“Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyinin həyata keçirdiyi «Leykoz xəstələrinə göstərilən tibbi xidmətin səviyyəsinin monitorinqi və ictimai müzakirələrin təşkili» layihəsi çərçivəsində ictimai müzakirə keçirilib. İctimai müzakirədə «Leykozlu uşaqlara dəstək» İctimai Birliyi, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun həkimləri, həkim-ekspertlər, mədəniyyət və sənət adamları, leykozlu uşaqların valideynləri və mətbuat nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən «Leykozlu Uşaqlara Dəstək» İctimai Birliyinin sədri Xoşqədəm Baxşəliyeva ilk öncə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihə haqqında məlumat verib:
«Azərbaycanda bu xəstəliyə düçar olan xeyli xəstə uşaq var. Ekspertlərin qənaətinə görə, leykoz xəstəsi olan uşaqların həyat keyfiyyətini yaxşılaşdırmaq, müalicənin müasir, yüksək keyfiyyətinə, təhlükəsizliyinə, sosial və tibbi reabilitasiyanın yaradılması üçün xəstə uşaqlar və ailə üzvlərinin maarifləndirilməsi zəruridir. “Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyi də bu məqsədlə «Leykoz xəstələrinə göstərilən tibbi xidmətin səviyyəsinin monitorinqi və ictimai müzakirələrin təşkili» layihəsini həyata keçirir. Beş ay müddətində davam edən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.
Layihənin məqsədi leykoz xəstələrinə göstərilən tibbi xidmətin keyfiyyətinin öyrənilməsi, problemlə bağlı ictimai müzakirələrin keçirilməsi və problemlin həlli üçün təkliflərin hazırlanması olub. Layihə çərçivəsində leykoz xəstələrinin müalicəsinin keyfiyyətini öyrənmək üçün bu xəstəlikdən əziyyət çəkən şəxslər və onların yaxınları arasında fərdi söhbət aparılıb. Layihə çərçivəsində Bakı, Gəncə, Xaçmaz, Cəlilabad şəhərlərində real vəziyyət araşdırılıb».
X.Baxşəliyeva vurğulayıb ki, bu gün cəmiyyətin leykozla bağlı maarifləndirilməsinə ehtiyac var: «Xəstəliyin nədən yaranması və leykozun yaranmasının səbəbləri ilə bağlı dünyada da birmənalı fikir yoxdur. Leykozun yaranması səbəbləri kimi ekologiya, ətraf mühit, genetik amillər, qorxu, gərginlik kimi amillər göstərilir. Bu xəstəlik aşkarlandıqda bir çox insanlar artıq hər şeyin bitdiyini düşünür. Amma dünyada keyfiyyətli müalicə alan leykoz xəstələrinin təxminən 80 faizi tam sağalır. Buna görə də leykozun sağalmaz bir xəstəlik olduğunu düşünmək yalnışdır. Sadəcə vaxtında həkimə müraciət edib, düzgün müalicə almaq lazımdır».
Tədbirdə çıxış edən B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun hematologiya bölməsinin elmi rəhbəri İsgəndər Bağırov da cəmiyyətin leykoz xəstəliyi ilə bağlı maarifləndirilməsinə ehtiyac olduğunu bildirdi:
«Artıq vətəndaş cəmiyyəti institutlarının da bu problemi diqqətdə saxlamağı göstərir ki, leykoz təkcə təbabətin deyil, həm də cəmiyyətin problemidir. Bu gün leykoz xəstəliyinin müalicəsi çox bahalı bir müalicədir. Amma son illər respublikamızda bu xəstəliyin müacəsi ilə bağlı dərmanların əksəriyyəti dövlət tərəfindən verilir. Həm də nəzərə alınmalıdır ki, leykoz sağalan xəstəlikdir. Uşaqlar arasında xəstəlik təxminən 75-82 faiz tam sağalır. Respublikamızda leykozun tam müalicəsi aparılır. Bu müalicə dünyada qəbul olunan protokollar, gündəliklər əsasında aparılır. Hansı gündə hansı dozada dərmanların qəbul edilməsi həmin sənədlərdə əksini tapıb».
