. Bizim ən böyük çətinliyimiz, bir də deyirəm, işğal olunan torpaqlarımızı geri qaytarıb, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etməkdən ibarətdir. Ona görə də bütün iğtişaşlar, daxili didişmələr bir kənara qoyulmalıdır... Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün siyasi partiyalar, bütün siyasi qurumlar, bütün siyasi və ya ictimai təşkilatlar, bütün insanlar hamısı birləşməlidir. Hamı kin – küdurəti kənara qoymalıdır, hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmalıyıq  ”.

Xalqın “ Bizi bu bəladan xilas et! ” çağırışı cavabsız qala bilməzdi. Müstəqil idi Azərbaycan, ancaq Onun gəlişi ilə bu müstəqilliyi sözdə deyil, əməli fəaliyyətdə, real inkişafda, əmin – aman həyat tərzində tapdı xalqımız.

Səninlə hər bir azərbaycanlının öyünməyə, fəxr etməyə haqqı var, Heydər baba! Düşünmədən və mübaliğəsiz demək olar ki, Azərbaycanın ən azı son 500 illik tarixində Heydər Əliyevə bərabər olan siyasi xadim demək olar ki, yoxdur.       “ Doğrudan da kimlər gəldi, kimlər getdi deyiminin böyük mənası və hikməti varmış ”...

Məhəmməd Peyğəmbərin ( s.ə.s ) dediyi kimi “ cənnət qılıncların kölgəsindədir ”. Bu cənnətə nail olmaq üçün qılıncların altından keçməlisən. Və bəli... Belə də oldu. Uğurlar silsiləsi başlandı. Uğurlu xarici siyasət nəticəsində 1994 – cü il mayın 12 – də atəşkəs əldə edildi. Heydər Əliyev “ Əsrin müqaviləsi ” nə öz möhtəşəm imzasını atarkən bir daha sübut etdi ki, “ əsrə bərabər gün ” ola bilər. Öz şərəfli və möhtəşəm fəaliyyəti ilə doğma Vətəninin və xalqının adını əlçatmaz zirvələrə ucaltmış möhtərəm Heydər Əliyev daim qürur hissi ilə deyirdi: “ Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam ”.

Bu gün bütün azərbaycanlıları narahat edən məsələ ölkənin ərazi bütövlüyünün təmin olunması və məcburi köçkünlərin öz doğma yerlərinə qaytarılmasıdır. Bu məsələdə biz gənclərin üzərinə böyük vəzifələr düşür. Məncə gənclərin gənc olması üçün məhz fevralın 2- ni gözləməyə ehtiyac yoxdur. Əsl gənc ilk öncə əsl vətəndaş olmağı bacarmalıdır, müstəqil Vətənində özü olaraq addımlamalı, milli mənsubluğundan duyduğu qüruru sözdə və əməldə yaşada bilməlidir.

Ən böyük sevincimə səbəb isə ömrünü sərf etdiyin, qurduğun, yaratdığın dövlətin, Sənin layiqli davamçın, Azərbaycanın lideri İlham Əliyevin  əllərində olmasıdır.  Ulu öndərimiz Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətin cənab Prezident, Sizin tərəfinizdən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün gənclərimiz ölkənin ictimai həyatında fəal iştirak etməklə yanaşı, beynəlxalq miqyasda da ardıcıl uğurlar qazanırlar. Biz fəxr edirik ki, bu gün dövlətimiz inkişafın Azərbaycan modelini yaradaraq yüksək və dinamik sosial – iqtisadi sıçrayışa nail olmuş, geniş beynəlxalq müqavilələr sisteminə qoşulmuş, demokratik, hüquqi dövlət imicini beynəlxalq aləmdə formalaşdırmışdır. Nəhayət, Azərbaycanın ən ali qurum olan BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi, cənab Prezident, şəxsən Sizin və gənc dövlətimizin tarixi qələbəsidir.

Sultan Hüseyn Bayqara şöhrət günəşinin üfüqə enən çağında Şah İsmayıl Xətaiyə səmimi bir məktub yazır və könlünü almaq üçün ona rəqqasələr dəstəsi göndərir. Şah İsmayıl isə saray rəqqasələrinə baxıb başını bulayır və deyir: “ Mənim eyş - işrətə vaxtım yoxdur. Mən vuruş adamıyam, gərək rahatlanmadan məmləkətimin ətrafına at cövlan etdirəm ”. 

Bu sözləri xatırlayanda insan qəlbindən həzin bir titrəyiş keçir. Belə ruha, belə məsləyə heyran qalmamaq olmur. Kövrəlirsən, qürurlanırsan, fəxr edirsən öz keçmişinlə, ulu babamızın Xətainin odlu - alovlu qəlbi ilə, polad tək möhkəm Vətən qeyrəti ilə. Lakin bu güc, bu məram təkcə Şah İsmayıl Xətainindimi? Mənə elə gəlir ki, bu məram bizim hamımızındır. Bu, bir ana laylasıdır, həzin musiqisi ilə qanımıza, canımıza hopub. Bu, bir  ana nəsihətidir, dərin mənası ilə beynimizə, idrakımıza həkk olunub. Uşaq doğulanda ona verilən ilk dərs də gərək bu ola:        “ Sənin borcun vətəni, doğma torpağı qorumaq, ona xidmət etməkdir! ”.

