“Hazırda vəziyyət çox ağırdır, mərkəzi hökumət, yəni rəsmi Bağdad da əlini bizdən çəkib, kömək edə bilmir”. Bunu Modern.az-a Suriyada və Kərkük bölgəsində İŞİD terror təşkilatının törətdiyi qətliamlardan danışarkən Türkman Mədəniyyət Mərkəzinin direktoru Mustafa Ziya deyib.
Hazırda Bakıda olan Mərkəz rəhbəri bildirib ki, terrorçular hazırda Kərkükün sərhədlərini mühasirəyə alıb. “Onlar işğal etdikləri bölgələrin qadınlarına təcavüz edir, uşaqların başlarını kəsirlər”.
M.Ziya qeyd edib ki, 200 min qaçqının durumu fəlakət həddindədir. “Birləşmiş Millətlər Təşkilatı onlar üçün çadır qurmadı. Dünya da bu faciəyə səssiz qalıb”.
Dünya mediasının da bu bölgələrə maraq göstərilmədiyini deyən M. Ziya yalnız bir neçə türk müxbirin türkman qaçqınlarla maraqlandığını deyib. “Biz kömək gözləyirik. Hətta Amerikanın yardım edəcəyinə az da olsa ümidimiz var”.
Məltəm Talıbzadə