“Çimərlik üçün nəzərdə tutulmayan yerlərdə bəzən suyun içərisində dambalar tikilir, yaxud çimərliyə yaxın yerlərdə - xüsusi qayalıq ərazidə lövhələr quraşdırılır. Təkcə ötən il Fövqaladə Hallar Nazirliyinin əməkdaşları 600-ə yaxın qadağanedici dəmir lövhələr quraşdırıb”.
Bu barədə Modern.az-a Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Mənsur Piriyev bildirib. Onun sözlərinə görə, bəzi istirahət mərkəzlərində quru ərazilərin sahəsini artırmaq üçün suyun içində dambalar tikilir:
“Həmin ərazilər həddindən artıq təhlükəlidir. Səbəb bu ərazilərdə dəniz sahilinin olmamasıdır. Orada suya girən adam birbaşa dərinliyə düşür, bununla da həyatı üçün təhlükə yaranır. Bu səbəbdən düşünürəm ki, həmin ərazilər şlaqbaunla bağlanmalı, lövhələr quraşdırılmalıdır. Biz həmin lövhələri FHN-nin məntəqələrinin ərazisində və yaxın yerlərdə quraşdırmışıq”.
Sektor müdiri deyib ki, çimərlik mövsümü başlamamış, eyni zamanda mövsüm ərzində FHN-nin digər qurumları ilə birgə Bakı Region Mərkəzinin iştirakı ilə ölkənin müxtəlif yerlərində, eyni zamanda Abşeronda mütəmadi reydlər, monitorinqlər keçirilir: “Həmin ərazilərin şəklini çəkib yerli icra hakimiyyət nümayəndələrinə, bələdiyyələrə, polis orqanlarına məlumat vermişik. Söhbət təkcə çimməkdən getmir, ümumiyyətlə, qadağan olunmuş ərazilərdə hərəkəti məhdudlaşdırmaq lazımdır. Bəzən heç çimmək üçün yox, balıq tutmaq, oyun oynamaq üçün də gəlirlər. Ani bir hərəkətlə suya düşən insan boğulmaq təhlükəsilə üz-üzə qalır”.
Gülşən RAUFQIZI