Modern.az

Luqanskda girov saxlanılan azərbaycanlılardan XƏBƏR yoxdur

Luqanskda girov saxlanılan azərbaycanlılardan XƏBƏR yoxdur

9 İyul 2014, 20:43


Ağır döyüşlərin getdiyi Ukraynanın şərqindəki Luqanskda girov götürülən həmyerlilərimizin taleyi hələ də naməlum qalır.

ANS TV-nin məlumatına görə, Ukraynanın Luqansk şəhərində silahlılar tərəfindən girov götürülən üç azərbaycanlıdan birinin - Lənkəran şəhərindən olan Sədail Axundovun yaxınları onun azad olunması üçün rəsmi müraciət edib. Tutulan şəxsin qaynı Fariz Fərziyev deyir ki, qohumunun azad olunması üçün bütün vasitələrdən istifadə etməyə hazırdır.

Girov saxlanılan şəxsin yaxını Fariz Fərziyevin sözlərinə görə, Rasimin oğlu da onlarla bir yerdə olub: “O, həmin banditlərlə əlaqəyə girib uşağını çıxardıb. Banditlər 3 - 5 min, ya da 10 min istəyirlər, pulu verib uşaqları azad etməliyik".

Xatırladaq ki, saxlanılan digər azərbaycanlı Luqansk şəhərində Azərbaycan cəmiyyətinin sədri Rasim Uğurluyevin oğlu Nahid Uğurluyevin pul müqabilində azad olunmasını xəbər vermişdik.

Ukrayna hərbi dairələri tərəfindən girovluqda saxlanılanlarla bağlı silahlılarla danışıqlar aparıldığını deyən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev şəhərdə yaranmış təhlükəli vəziyyətlə əlaqədar azərbaycanlıların buradan çıxarıldığını deyir. Sədail Axundov və üçüncü girov Göyçay sakini Vüsal Bağırov hazırda yaralı halda silahlılar tərəfindən naməlum yerdə saxlanılır. Sonuncu dəfə Sədail Axundov mayın 24-də yaxınları ilə əlaqə saxlayaraq 20 ildən artıq yaşadığı Donetskdən Luqanska getdiyini deyib və həmin vaxtdan onunla heç bir əlaqə yaratmaq mümkün deyil.

Modern.az       

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza