Gürcüstanın sabiq prezidenti Eduard Şevarnadze bu gün dəfn olundu. O, vəsiyyətinə uyğun olaraq öz həyətində, həyat yoldaşının yanında torpağa tapşırılıb.
ANS TV-nin məlumatına görə, mərasimin təşkil olunduğu məkana günorta saatlarından etibarən yerli və xarici ölkə nümayəndələrinin axını başlandı.
Gürcüstanın ən böyük kilsəsində Eduard Şevardnadze ilə rəsmi vida mərasimi davam edir. Və bir qədər əvvəl Milli Məclisin spikeri Oktay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də kilsəyə daxil oldu.
Eduard Şevardnadzeni son mənzilə yola salmaq üçün 30-a yaxın ölkənin nümayəndə heyəti mərasimə qatılmışdı. Vida mərasiminə ölkənin ictimai televiziyasından başqa KİV nümayəndələri buraxılmasa da öyrəndik ki, mərasimdə çıxış edənlər Şevardnadze ilə bağlı xatirələri bölüşərək onun Gürcüstan xalqının tərəqqisində oynadığını rolu vurğulayıblar. Təxminən 3 saat davam edən vida mərasimi başa çatdıqda eks prezidentin cənazəsi fəxri qarovulun müşaiyətilə son mənzilə yola salınmaq üçün kilsədən çıxarıldı.
İstiqamət isə ölkənin fəxri xiyabanı olmadı. Özünün hələ 2007-ci ildə etdiyi vəsiyyətinə uyğun olaraq yaşadığı evin həyətində, həyat yoldaşının yanında dəfn olunmaq üçün Eduard Şevardnadzenin cənazəsi Krtsanisi iqamətgahına aparıldı.