Tibb elmləri doktoru Mireldar Babayev isə vurğuladı ki, leykozun yaranmasında həm daxili, həm də xarici əmillərin rolu var:
«Xarici amillər sırasında ekologiya, qidalar, ətraf mühit vurğalanmalıdır. Araşdırmalar göstərir ki, leykozun yaranmasında xarici amillərlə yanaşı irsiyyətin də müəyyən rolu var. Çünki burada xromosom aparatının xarici və daxili təsirlərə davamlılığı və immun sisteminin çox böyük rolu var. Genetik aparatı möhkəm olmayan və ya xarici amillər nəticəsində zədələnmə ehtimalı yüksək olan şəxslərdə onkoloji xəstəliklərin artması ehtimalı yüksəkdir. Həkim kimi biz də xəstəliyin əlamətlərinin nə zamandan müşahidə olunmağı ilə bağlı valideynlərdən də soruşuruq. Xəstələrdən narahatçılığın nə zaman yarandığını soruşanda bildirirdilər ki, ya yıxılaraq qorxublar, yaxud onları it dişləyəndən sonra özlərində narahatçılıq hiss ediblər. Xəstəliyə səbəb olan amillər sırasında daha çox stress vurğulanır. Sonradan bu amillər araşdırıldıqda məlum oldu ki, həqiqətən xəstəliyin səbəblərindən biri də uşaqların keçirdiyi stress hallarıdır. Bu, birbaşa immun sisteminə təsir edir. İmmun sisteminin zəifləməsi isə onkoloji genlərin oyanmasının qarşısını ala bilmir. Çünki onkoloji gen hər bir şəxsdə var. Sadəcə immun sistemi möhkəm olması həmin genin üzərində bir nəzarət funksiyasını daşıyır. İnsanda immun sistemi zəiflədikdə xəstəliyin yaradıcısı olan onkoloji gen oyanır. Bu isə sonda onkoloji xəstəliyin yaranmasına səbəb olur».
B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun uşaq şöbəsinin müdiri Gülnarə Hacıyeva isə bildirdi ki, «Bu gün televiziyalarda ən çox özəl xəstəxanalar reklam olunur. Bu xəstələr onlarla xəstəxanaya göndərilir. Hər yermə də analizlər götürülüb, müayinə olunur. Sonda nəticə vermədiyini görüb bizim instituta gəlirlər. Gələndə də analizlərin və reseptlərlə dolu bir qovluq gətirirlər. Amma baxanda məlum olur ki, bunların heç birinin leykoza aidiyyatı yoxdur. Cəmiyyətdə maarifləndirmə tədbirləri aparılmalıdır ki, insanlar düzgün ünvanlara müraciət etsinlər Həmçinin, xarici ölkələrdə belə problemlərlə bağlı sosial reklamlar çəkilir. Bu sosial reklamlar telekanallar vasitəsi ilə yayımlanır. Bütün dünyada sosial reklamlar televiziyalarda pulsuz yayımlanır. Bizdə də sosial reklamların yayımlanması pulsuzdur. Amma bizdə bu reklamlar yoxdur».
Leykoz xəstəliyindən əziyyət çəkən Əsmər Əlizadənin anası Aynur Əlizadə deyir ki, maddi imkansızlıq əksər ailələrin uşaqlarını müalicə etdirməsinə imkan vermir: «Leykozdan əziyyət çəkən uşaqların müalicəsi üçün dövlətin dəstəyinə ehtiyac var. Bu xəstəliyin problem olduğunu dövlətə çatdırmaq lazımdır. Talassemiyya ilə bağlı problem ictimaləşdirildikdən sonra bu xəstəliyin müalicəsi üçün mərkəz açıldı. Hazırda leykozla bağlı məsələlər dövlətə çatdırılmalıdır. Düşünürük ki, problem ölkə başçısının diqqətinə çatdırılsa, onların müalcəsini təşkil olunar. Biz onun tərəfdarıyıq ki, sosial reklamlar çəkilsin, problem cəmiyyətə və dövlətə çatdırılsın».
Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin müəllimi Rəşid Mahmudov, Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi, Sabir Əlihüseynli, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elfira Qurbanova, tanınmış aktyor Əjdər Həmidov, tanınmış bəstəkar Faiq Sücəddinov cəmiyyətin diqqətini leykozla bağlı problemə cəlb etməyin vacibliyini vurğuladılar.
Modern.az