“Oqtay Şirəliyevə üz tutub deyirəm ki, uşaq-ana ölümlərinə son qoyulsun!”. Bunu Modern.az-a açıqlamasında “Şərq qəzeti”nin baş redaktoru Akif Aşırlı deyib.
Qeyd edək ki, iyulun 13-də Qazax rayon xəstəxanasında doğum evində doğuş zamanı həyatını itirən Daşsalahlı kənd sakini Şəhla Abdullayeva Akif Aşırlının dayısı nəvəsidir.
Gənc ananın ölümdən təsirlənən A.Aşırlı Səhiyyə Nazirliyini qınayıb.
“Nazirlik yalan açıqlamalarla həmişə cəmiyyəti aldadır. Nə vaxta qədər cəmiyyət bu saxta məlumatlara göz yumacaq!? Nə vaxta qədər insanların taleyi ilə oynayacaqlar? Nazirliyin mətbuat katibi Anar Qədirli açıqlama verib ki, qadın qanaxmadan ölüb. Yaxşı, əgər qanaxma olubsa, niyə bunun qarşı alınmayıb, tədbir görülmüyüb? 20 yaşlı gəncin heç bir xəstəliyi yox idi. Doğuşdan 2 saat sonra ölüb, amma o məqamda yaxınları ilə söhbət edib. Həkimlər isə vəziyyətinin yaxşı olduğunu deyib, məsuliyyətsizlikləri ucbatından qanaxmanın olduğunu bilməyiblər. Niyə bunun qarşısı alınmadı? Niyə ona tədbir görülmədi?..”,
A. Aşırlı həkimlərin savadsızlığından və məsuliyyətsizliyindən şikayətlənib. “Həkimlər akkreditasiyadan keçirilmir. Savadsız kadrlar bu qədər can alırlar. Onlar niyə cəzalandırılmır? Heç bir xəstəliyin daşıyıcısı olmayan 20 yaşlı gənc ana ilk doğuşunda onların məsuliyyətsizliyin qurbanı oldu. Təqsirkarlar cəzasını mütləq almalıdır!”.
Məltəm Talıbzadə