Sabah Azərbaycanda müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu başa çatır. Modern.az-ın məlumatına görə, 16-19 iyul aralığında imtahan qrupları formalaşdırılacaq, hər bir müsabiqə iştirakçısının “Şəxsi səhifə”sinə imtahanın vaxtı və yeri barədə məlumat göndəriləcək. İmtahanlara iyulun 21-də başlanılması nəzərdə tutulub.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu iyulun 1-də başlanılıb.
Nazir Mikayıl Cabbarovun “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” əmrinə uyğun olaraq keçirilən müsabiqəyə 2974 vakant yer çıxarılıb.
Müsabiqəyə Bakı şəhəri üzrə 293 vakant yer təqdim edilib. Bölgələrdən isə ən çox vakant yer Lerik (236), Quba (223), Cəlilabad (165), İmişli (103) və Gədəbəy (100) rayonları üzrə müəyyənləşdirilib.
Vakant yerlərin ixtisaslar üzrə təhlili göstərir ki, kimya (379), biologiya (370), fizika (352), coğrafiya (335), riyaziyyat (225) fənləri və ibtidai siniflər (303) üzrə vakansiyalar üstünlük təşkil edir.
Misranə Həsənzadə