Əziz babam! Siz həmişə azərbaycanlı olmağınızla fəxr etdiyiniz kimi, Azərbaycan xalqı da dünyaya Sizin kimi dahi bəxş etdiyi üçün qürurlanır. Heç bir lider xalqını Sizin kimi sevməyib. Sizdən bizə çox yadigar qalıb. Ən dəyərlisi isə     “ YOL ” dur. Böyük Heydər Əliyev yolu! Bu yolun yolçuları Vətənə, xalqa sədaqəti məhz Sizdən öyrənirlər. Həyatın acı qanunları da varmış. Əcəl bir dahini sevdiyi xalqından ayırdı. Tarix səhnəsində millətin taleyindəki ən baş rolu oynayan, müstəqil Azərbaycanın memarı və qurucusu olan  bir rəhbərin böyük arzularla döyünən qəlbi əbədi susdu. Onu sevən milyonlar kimi mən də yoxluğuna inana bilmirəm. Xalqının müəllimi, sərkərdəsi, rəhbəri, fəxri olan bir dahi də ölərmi?! Heydər Əliyev də ölərmi?! Əsla yox! Yaşıdlarımın bir çoxu kimi mənim üçün də maraqlıdır ki, ömrünün demək olar ki, ixtiyar çağını yaşayan bir insan dağılmaq üzrə olan, daxili ziddiyyətlərin və xarici təsirlərin yıxıb sürüklədiyi bir ölkəyə başçılıq etməyi, bu ölkəni bir siyasi formasiyadan digərinə keçirməyi, demokratik, hüquqi dövlət qurmağı necə bacarmışdı...

Bu yazımda iradlar da ola bilər. Hər hansı bir mahir natiq və ya ədəbiyyatçı  Heydər  Əliyev haqqında danışıb tribunanı tərk edərkən belə düşünür: Heydər Əliyev fəaliyyətinin “ bu ... ” sahəsini nə səbəbə demədim?

Mən bu gün regionda liderlik edən, dünya dövlətləri arasında yüksək nüfuza və etibarlı tərəfdaşlıq mövqeyinə malik olan Azərbaycan Respublikasının vətəndaşıyam. Milli mənsubiyyətimlə, gəncliyimlə qürur duyur və dövlətimin daim var olması yolundakı məsuliyyətimi dərindən dərk edirəm. Məhz biz gənclər bu ölkənin dünəni, bu günü və sabahıyıq. Savadlı, intellektli, bacarıqlı, mənəviyyatlı gənclik müasir Azərbaycanın etibarlı təminatçısıdır. Məncə bu bir bayraq savaşıdır. Biz müəllimlərimizdən bayrağı aldıq, bizdən sonrakı nəsillərə ötürürük. Gəlin Vətənimiz Azərbaycanı sevək, qoruyaq. Bu torpaqlara bağlılığımızı hiss etdirək. Azərbaycan bizim döyünən ürəyimiz, aldığımız nəfəsimiz olmalıdır. Öz Vətənini sevməyən bir insan - heç kəsi və heç nəyi sevə bilməz. Əgər Vətənimizi seviriksə, bu yolda ölüm olsa belə, onu şərəflə keçməliyik. “ Torpaq, uğrunda ölən varsa - Vətəndir ” - deyiblər. Vətənimiz varsa – bu Vətən uğrunda canımızdan hər an keçməyə hazır olmalıyıq. Çox istərdim ki, Vətənini həqiqətən bu cür sevən gənclərimizin sayı artsın. Bu sevgi isə ailədən başlayır. Bizlər də bu sevgimizi hər kəsə çatdırmalıyıq. Unutmamalıyıq ki, bu gün biz 20 faiz torpağı düşmən tapdağı altında inləyən, tarixi torpaqlarında məscidlərindən azan səsi eşidilən yox, donuz yuvasına çevrilən bir ölkənin vətəndaşıyıq. İşğal olunmuş torpaqlarımızda şəhid ruhları bizi gözləyir. Biz bu torpaqlara getməliyik. Bu ruhlar ilə üzbəüz dayanıb, bir parça azad edilmiş Vətən torpağını öpüb, gözlərimizə, alnımıza sürtməliyik. “ Gec də olsa qayıdaq, indi rahat yat, ey şəhidlərimiz ” deməliyik. Mən əminəm ki, sevincdən neçə - neçə ürəyin partlayacağı, neçə - neçə dilin, dodağın torpaq yalayacağı, neçə - neçə bəxtəvər üz - gözün daşlara sürtüləcəyi o xoşbəxt və tarixi günə çox az qalıb. Hər gün QƏLƏBƏ ümidİlə yaşayan:

 

İmanova Günay

Yazı “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı layihəsi çərçivəsində elan etdiyi müsabiqəyə təqdim edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır