Modern.az

Hüquq müdafiəçisi Həsən Hüseynli məhkəmə zalında həbs olundu

Hüquq müdafiəçisi Həsən Hüseynli məhkəmə zalında həbs olundu

Təhsil

14 İyul 2014, 14:24



“Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin işi üzrə Gəncənin Nizami Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi iyulun 14-də yekunlaşıb.

“Media forum” saytı xəbər verir ki, Həsən Hüseynli 6 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

İyulun 4-də dövlət ittihamçısı Həsən Hüseynliyə 7 il həbs verilməsini istəmişdi.

Həsən Hüseynli silah tətbiq etməklə xuliqanlıq və qanunsuz olaraq soyuq silah gəzdirmə ittihamı ilə həbns edilib. İstintaqın iddiasına görə, QHT rəhbəri bu il martın 31-də Gəncə sakini Arzu Qəhrəmanovu bıçaqla yaralayıb. 

Həsən Hüseynli 1957-ci ildə Gəncə şəhərində doğulub. 1978-ci ildə indiki Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib.

1978-1981-ci illərdə Lənkəranda orta məktəbdə fizika müəllimi, 1982-1984-cü illərdə Gəncədəki büllur fabrikində mühəndis işləyib. 1985-1987-ci illərdə Moskva Elektron Texnikası İnstitutunda elmi fəaliyyətlə məşğul olub, 1988-ci ildə bu institutda elmi iş müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi dərəcəsinə yiyələnib. 1989-1992-ci illərdə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında laboratoriya müdiri, müəllim işləyib.

1990-1992-ci illərdə həmçinin jurnalist kimi fəaliyyət göstərib, Gəncədə çıxan “Vətən” qəzetində çalışıb. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatında baş məsləhətçi olub.

1997-1998-ci illərdə Bakıda Açıq Cəmiyyət İnstitutu Yardım Fondu - Soros Fondunda çalışıb, təhsil proqramına koordinatorluq edib. 1998-2004-cü illərdə Gəncə Təhsil Məlumat Mərkəzinin rəhbəri olub. 2004-2009-cu illərdə Gəncə Açıq Cəmiyyət Təşəbbüsləri Mərkəzinə rəhbərlik edib.

2009-cu ildən Gəncədə fəaliyyət göstərən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzi İctimai Birliyinin rəhbəridir.

Fizika üzrə elmi məqalələrin, təhsil problemləri haqda yazıların və 2 kitabın müəllifidir.

Ailəlidir, iki övladı var.

Heç bir siyasi partiyanın üzvü deyil.

Həsən Hüseynlinin rəhbərlik etdiyi, 2009-cu ildə dövlət qeydiyyatından keçmiş “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzi Gəncəbasar bölgəsinin ən fəal qeyri-hökumət təşkilatlarından biridir.

Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir