Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsi 8 yaşlı internat uşağı Nahid Cavadovun döyülmə iddiası ilə bağlı araşdırmanı yekunlaşdırır.
“Hazırda Nahid Cavadovun fiziki və psixoloji vəziyyətində hər hansı bir problem yoxdur”. Bunu Modern.az saytının sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.
Məlumatda o da qeyd olunur ki, Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsi tərəfindən aparılan araşdırma yekunlaşır.
“Bununla yanaşı, hazırda yay tətili dövrü olduğu üçün internat məktəbində çalışan bütün işçilər, o cümlədən əlavə araşdırma aparılması ilə bağlı müvəqqəti olaraq işdən kənarlaşdırılmış 5 müəllim əmək məzuniyyətindədir”.
Qeyd edək ki, bir müddət əvvəl kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbinin II sinif şagirdi, 2006-cı il təvəllüdlü Cavadov Nahid Zaur oğlunun məktəbin direktoru Afaqət Əsgərova tərəfindən döyülməsi və xəsarət alması barədə məlumatlar yayılıb. İctimai rezonans doğuran həmin informasiyada göstərilən xüsusatlar üzrə Təhsil Nazirliyi, polis və prokurorluq orqanlarında müvafiq araşdırmalar aparılır.
Gülşən RAUFQIZI