Modern.az

“Separatçılar 5 min dollar alıb oğlumu girovluqdan buraxdılar” - Luqanskda yaşayan azərbaycanlı

“Separatçılar 5 min dollar alıb oğlumu girovluqdan buraxdılar”  - Luqanskda yaşayan azərbaycanlı

11 İyul 2014, 12:22

“Ukraynadakı ruspərəst separatçılar insanları şərləmək, şantaj etmək yolu ilə külli miqdarda pul tələb edirlər”. Bunu Modern.az saytına açıqlamasında Ukraynanın Luqansk vilayətində oğlu girov götürülən və sonradan azad edilən Rasim Uğurluyev bildirib.

1990-cı ildən Luqansk vilayətində yaşayan R.Uğurluyev qürbət ölkədə ticarətlə məşğul olduğunu qeyd edir.

“Oğlum Elvin Uğurluyev hazırda evdədir. O, uzun müddət Luqansk gənclər təşkilatının sədri olub. Separatçılara 5 min dollar ödəməklə onu geri qaytara bildim. Bu, təkcə bizim başımıza gəlmir, hətta yerli ruslara qarşı da oxşar vəhşi yanaşma var”.

R. Uğurluyevin sözlərinə görə, girov götürülmüş oğlu şərlənib.

“Guya onun “Volskvagen” markalı maşınına baxış keçirilən zaman 5 ədəd Ukrayna istehsalı olan patron tapılıb. Bundan sonra oğlumu meşəyə apararaq möhkəm döyüblər. Tələb edilən məbləğ ödədikdən sonra Elvin buraxıldı. Amma baş verənlər oğlumun psixikasında mənfi iz buraxıb. Burda baş verənləri anlamaq üçün ancaq Luqanskda yaşamaq lazımdır. Çox çətin və gərgin şəraitdə yaşayırıq. Hər an təhlükə içindəyik. Azərbaycanın Ukraynadakı səfirliyi belə, Luqansk şəhərinə girməkdə acizdir. Varlı adamlar maşın sürməkdən belə, çəkinirlər, çünki separatçılar avtomobilləri əllərindən alırlar”. 

Qeyd edək ki, Ukraynanın Luqansk vilayətində hökumət əleyhinə olan silahlılar bir neçə gün öncə 4 azərbaycanlını girov götürmüşdülər. Onlardan 3 nəfər bir ailənin üzvü, digər şəxs isə 23 yaşlı Elvin Rasim oğlu Uğurluyev olub. Bir ailənin üzvü olan azərbaycanlılar Ukrayna hüquq-mühafizə orqanlarının köməyi ilə azad ediliblər.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza