Rusiyada “fırıldaqçılıqda” ittiham olunan cərrah Elçin Vəli oğlu Məmmədov Azərbaycanda gizlənir. Modern.az saytı Rusiyanın “Komsomolskaya Pravda” qəzetinin apardığı jurnalist araşdırmasına istinadən xəbər veir ki, keçirdiyi əməliyyatlar zamanı bir pasientinin ölümünə, daha bir neçəsinin isə ağır travmalar, o cümlədən komaya düşməsinə səbəb olan azərbaycanlı cərrah barəsində Moskvanın Simonovsk rayon məhkəməsi qiyabi həbs qərarı çıxarıb. Lakin rusiyalı jurnalistlərin müsahibə aldıqları zərərçəkən Kirill Spiçın istintaqın işindən narazıdır. Elçin Məmmədovun keçirdiyi uğursuz əməliyyatdan sonra Spiçının həyat yoldaşı Anna komaya düşüb. O, artıq 6 ildir komadan çıxa bilmir. Kirill Spiçın Moskva prokurorluğunun süni maneələri səbəbindən azərbaycanlı cərrahın 2 ildir beynəlxalq axtarışa verilə bilməməsindən şikayətçidir. Halbuki, istintaq Məmmədovu 2 maddə üzrə - “təhlükəsizliyə cavab verməyən xidmətlərin göstərilməsi nəticəsində ehtiyatsızlıqdan insanın ölümünə, yaxud ağır xəsarət almasına səbəb olma” və “saxta sənədlərin hazırlanması və istifadəsi” - iş açıb.
Kirill Spiçın iddia edir ki, məhz istintaq 2012-ci ildə Elçin Məmmədovun maneəsiz olaraq vətəni Azərbaycan qaçmasına şərait yaradıb:
“İstintaqın getdiyi müddətdə Məmmədov saxta sənədlərlə “Ester-Klinik” və “Lanset” klinikalarında cərrah kimi çalışıb. O, sadəlövh pasientlər hesabına pul qazanırdı. İstintaqın materiallarına görə, azərbasycanlı böyük ustalıqla tibb təhsili barəsində sənədləri saxtalaşdırıb və hətta cərrah sertifikatının müddətini leqal şəkildə uzadıb”.
Qeyd edək ki, tibb elmləri doktoru, “Rusiya plastik cərrahiyəsinin kral”ı adlandırılan Məmmədov 1996-cı ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib və sonradan Moskvaya köçüb. O, rekonstruktiv plastika və mikocərrahiyyə sahəsində 40-a qədər elmi əsər yazıb.
“Komsomolskaya Pravda” qəzetinin məlumatına görə, işi aparan müstəntiq Sergey Komaşko avtomobil qəzasında həlak olduğu üçün hazırda Moskva Prokurorluğu Cənub dairəsi üzrə istintaq komitəsinin işini xüsusi işlər üzrə müstəntiq Harri Oqanesyan aparır.
“Fırıldaqçılıq”da ittiham olunan Elçin Məmmədovun hazırda Azərbaycanda yaşadığı güman olunur.
Vüqar İsmayılov